!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəblər pullu olacaq? - Konstitusiyaya zidd təklif ölkəni qarışdırdı

!Reklam – Yazi

Bakıda orta məktəblər pullu olacaq. Bu barədə məlumatı mətbuata Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva verib. Onun sözlərinə görə, bu haqda təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub.

“Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir”.

Təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açqılamasında bildirdi ki, orta məktəblərin pullu olması fikirləri doğru yanaşma deyil, çünki bu, ölkə Konstitusiyasına ziddir. O, həmçinin qeyd etdi ki, Bakıdakı orta məktəblərin ödənişli olacağı ilə bağlı səslənən fikirlər məsələnin mahiyyətinə yanlış yanaşmadan irəli gəlib:

“İlk növbədə qeyd edim ki, Azərbaycanda 2016-cı ildən etibarən bir sıra təhsil müəssisələri və dövlət orqanlarının publik hüquqi şəxsə keçməsi mexanizmi tətbiq olunub. Məsələ ondan ibarətdir ki, həmin müəssisələrə böyük vəsaitlər xərcləmək dövlət büdcəsi üçün ağırdır. Ona görə də həmin müəssisələr özünümaliyyələşmə xidmətinə keçə bilərlər. Çünki onların xidmət göstərmək imkanları var. Məhz bu cür praktika dünya ölkələrinin orta məktəblərində geniş tətbiq edilir. Amma bu, heç də o demək deyil ki, Azərbaycanda fəaliyyət göstərən orta təhsil müəssisələri ödənişli olacaq.

Bu, yanlış bir yanaşma tərzidir. Çünki 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyası və 2009-cu ildə qəbul edilən Təhsil Haqqında Qanunun müddəalarına görə dövlət icbari pulsuz təhsil verməkdə borcludur. Yəni dövlət bununla bağlı öhdəlik götürüb. Konstitusiya da ən yüksək hüquqi qüvvəyə malikdir. Burada da göstərilir ki, dövlət pulsuz təhsili təmin edir. Hazırda ölkədə 4500-dən çox orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Bakıda isə onların sayı 310-dan çoxdur. Onların gündəlik ehtiyacları, təmir-tikinti xərclərinin ödənilməsi üçün hər il dövlət büdcəsindən 2 milyard manatdan çox pul ayrılır. Bu da kifayət qədər ciddi rəqəmdir. Lakin bəzi məktəblər təəssüf olsun ki, gəlir əldə etmir. Əslində, gəlir əldə edirlər, ancaq məktəb direktorları…

Kamran Əsədov

Onlar bir sıra hallarda qeyri-qanuni yollarla vəsait mənimsəyirlər. Halbuki, 2011-ci ildə Nazirlər Kabinetində məktəblərin gəlir əldə etməsilə bağlı göstəriş verilib. Təəssüf ki, məktəbləri idarə edə bilməyən direktorlar rəsmi yolu qoyub, qeyri-qanuni yollarla özlərinə böyük məbləğdə vəsait toplamaqla məşğuldurlar. Bu gün məktəb binalarından dərsdən sonra düzgün istifadə olunmur. Yaxud da məktəb rəhbərliyi kollektivdən məktəbin inkişafı üçün düzgün istifadə edə bilmir. Məktəblərdə rəqs, şahmat dərsləri, bu və ya digər fənlər üzrə hazırlıq kursları fəaliyyət göstərə bilər. Hazırda təkcə Bakı şəhərində 700-dən çox hazırlıq mərkəzləri, 10 mindən çox da repetitor müəllim var. Onlar da göstərdikləri xidmətə görə həm xərclərini ödəyir, həm də gəlir əldə edirlər. Məktəblər də təhsillə bağlı xidmətlər göstərməlidir.

Burada qrant layihələri və treninqlərdə iştirakdan söhbət gedir. Bu, heç də o demək deyil ki, ölkənin orta məktəblərində oxuyan 1,6 milyon şagird bundan sonra məktəbə getmək üçün vəsait ödəməli olacaq. Söhbət bundan getmir. Burada söhbət məktəblərin xidmət göstərməsindən gedir. Məsələn, məktəblərin idman zalları var, amma istifadə olunmur. Dərsdən sonrakı müddət ərzində məktəbin futbol, voleybol meydançası ödənişli olaraq vətəndaşların istifadəsinə verilə bilər.

Həmçinin, müəyyən ixtira və layihələrdə də məktəb iştirak etməlidir. Kurslar yaratmalı və ora kənardan müraciət edən şagirdləri cəlb etməklə məktəb büdcəsinə yaxşı pul qazanmaq olar. Çünki 2 ildən sonra məktəblər göstərdikləri xidmətə görə maliyyələşəcək. Bu, heç də bəzilərinin düşündüyü kimi orta təhsilin pullu olması demək deyil. Heç bir halda orta məktəbdə ödənişli təhsil olmayacaq. Sadəcə olaraq, məktəblər dərsdən sonra hazırlıq kursları, məşğələlər təşkil etməklə gəlir qazana biləcək. Bu da artıq məktəbin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Nəticədə, məktəb yüksək xidmət göstərməklə həm də müəllimlərin gəlirlərinin artmasına xidmət etmiş olacaq. Deməli, müəllimlər keyfiyyətli təhsil verməkdə maraqlı olacaq.

Bu il 70 min gənc ali məktəbə qəbul üçün sənəd vermişdi. Onların da 70-80 faizi repetitor yanına gedir və ay ərzində minimum 250-300 manat pul ödəyirlər. Lakin nəticə etibarı ilə kursa gedənlərin 50 faizi keçid balını toplaya bilmir. Keçid balını toplayanların da cəmi 80 faizi qəbul olur. Yəni valideynlər onsuz da pul ödəyirlər, amma burada söhbət aşağı keyfiyyətin olmasından gedir. Bu yeni mexanizm məktəblərdə düzgün tətbiq edilərsə, təhsilin inkişafı da sürətlənəcək”.

Milli Məclisin deputatı Fazil Mustafa da qeyd etdi ki, orta məktəblərin pullu olması indiki halda mümkün deyil:

“Çünki Konstitusiyaya ziddir. Orta məktəblərdə təhsil pulsuzdur və bütün vətəndaşlar üçün əlçatan olmalıdır. Ona görə də burada pullu təhsilin olmasından danışmaq düzgün deyil. Ümumiyyətlə, təhsillə bağlı belə bir ifadənin işlədilməsi Konstitusiyamıza uyğun deyil.

Konstitusiyada birbaşa olaraq, təhsilin pulsuz olduğu göstərilb. Orta təhsilin pullu olacağı fikrini ancaq referendum keçirib, Konstitusiyada dəyişiklik edildiyi halda söylənilə bilər. İndiki vəziyyətdə ən doğru yol dövlətin özəl təhsil müəssisələrinə dəstək verməsi və vətəndaşlar üçün alternativ təhsil imkanlarının yaradılmasıdır. Bu olmadıqda pullu təhsillə bağlı tezislərin səslənməsi doğru deyil”.

ELÇİN

www.yenicag.az

3999
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv