!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orda bir köy var, uzaqda... - Elçibəy ocağından Foto-Reportaj

!Reklam – Yazi

Bu dəfə Kələkiyə gedəndə, Əbülfəz Elçibəyin evimizdəki şəkli qarşısında dayanıb xeyli düşündüm. Deyəsən, uşaq vaxtı hər şey daha sadə, daha maraqlı idi. Uşaqlığından yol gələn hamı kimi mənə doğma olan bir ocağa baş çəkməyə gedirəm. Uşaqlığıma gedirəm, Elçi..yə gedirəm…

Budur artıq bu sadə, amma elə sadəliyi ilə də məhşur evin qarşısındayam. Qapıda üçrəngli bayrağımız dalğalanır. Bu bayraq həmişə eyni yerdə, eyni ucalıqda olub və Bəyin evinə gələn neçə-neçə qonaqları qarşılayıb. (şəkildə gördüyünüz ev bir neçə ildir ki, təmir olunub).

Bizi Sabir dayı salamlayır. O, illərdir ki, Elçibəy ocağının keşiyini çəkir, evin əyər-əskiyinə baxır, kəndə gələn qonaqları bu yurda gətirərək, bəy haqqında məlumat verir. Sabir dayı həmişəki kimi yenə gülümsəyirdi. Məni tanıdığı üçün deyil, Bəyin yaşadığı evi insanlara göstərdiyi üçün hər zaman sevincli, fərəhlidir. Hiss edirəm ki, ondan öyrənəcəyimiz çox faktlar var. İntuisiyam məni aldatmadı. Amma söhbətdən öncə Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident olan Əbülfəz Elçibəyin ən sadə, zəhmetkeş insanlara qədər qarşılayıb yola saldığı iş otağını görməyə can atıram.

Desəm ki, insan sanki başqa aləmə düşür, məni romantiklikdə qınayarsızmı? Yox, bu hiss evin ab-havasındandır, divarlara çökmüş sevgidəndir. İçəri daxil olan kimi bizi əsgər geyimi qarşılayır; bəli, Elçibəy əbədiyyətə qovuşana qədər həmişə döyüşə hazır bir əsgər idi…

Daha sonra cins pencəyi ilə ağ ayaqqabıları gözümə dəyir. Mən o ayaqqabıları yaxşı xatırlayıram. Onda lap uşaq idim. Onun gəldiyini eşidən kimi ətrafdakı qonşularımızın hamısı bizə yığışardı. İnsanlar onu sevirdi. Evimizə toplaşan kişilərin uzun-uzadı söhbətləri heç yadımdan çıxmaz. Amma anam mənə o biri otağa keçməyə icazə verməzdi. Qorxurdu ki, birdən səs salıb, maneçilik törədərəm. Mən isə onunla danışmaq, söhbətləşmək istəyirdim. Və bir gün… mən anamın qadağasına baxmayaraq, özümdə güc tapdım və onun yanına qaçıb, balaca əllərimlə əlindən tutub çəkməyə başladım:

“Elçi, gəl çay iç, Elçi, gəl çay iç”. O, mənim gözümdə sanki əzəmətli, vüqarlı bir dağ idi… Və O – həmin ucalıq əyilib üzümdən öpdü, saçlarıma sığal çəkdi. Onun tüklü üzü yaddaşıma böyük bir şəfqət nişanəsi kimi həmişəlik həkk olundu…

… Bəyin nəfəsi duyulan otağa daxil oluram. Darısqallığına fikir verməyin, içindəki əşyaların dəyəri dünyaya dəyər.
Sabir dayıdan Elçibəyin necə bir insan olduğunu soruşanda, üzündə tanış olduğum təbəssümlə bir az susur. Hiss edirəm ki, bəyi anlatmağa söz tapa bilmir. Məhəllədəki söhbətlərindən həsrətlə söz açır. Gənc yaşlarından vətən, millət dərdini özünə qayə etmiş bu insan hər yerdə öz ideyaları uğrunda mübarizə aparırdı. Bu balaca küçədə başlayan mübarizə daha sonra universitet auditoriyalarında, meydanda və nəhayət, siyasi arenada davam etmişdi.

Sabir dayı deyir ki, bəy yaşca bizdən böyük olduğu üçün həmişə nələrsə öyrətməyə çalışar, vətən sevgisi aşılayardı. Danışdıqca səsi titrəyir…

“Bir gün Urnusa (Kələkidən iki kənd yuxarı) ova çıxmışdıq. Günün sonunda hamını təəccübləndirən bir hadisənin şahidi olduq. Bəy uzaqdan bir ov görüb, pusquda dayanmışdı. Heyvan düz gəlib, bəyin qarşısında dayandı. Biz əvvəlcə onun yaralı və ya xəstə olduğunu zənn etdik, amma elə deyildi. Başqa bir ovçu bunu şans hesab edər, dərhal ovunu vurub öldürərdi. Amma bəy ona pənah gətirən, qaçmayan heyvana güllə atmağı özünə sığışdırmadı. Ordan uzaqlaşdıq. Bəy belə insan idi, nəinki vətənə, millətə, insana, heyvana, dilsiz təbiətə də mərhəmətli idi.”

Sabir dayı danışdıqca, mən kitablara, fotoşəkillərə baxıram. Burda belə bir ənənə də var: qonaqların hər biri xatirə olaraq öz ürək sözlərini dəftərə yazır.

Bu kənddə Bəyi kimdən soruşsan, mütləq onunla bağlı xoş bir xatirəsini danışacaq. Siyasətdən və digər bütün məsələlərdən uzaq, Elçibəyi bir insan kimi, bir şəxsiyyət, bir ideoloq, bir ziyalı kimi yaxından tanımaq insanda qəribə bir fərəh hissi yaradır.

Mən atamın üzündə təşvişi və çarəsizliyi ilk dəfə bəyin ölüm günündə görmüşdüm. Növbəti müsahibim də məhz elə atamdır: Kələkinin sayılıb-seçilən insanlarından olan Mirhadı Yusifov…

– Mənim Elçibəylə xatirələrim o qədər çoxdur ki, hamısını danışsam, bir kitaba sığmaz. Elçibəy Kələkidə olanda biz onun mühafizəsini öz üzərimizə götürmüşdük. Bizim əsas qorxumuz İrandan idi, çünki Elçibəyin ən böyük sevdası Cənubi Azərbaycan məsələsi idi. O, hələ Sovet dövründən fars şovinizminə qarşı mübarizəyə başlamışdı. Bəyin ən böyük arzusu Cənubi Azərbaycanla Şimali Azərbaycanın qovuşması idi. Bizə deyirdi ki, mənim qanım da Araz çayına axmalıdır, Təbriz bircə azad olsun, onun ziyarətinə ayaqyalın gedəcəyəm.

Yadımdadır, 1999-cu ilin yayı Mərdəkanda idik. Bizə dedi ki, gəlin dənizin kənarına gedək. Mən, İlqar bəy və Xəlil bəy ( Elçibəyin sürücüsü) onunla birgə getdik. Xəlil bəydən xahiş etdi ki, “Təbrizim” mahnısını qoysun. Ayaqqabılarını çıxarıb, şalvarının balaqlarını azca çırmaladı, suya girdi. Dənizin kənarında bir dirək var idi, kürəyini ona söykəyib dayandı. Fikrə getdi, gözlərindən süzülən yaşı görsəm də, özümü görməməzliyə vurdum. Eləcə uzağa baxır, baxırdı. Mahnı sona çatan kimi, təkrar səsləndirməyi xahiş edirdi. Mən sonralar başa düşdüm ki, bəy onda Bütöv Azərbaycan arzusuna, Təbrizinə çata bilmədiyi üçün təəssüf hissi keçirirdi.”

Aytək Yusifsoy
Yeniçağ.Az

Kələki – Bakı

www.yenicag.az

2088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv