!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onda gördüm ki, hökümət yoxdur, …”

!Reklam – Yazi

sabirrustemxanli1Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edirik:

– Sabir bəy, nə yazırsınız? Stolunuzun üstündə kağızlar var.

– Bunlar işlə bağlı qeydlərimdir. Amma Altayla bağlı balaca bir kitabça yazmaq istəyirəm. Əslində, yol qeydləridir, amma yazdıqca böyüyür. Düşünürəm ki, Altayı Azərbaycanda tanımırlar və tanınmasına ehtiyac var. Bir romanım da işıq üzü görüb, elə o da stolumun üstündədir. “Şair və şər”. Məhəmməd Hadi haqqında romandır.

Tənzilə xanım müsahibəsində bu barədə danışmışdı.

– Hə, Tənzilə xanım o kitaba xeyli vaxtdır başlayıb, hələ oxuyub bitirə bilməyib. (gülür)

– Axırıncı hansı əsəriniz çıxıb ki?

– “Difai fədailəri” romanım axırıncıdır, ondan sonra bir şeir kitabım çap olundu. Hal-hazırda bir nəsr əsəri üzərində işləyirəm, bilmirəm, sonu necə olacaq. Fikrimcə, çox müasir bir mövzudur.

– Maraqlıdır, bu qədər yazırsınız, yorulmursunuz?

– Yox, əksinə, mən yazanda yorğunluğum canımdan çıxır.

– Belə çıxır ki, dincəlmək üçün yazırsınız…

– Hə, stressi atmaq üçün yazıram. Mən cavanlığımdan işləməyə başlamışam və hətta ən yorğun vaxtlarımda yaradıcılıqla məşğul olanda bir dinclik tapmışam.

– Sabir bəy, necə düşünürsünüz, milli azadlıq hərəkatı zamanı qəhrəman olmaq çətin idi, yoxsa indi?

– Qəhrəman olmaq bütün dövrlər üçün çətindir. Dediyin hər iki dövrün fərqli cəhətləri var. Milli azadlıq hərəkatında mən ağ kəfəni boynuma geyinmişəm. İlk mərhələsi son dərəcədə çətin idi. Amma sonra görəndə ki, hakimiyyət başçılarının özləri bizə möhtacdırlar, Moskva qarşısında acizdirlər, o zaman qorxu hissi də keçib getdi. Onda gördüm ki, hökümət yoxdur, əslində hökumət meydandır. O zamanlar mübarizənin bir romantik tərəfi vardı ki, sən bütöv bir xalqla birgə idin.

– Bəs indi?

– İndi vəziyyət bir az mürəkkəbdir. Bir şair kimi xalqın belə bölünməyi mənim üçün ağırdır. Yəni bölünmüşlərin birinin qurbanı olmaq, onun hədəfinə çevrilmək mənim üçün çətindir. Belə bölünmüş bir şəraitində qəhrəman olmaq çox çətindir. Ya iqtidarın, ya da müxalifətin qəhrəmanı olursan. Mən isə tərəfin qəhrəmanı yox, sözümlə millətin qəhrəmanı olmaq istəyirəm.

– Belə başa düşdüm ki, meydan hərəkatı sizin ömrünüzün kulminasiyası oldu. Ondan sonra daha Koroğlu demişkən, qəhrəmanlıq dövrü bitdi?

– Mən bir dəfə yazmışdım ki, mənim bütün həyatım meydana gələn yoldan ibarət imiş. Meydan mənim qələmlə qazandığım qəhrəmanlıqdır. Bizim meydana gəlişimiz olduqca fərqli idi və mən özümü çox güclü hiss edirdim. Amma bəzən bizim haqqımızda tənqidi fikirlər yazanlar da olur. Hansı ki, onlar 90-cı illərdə doğulmuş insanlardırlar, heç bir şeydən xəbərləri yoxdur. Mənim buraxdığım “Azərbaycan” qəzetini almaq üçün insanlar növbəyə düzülürdülər. Hətta birinci tirajını Qarbaçov oxuduğuna görə Vəzirov qəzeti üzümə çırpmışdı. Mən hesab edirdim ki, bundan sonra bir sayını da çap etməsəm, bu qəzet mənim bütün jurnalistika fəaliyyətimə bəs edər. 1991-ci il 18 oktyabr aktı qəbul olunanda mən düşündüm ki, artıq rahat ölə bilərəm.

– Deyirsiniz ki, müstəqillik əldə olunandan sonra xeyli rahatlaşdım. Axı sizi heç vaxt rahat görməmişik…

– Kəramət, sən özün də yazıçısan. Düzdü, əsərlərini oxumamışam, amma publisist yazılarını tez-tez oxuyuram. Sən bilməlisən ki, yazıçı ömrünün sonuna qədər yaradıcılığı üçün mübarizə aparmalıdır, sonuncu sözə kimi vuruşmalıdır. Bu, hesabat və ya öhdəlik deyil. Düşündüyüm sənin anladığın mənada rahat yaşamaq deyildi.

– Bəs nə idi?

– Bu, ancaq və ancaq yaradıcılığımla məşğul olmaq istəyi, rahatlığı idi.

– Hə… Sonra deputat seçildiniz və mübarizə davam elədi…

– Bəli, yenidən deputat seçildim, ikinci bir mərhələ başladı.

– Maraqlıdır, bu an özünüzü mübarizədə hiss edirsiniz?

– Təbii ki, hiss edirəm. Amma indi mübarizəni meydanlara yox, kağızlara köçürmüşəm.

– Milli Məclisdə neçə ildir deputatsınız?

– Artıq 25 ildir.

– Musa Yaqub və Əkrəm Əylisli də deputat olublar. Amma onlar Milli Məclisdən canlarının qurtarmağına sevinmişdilər. Siz də şairsiniz, yazıçısınız… Bəs Sabir Rüstəmxanlıda elə bir hiss yoxdumu ki, artıq 25 il bəsdir? Canınızı qurtarmaq istəmirsiniz?

– Yox, elə bir hiss qəti yoxdur. Mən parlamentdən canımı qurtarmağı düşünmürəm. Əksinə, canımı cəmiyyətdəki dərdlərdən qurtarmaq istəyirəm. Mən heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm. Amma Əkrəm Əylisli beş illik parlament fəaliyyəti dövründə cəmi iki dəfə çıxış etdi, ikisində də millətin əleyhinə danışdı. Bir dənə də olsun, abırlı-başlı söz demədi. Ola bilsin, ordakı mühit onun təbiətinə uyğun deyilmiş. Axı insanlar müxtəlifdir. Amma mən həmişə özümü parlamentdə çox rahat hiss etmişəm.

– Bəs Musa Yaqub necə, parlamentdə neçə dəfə çıxış eləyib?

– Musa müəllim həmişə sözünü deyib. Amma o parlamentdə İsmayıllı üçün darıxırdı. Milli Məclisdə darıxanlarsa, ora təsadüfən düşənlər, söz deməyə imkanı olmayanlar, fəaliyyəti ancaq düymə basmaqdan ibarət olan düymə deputatlarıdır. Hansı ki, danışdıqları mətni yazdırıb gətirirlər. Ölkə xaricində bir dənə də olsun, söz danışa bilmirlər. Halbuki, mən dünyanın bütün qitələrində Azərbaycanla bağlı öz sözümü demişəm.

– Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ədəbiyyat adamı əgər parlamentdədirsə, deputatdırsa, heç vaxt yaza bilməz. Bəs siz necə yazırsınız?

– Mənə elə gəlir, cəmiyyət insana nə qədər sirli olsa, bir o qədər yaxşıdır. Yəni sirr açılanda çox şeylər adiləşir. Mən kənddə olanda elə bilirdim, Bakıda hər şeyin cavabı var. Amma gəlib gördüm ki, heç də belə deyilmiş. Şairlik duyğudur, şəxsi aləmdir, Allahla, təbitlə, zamanla dialoqdur.

– Yəni…

– Yəni Milli Məclisdə olub-olmamağın şairliyə, yazıçılığa heç bir aidiyyəti yoxdur.

– Əvvəllər parlamentdə şair və yazıılar çox idi. Vaqif Səmədoğlu, Zəlimxan Yaqub…

– Anar, Maqsud İbrahimbəyov…

– Amma deyəsən, indi şairlərdən təkcə siz qalımısınız… Bir də Musa Urud var.
– Aqil Abbas da deputatdır.

– Sizcə, şairin, yazıçının parlamentdə olması necə bir şeydir? Bəlkə düşünürsünüz ki, Milli Məclis şair yeri deyil.

– Hər halda təmsil olunsalar, yaxşıdır. Yadıma gəlir, meydan hərəkatı zamanı bizim bəzi ədəbiyyatçılarımız evlərinin balkonundan aşağı düşməmişdilər. Bax, həmin şair və yazıçılar yazmışdılar ki, şairin yeri stol arxasıdır. Bu çox gülməlidir. Bəlkə də normal bir cəmiyyətdə şair tərki-dünya da ola bilər. Amma “şair masa arxasında oturub evdən çölə çıxmamamlıdır” deyənlər, məncə, cəmiyyətdən qorxan adamlardır. Amma mən hesab edirəm ki, xalq hardadırsa, mən də orda olmalıyam. Cəmiyyətin nəbzini yazıçıdan başqa heç kim tuta bilməz.

– Anar dediniz, yadıma düşdü. Anar müəllimlə gənclikdə dostluq münasibətləriniz olub?

– Anarla münasibətlərimiz sən deyən kimi, dostluq səviyyəsində olmayıb. Amma həmişə qarşılıqlı hörmətimiz olub. İndi də ara-sıra görüşürük. Mənim ayrı çevrəm vardı.

– Hə, sizin “kruq”unuz ayrı idi…

– Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Fərman Kərimzadə, Musa Yaqub, Ramiz Rövşən, Məmməd İsmayıl, Tofiq Hüseyn…

– Bəs Əkrəm Əylisli ilə də gənclik illərindən dost olmamısınız?

– Əkrəmlə də münasibətlərimiz elə Anar kimi olub. Bir yerdə işləmişik. Hətta mən Əkrəmi “Maarif” nəşriyyatında işə qoymuşam, bir gün qalıb qaçıb. Sonra “Yazıçı” nəşriyyatına direktor qoymuşdum. Əkrəm ziddiyyətli adamdır. Bir kənd adamı kimi oturub-duranda elə bilirsən, bundan gözəl insan yoxdur. Amma sonradan elə bir söz deyir, elə hərəkət edir ki, bütün dediklərinin üstündən xətt çəkir. Anar müəyyən bir səviyyədə dayanmağı bacarır. Amma Əkrəm olduqca ziqzaqlıdır. Gah dərənin dibinə düşür, gah da dağın başına qalxır.

– Hər halda Əkrəm Əkrəmdi. Bunu bilməsə Sabir də Sabir olmaz ki… Elə deyil?

– Əkrəmin gözəl işləri çox olub, amma mənim aləmimdə “Daş yuxular”ı ilə bütün bunların üstündən xətt çəkdi.

– Sabir bəy, deyirlər, gənclik illərinizdə çox çılğın olmusunuz…

– Bəli. Dalaşqan, çılğın və sözünü deyən olmuşam. Bilirsən, mənim bəxtim həmişə onda gətirib ki, heç vaxt çəkinməmişəm. Tələbəlik illərindən açıq-aşkar demişkəm ki, bu universitet bizim istədiyimiz kimi deyil. Yazıçılar Qurultayında cavanların adından sözü həmişə mən demişəm. Yadıma gəlir, bir dəfə qurultay zamanı Heydər Əliyev çıxışımı dörd dəfə yarıda saxlayıb fikirlərimi təsdiqlədi. Çılğın idim, amma müəyyən yaşdan sonra artıq çılğınlıq da qalmır. Həmin emosionallıq çıxışlardan, danışıqlardan yazıya keçir.

– Tələbəlik illərində apardığınız mübarizələr, cəsarətli çıxışlarla yanaşı yəqin ki, sevdiyiniz qızlar da çox olub…

– O sevgilər artıq keçib, onlardan danışmaq istəmirəm. Amma düşünürəm, sevgi təkcə gəncliyin məhsulu deyil, insanın yaşadığı bütöv bir ömrdür. Mənə elə gəlir, ilk sevgimə çatsaydım, ömrüm boyu o sevgimlə də yaşayardım. Amma mən kənddən gəlmiş, kasıb bir oğlan olduğum üçün imtina edildim. Bundan sonra sanki özüm özümdən intiqam almağa çalışırdım. Qəribə idi.

– Necə intiqam?

– Bütün gözəl qadınları özümə ram etməklə sübut etməyə çalışırdım ki, kəndçi dediyiniz oğlan görün, nələrə qadirdir.

– Yazıq qız hardan biləydi ki, sevgisinə etiraz etdiyi oğlan gələcəkdə Sabir Rüstəmxanlı olacaq.

– Yox, qız sevirdi, sadəcə, ailəsi razı deyildi. İndi düşünürəm ki, əslində, o ailə doğrusunu edib. O vaxt mənim evlənmək yaşım deyildi və belə olsaydı, həyatım tamamilə başqa cür qurulardı. Çünki mən evlənib kənddə qalmaq istəyirdim. Yaxşı ki, o qızı mənə vermədilər. (gülür)

– Necə düşünürsünüz, şeir yazmaq üçün mütləq sevmək lazımdır?

– Şeir ya sevgidən, ya da qəzəbdən yaranır. Stimul verən çox səbəb ola bilər. Hətta təkcə ayın işığı belə şeir yarada bilər. Amma ilham mənbəyinin zirvəsi, şübhəsiz, qadın sevgisidir.

– Sabir bəy, nə qədər romanlarınız var. Bəzi yerlərdə sizi yazıçı kimi tanıyırlar. Amma Xalq şairisiniz.

– Mən əslində, şairəm. Amma romanlarım da var. Mən romanlarımı oxucudan daha çox özüm üçün yazıram(teleqraf).

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv