!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Orta əsrlər işgəncəsinə bənzəyir” – Fotolar,Video

!Reklam – Yazi

-Natalie-natalie-portman-38725134-920-518Amerika Kino Akademiyasının 83-cü “Oskar” mükafatlarının verilməsi mərasimində ən yaxşı aktrisa nominasiyasında “Qara qu quşu” filmindəki roluna görə Natali Portman qalib gəlib.

Yenicag.az Qaynar.info-ya istinadən məşhur aktrisanın müsahibəsini təqdim edir:

– “Qara qu quşu”nda oynadığın rolu çoxdan arzu edirdin. Nə üçün?

– Mən uşaq olarkən rəqs edirdim. 12 yaşımacan rəqslə məşğul oldum. Yəqin bu yaşdakı qızlar rəqsi ideallaşdırdıqları kimi, mən də bunun öhdəsindən gəldim. Yalnız rəqs hərəkətləri ilə, sözsüz-filansız öz duyğularını çatdırmaq çox gözəldir. Mən həmişə rəqslə bağlı bir filmdə çəkilməyi arzulamışam. Darren Aronofskinin belə bir film çəkmək ideyası yarananda, bu fürsəti fövtə verə bilməzdim, çünki “Qara qu quşu” yalnız rəqs dünyasını əks etdirmir, həm də çox ziddiyyətli qəhrəmanı var, hətta iki ziddiyyətli qəhrəmanı var. Darren Aronofski kimi rejissorla istənilən işin öhdəsindən gəlmək mümkündür.

– Mila Kunis deyirdi ki, çəkilişlər bitdikdən sonra, pəhrizə ehtiyac qalmadığından, böyük bir burger yeyib aclığını öldürdü. Bəs səndə belə istək vardımı?

– Çəkilişlər bitdikdən sonra səhər, günorta və axşam ancaq spagetti yedim (Gülür.)

– Bu film dəyişilmə haqqındadır, hansısa anlamda çevrilmə də demək mümkündür və sənin qəhrəmanın “Qara qu quşu”nda büsbütün dəyişir. Sən onu necə bu vəziyyətə gətirdin?

– Mən qəhrəmanımın xarakterinin formalaşması mərhələsində tək deyildim, məni dəstəkləyənlər, irəli çəkənlər, formada saxlayanlar müəllimlərim, təlimatçılarım, baletmeysterlərim və əlbəttə filmin rejissoru Darren Aronofski olub. Mən filmin çəkilişlərindən təxminən bir il əvvəl balet müəllimimlə məşqə başladım. Müəllimim Meri Helen Bauers idi. O, altı ay ərzində mənimlə gündə iki saat məşğul oldu, mənə baletin incəliklərini öyrətdi, məni tədricən çətinliklərə alışdırdı ki, özümdə təpər tapım və gələcək məşğələlərdə heç bir zədə almayım. Sonra biz gündə beş saat məşğul olmağa başladıq, buna üzgüçülük də aid idi. Mən hər gün bir mil üzürdüm, özümdə güc toplayırdım və rəqsə başlayırdım.

Baletmeysterlə məşğul olanadək, təxminən iki ayımı Meri Hellenlə birlikdə gün ərzində səkkiz saat məşq etməyə sərf etdim. Bütün bunlar ciddi fiziki intizam tələb edirdi, mən qəhrəmanımın emosional tərəflərini çox yaxından duydum. Belə ciddi fiziki intizama riayət etməklə, istər-istəməz insanın xarakterinə bələd olursan, işə tam hazır vəziyyətdə olmaq üçün bütün gücünü səfərbər edirsən. Mənim qəhrəmanımın həyatı büsbütün fiziki yüklənmədir. Balerinanın həyatında rəngarənglik yoxdur: heç nə içmir, dostlarıyla heç bir yerə getmir, başqa adamların qidalandıqları yeməklərdən yemir. Onun bədəni hədsiz ağrılar yaşadan işgəncəyə məruz qalır: ayaq barmaqları, əlləri… və sən balet rəqqaslarının fədakarlığını, özünü qurban verməsini dərk edirsən.

– Xoreoqrafiyadan sizinlə kim məşğul olub?

– Xoreoqrafiya iki hissəyə bölünmüşdü – birisi ağ qu quşu, digəri isə qara qu quşu üçün. Mənim çox gözəl xoreoqrafım vardı – Corcina Parkinson. Çox təəssüf edirəm ki, o, çəkilişlər başlamazdan iki həftə əvvəl öldü. O, Odetta və Odilliyanı ifa etmək üçün təlimatlar verirdi və bu rəqsin bütün xırdalıqlarını mənə öyrədirdi – gözlərin hərəkəti, barmaq uclarında hərəkət, bütün aktyor xüsusiyyətlərinin məğzini başa salırdı, filmin baş qəhrəmanını digərlərindən fərqləndirən ən kiçicik jestlərini belə gözdən qaçırmırdı.

– Sənin qəhrəmanın olan Ninanın anası Erika rolunu oynayan Barbara Herşi ilə münasibətləriniz necə yarandı?

– Darren Aronofski çox gözəl bir ideya verdi. O, Barbaraya təklif etdi ki, qəhrəmanın diliylə mənə məktub yazsın. Meydançada çəkilişlərin əvvəlində Aronofski bu məktubları mənə gətirirdi, həmin günlər Barbara ilə çox qəliz səhnələrdə çəkilirdik, bu məktubların sayəsində öz anamı hiss edirdim. Barbara mənə çox gözəl məktublar yazırdı, bununla ana və qızının hekayəsi, bağlantıları, qarşılıqlı sevgiləri, əsasən də Erikanın qızına olan sevgisi mənə çatırdı. Bu, çox gözəl ideya idi. Darren Aronofski çox ağıllı rejissordur.

– Natali, sən bir zamanlar psixologiyadan dərs almısan. Ninaya necə diaqnoz qoyardın?

– Bu film Harvardda öyrəndiklərimi təcrübədən keçirmək üçün yaxşı fürsət oldu (gülür), bu isə nadir hallarda olur. Şübhəsiz, Ninanın manyakal nevrozu vardı. Balet də bu nevroza meyllənir, bu isə xəstəliyin rituallığı ilə əlaqədardır, məsələn, hər gün balet ayaqqabılarının bağlanması, hər səhnə üçün yeni ayaqqabıların hazırlanması. Bu proses demək olar ki, dini ritual xarakter daşıyır, katoliklər tərəfindən təsbeh yığılmasına və tanrıyabənzər insanın – baletmeysterin, səhnə rejissorunun onların dünyasında olmamasına bənzəyir. Bütün bunlar baleti mütləq sədaqət və dini rituallıq tələb edən bir incəsənət kimi xarakterizə edir və aktyorlar da öz həyatları ilə bunun arasında ümumi cəhətlər tapa bilərlər. Filmdəki rol üzərində işləyərkən, sən bütünlüklə rejissorun sərəncamına keçirsən, sən olan-qalan bütün istedadını ona verirsən və bununla da rejissorun xəyallarını gerçəkləşdirirsən. Bir sözlə, peşəkar psixoloq kimi Ninaya diaqnozum (gülür) belədir – dini, zəhlə tökən, manyakal sədaqət.

– Necə düşünürsən, sənin qəhrəmanın milliyyətcə rusdur?

– Bilmirəm, məncə ona görə Nina adını verdilər ki, mənası “balaca qız”dır.

– Natali, sənin qəhrəmanın kamilliyə çatmaq üçün ağır sınaqlardan keçir, biz də səni bütünlüklə özünü rola həsr edən aktrisa kimi tanıyırıq. Sən obraza necə daxil olub, çıxırsan və işə başlayıb, düzgün istiqamətdə hərəkət edirsən?

– Mən səhnə bitdikdən sonra obrazdan çıxıb, özümə qayıdıram. Mən o aktrisalardan deyiləm ki, bütün çəkiliş boyunca oynadıqları obrazın təsiri altında olurlar. Əlbəttə, bu, müəyyən nizam-intizam tələb edən məsələdir. Ələxsus da bu rolu oynayan aktrisanın çəkiliş prosesində obrazda qalması əvvəlki filmlərlə müqayisədə çətindir. Belə götürəndə isə, öz şəxsi dünyama qayıtmağı üstün tuturam. Tarazlığa gəldikdə isə, mən daha çox sözəbaxan insanam, nəinki perfeksionist (hər şeydə ideallıq, mükəmməllik axtaran – red.). Mən nizam-intizamı sevirəm və zərurət olduqda tabe ola bilərəm. Film çəkilişləri zamanı Darren Aronofski ilə mənim aramda olan telepatik əlaqəni yəqin bununla izah etmək olar. O, mənim kimi işə fokuslanmışdı və çox məsuliyyətlə yanaşırdı. Yox, mən kamilliyə çatmağı qarşıma məqsəd qoymamışam, sadəcə əlahəzrət nizam-intizama tabeyəm. (Gülür.) Mən belə düşünürəm ki, işdən maksimal fayda əldə edilməlidir, amma bununla belə, əməkdaşlıq etdiyin insanlarla çox mülayim davranmalısan, onlara zərər verməməlisən. Qarşıya qoyulmuş məsələyə fokuslaşmaq, iş prosesinin gündəlik məqsədidir.

– Filmin üzərində işləyərkən, sən yastıdaban tuflilər geyinirdin. Hündürdaban ayaqqabıya qayıdış necədir?

– (Xeyli müddət məmnunluqla gülür.) Mən ümumiyyətlə, yastıdaban ayaqqabıları sevirəm. Bir daha puant (balerinanın oynarkən baş barmağı üstə durması üçün balet ayaqqabısı) geyməyəcəyimə sevinirəm. Puantlar – işgəncə alətidir, ancaq balerinalar məndən fərqli olaraq buna öyrəncəlidir. Bu, yeni iş təcrübəsinə alışmaq baxımından maraqlı oldu, ancaq puantların baletlə məşğul olmayanlara yaşatdığı hisslər, orta əsrlər işgəncəsinə bənzəyir.

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv