!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onun arabası var, arabası… – Münasibət, Faktlar

!Reklam – Yazi

Deputatlarımız hansı markaya üstünlük verirlər?

1396078770_1Məmur övladlarının, habelə idmançıların və incəsənət adamlarının bahalı maşınları ilə bağlı məlumatlar son zamanlar ölkə mətbuatının gündəmində əsas yeri tutur.

Vahid Əhmədov: “Ən çox sevdiyim avtomobil markası “Mercedes”dir. İndiyədək 3-4 maşın dəyişmişəm. Onların da markası “Mersedes” və “Toyota” olub. Hazırda “Mercedes” sürürəm”.

Musa Quliyev:
 “Mən ümumiyyətlə, avtomobil sevmirəm, insanları sevirəm. İstifadə etməyimə baxmayaraq, maşınlara xüsusi marağım yoxdur. İndiyədək 4 maşın dəyişmişəm”.

Hazırda sürüdüyü maşının markasına gəlincə, M.Quliyev onu açıqlamağa ehtiyac duymadığını bildirdi.

Əhməd Vəliyev:
 “Mən məcburiyyət qarşısında qalanda avtomobildən istifadə edirəm. Piyada gəzməyi xoşlayıram, sağlamlıqdır. Əgər maşın yaxşı işləyirsə, niyə dəyişim?”

Hadi Rəcəbli: “Mən avtomobil həvəskarı deyiləm. Hazırda istifadə etdiyim avtomobil dövlət maşınıdır, heç markasını bilmirəm. Oğlanlarım, kürəkənlərim yaxşı maşın həvəskarıdır, özlərinin şəxsi avtomobili də var. Tale elə gətirib ki, 22 yaşımdan mən dövlət maşını idarə etmişəm. 45 ildir dövlət maşınından istifadə edirəm. Ta köhnə “Moskviç”lərin vaxtından, komsomolun birinci katibi olandan xidməti maşınım olub. Buna görə taleyimdən də, dövlətdən də razıyam. Amma onların markasını seçmək, bəyənmək kimi bir xüsusiyyətim olmayıb. Özümün cəmi bir dəfə şəxsi maşınım olub, indi yoxdur. Daha çox salonu geniş olan avtomobillər mənə rahat gəlir. Bir çox saytlar cənub bölgəsində nə olsa, yazırlar  Hadi Rəcəblinindir. Onlar hamısı məni varlı görmək istəyirlər (gülür). Fakt odur ki, mənim varım sizin kimi dostlardır”.

Aqil Abbas: “Arzumdur ki, “QAZ-21” maşınım olsun. Yəqin bir müddətdən sonra onu alacam. İndiyə qədər 4-5 maşın dəyişmişəm, amma bir az yaşlanandan sonra mütləq “QAZ-21” alacam.  Əvvəl istifadə etdiyim avtomobillər “Volqa”, “Jiquli”, “Mercedes” olub. Hazırda “Hunday” sürürəm. Özümdən bir az böyükdür (gülür).

Məlahət İbrahimqızı: “1989-cu ildən 1998-ci ilə qədər baş həkim olduğum dövrdə  “Moskviç” , 1998-ci ildən 2000-ci ilə qədər Ailə, Qadın Komitəsində birinci müavin olduğum zaman  “Volsvagen Polo”, Milli Məclisdə Hesablama komissiyasının sədri olanda “Maxcima” maşınım olub. Hazırda YAP-ın Nəsimi rayon təşkilatının sədri kimi “Toyota” avtomobilindən istifadə edirəm. Bunlar xidməti maşınlar olub, heç vaxt şəxsi maşınım olmayıb. Allaha da min şükür, dövlətə də ki, bəxtim yaxşı gətirib. Həmişə rəhbər vəzifədə çalışdığım üçün xidməti maşınım olub. Onu da göz bəbəyim kimi qoruyub, qədrini bilmişəm.

Ümumiyyətlə, mən maşın haqqında düşünmürəm. Avtomobil mənim üçün gündəlik işlərin rahat görülməsində bir vasitədir. Elə bir əsrdə yaşayırıq ki, avtomobilsiz keçinmək olmur. Maşın mənim üçün şöhrət, üstünlük deyil. Bahalı maşınları heç sevmirəm. Avropa ölkələrində olan zaman, xüsusilə də avtomobil mərkəzi olan Almaniyada şahidi oldum ki, insanlar bizdəki kimi böyük maşınlara üstünlük vermirlər. Hamı rahat, qənaətcil avtomobillərdən istifadə edir. Maşından istifadə etmək özü bir mədəniyyətdir. Bəzən olur ki, kiçik məsafədə böyük maşınlardan istifadə edirlər ki. Bu da tıxaclara səbəb olur. İş yeri ilə ev arasında məsafə heç 500 metr deyil, baxırsan ki, böyük avtomobillərdən istifadə edirlər. Olmasın demirəm. Mən fəxr edirəm ki, vətəndaşlarımızın yaşayış vəziyyəti hər gün daha da yaxşılaşsın. Nəinki şəhərdə, bölgələrdə nə qədər bahalı maşınlar var. Artıq yeni seriyalar çıxıb. Müşahidə aparsanız görərsiniz ki, hər 10 maşından 7-si bahalı, iri həcmlidir. İnsan nə qədər ki, bahalı şeylərdən istifadə edir, borcu da bir o qədər artır. Əgər mən 100 minlik maşın sürürəmsə, Allah, vətəndaşlar qarşısında borcum 100 min dəfə artır. Bu baxımdan bahalı maşın tərəfdarı deyiləm, maşın mənim üçün şöhrət deyil”.

Ziyad Səmədzadə: “Maşınları xoşlamıram. Heç bir markanı da tanımıram. Maşınım yoxdur, heç sürmürəm də”.

Fərəc Quliyev:
 “Ən çox sevdiyim nəqliyyat vasitəsi atdır. Maşınlara xüsusi bir marağım yoxdur. Bir neçə avtomobil dəyişmişəm. Hazırda da avtomobilim var, amma xüsusi bir marka olmasında maraqlı deyiləm”.

YENİCAG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, deputatlar yuxarıda özlərinin də qeyd etdiyi kimi daha çox “Mercedes” markalı avtomobillərə üstünlük verir.

Məsələn, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov alman maşını həvəskarıdır. Deputatın 10 AS 601 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşınını sürücüsü idarə edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də “Mercedes” markalı avtomobilə üstünlük verir. 90 MG 450 dövlət nömrə nişanlı avtomobil BAXCP sədrinin özünə məxsusdur, amma maşını sürücüsü idarə edir.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin maşını da “Mercedes”dir. Deputatın 90 GO 005 nömrəli avtomobilini sürücüsü idarə edir.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyev də “Mercedes”də gəzən deputatlarımızdandır. Ü.Quliyevin maşının nömrəsi də həmkarı Adil Əliyevin maşının nömrəsi ilə eynidir – 10 OJ 005. Sadəcə seriya fərqi var. Onun da avtomobilini sürücüsü idarə edir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun avtomobili də alman malıdır, amma markası fərqlidir – “BMW”. Z.Əsgərovun 10 AA 403 dövlət nömrə nişanlı maşınını sürücüsü idarə edir.

“Mercedes” markalı avtomobil sürən deputatlarımızdan biri də Mirkazım Kazımovdur. Fotoda gördüyünüz 10 AH 934 dövlət nömrə nişanlı avtomobil deputat M.Kazımova məxsusdur.

İqtidaryönlü deputat Fuad Muradovun maşını 10 FM 705 dövlət nömrə nişanlı “Lexus” markalı CİP-dir. Nömrədəki FM seriyası deputatın ad və soyadının baş hərfləridir. F.Muradovun da sürücüsü var.

Qeyd edək ki, bu avtomobillərin qiyməti 80-100 min manat arasında dəyişir.

İlkin Muradov

Foto: Vüsalə Abdullayeva

www.yenicag.az

1422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv