!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ortada uğur olmayanda mətbuatdan qaçarlar…

!Reklam – Yazi

unnamed-1Gənc həmkarlarımızdan biri – Xeberler.az saytının müxbiri Məltəm Talıbzadə bir neçə gün öncə bir status paylaşmışdı. Mənim də diqqətimi çəkən statusda, əslində, çox ciddi bir problemə toxunulurdu. Məltəm Bakutel sərgisinə gedib, oradakı bəzi iştirakçıların fikirlərini öyrənmək istəyib ki, reportaj hazırlasın. Amma başına elə bir iş gəlib ki, bu gənc jurnalist anlamaqda çətinlik çəkməklə bərabər olaya başqalarının da diqqətini cəlb etmək qərarına gəlib. Təbii ki, mən də daxil olmaqla bir sıra şəxslər onun yazdığına biganə qalmayıb.

Mənim məsələyə belə həssas yanaşmağım sadəcə biganə olmamağımdan irəli gəlmir. Mən həm də bu cür problemin yalnız Məltəmin qarşısına çıxmadığını, ümumiyyətlə Azərbaycanda son zamanlar geniş yayıldığını müşahidə etməkdəyəm.

Nədir problem? Öncə Məltəmin yazdığını oxuyaq: “Deməli, bu il Bakutel-də bəzi şirkət və qurumlar ilk dəfə iştirak edir. Onlardan bəziləri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibindəki qurumlardır. Azərpoçt ilk dəfə iştirak edir. Yüksək Texnologiyalar Parkı da öz layihələri – startapları ilə təmsil olunur. Bu il YTP ilk dəfə belə geniş formatda sərgiyə qatılıb.

Dünən yaxınlaşıb Azərpoçt-dan ilk dəfə iştirak etdiklərinə görə qısa məlumat almaq istəyirəm, deyir, gözləyin, nazirliklə danışaq, sonra sizə məlumat verərik. Xülasə, zəng etdilər nazirliyin mətbuat xidmətinə, ordan tapşırıq verildi ki, bu gün yox. Sonra YTP-a yaxınlaşıram ki, siz məlumat verin. Onlar da kimlərəsə zəng etdi, baxdım söhbət uzanır və nəticə olmayacaq, işimizlə məşğul olduq.

Mənə maraqlıdır, indi o stendə yaxınlaşan hər kəsə deyilir ki, gözləyin, nazirliklə dəqiqləşdirək, sonra? Onda nə məcburdur ki, sərgidə təmsil olunursuz? Məncə, hələ bu sahədə öyrənəcəyimiz çox şey var, artıq göstəri heç kimə lazım deyil”.

Yəqin oxuduqdan sonra siz də heyrət etdiniz, deyilmi? Mənsə sadəcə heyrət etmədim, gözlərim kəlləmə çıxdı. Bu nə təfəkkür, bu nə yanaşmadır belə?

Sərgi nə üçün olur? Əlbəttə ki, mal və məhsulları, xidmətləri tanıtmaq üçün. Bunu isə ən yaxşı necə etmək olar? Təbii ki, medianın vasitəsilə. İndi bu halda jurnalist adını çəkdiyi qurumların təmsilçilərinə yanaşır, sual verir, onlara şərait yaradır ki, qurumları haqqında danışsınlar, tanıtsınlar. Bu adamlarsa deyir ki, gözləyin, nazirlikdən icazə alaq, sonra. Bu nə təfəkkürdür, bu nə yanaşmadır? Belə işmi qurular? Doğrudanmı bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi belə idarə olunur? Doğrudanmı qurumların özlərini tanıtmaqdan ötrü qatıldıqları sərgidə danışıb reklam olunması üçün nazirlikdən icazə alınmalıdır? Alınmalıdırsa, niyə? Səbəb nədir? Yəni bu adamlar danışsalar, nə deyəcəkdilər? Ümumiyyətlə, niyə nazirlik belə bir yanaşma tətbiq etməklə yeni texnologiyaların ruhuna zidd davranır?

Demək ki, nəsə, kimsə yerində deyil. Bu qurumun keçmiş rəhbərliyilə bağlı ortalıqda olan xəbərləri kənara qoyub sadəcə bir fakta diqqət çəkmək istərdim: Əli Abbasovun dövründə nazirlik ictimaiyyətə daha açıq idi. Qurumun mətbuatla əlaqələrini Müşfiq Əmirov idarə edirdi. Özü də çox yaxşı bacarırdı işini. Amma indi RYTN-in mətbuatla əlaqələrini kimin idarə etdiyini mən belə bilmirəm. Ümumiyyətlə, qurum çox özünə qapanıb, ictimai əlaqələri hədsiz dərəcədə zəifləyib. Neçə müddət idi ki, bunun səbəbi üzərində baş sındırırdım. İndi bu sərgi əhvalatıyla işin əsli-astarı aşkar olundu. Demək ki, RYTN ictimai əlaqələrdən qaçır. Olarmı belə şey? Olmaz təbii. Bu qurumun yenidən ictimaiyyətə açılması lazımdır. Biz vətəndaş olaraq bilməliyik ki, orada nə baş verir, hansı proseslər gedir və sabah üçün nə gözləyə bilərik.

Bu arada özəl olaraq vurğulamaq istərdim ki, yazım heç də əvvəlki rəhbərliyə dolayısıyla rəğbət ifadə etməyə köklənməyib. Onların törətdiyi əməllər haqqında eşidəndə indikindən qat-qat artıq dəhşətə düşmüşdüm.

Əlavə olaraq onu da bildirim ki, təkcə bu nazirlik deyil, ümumiyyətlə bir sıra dövlət qurumlarında ictimai əlaqələr məsələsində geriləmə müşahidə edilir. Mətbuatdan qaçırlar, jurnalistlərin zənglərinə cavab vermirlər, informasiya almaq istəyənləri get-gələ salırlar.

Niyə geri gedirik, səbəbi nədir? Məncə, ortada uğur yoxdur. Bəli, bir sıra nazirliklərin yeni rəhbərləri cənab Prezidentin onlara göstərdiyi etimadı doğrulda bilmədiklərinin fərqindədirlər. Ona görə də qapıları ictimaiyyətin üzünə qapatmaq yolunu seçiblər. Amma bunlar unudur ki, güzgünü sındırmaqla iş həll edilmir. İnsanları bir ay, beş ay, uzağı bir il aldada bilərsiniz. Günün birində mütləq hesabat verməli olacaqsınız və onda deməyə söz tapmayanda yəqin ki, yerinizi başqasına təhvil vermək ən doğru çıxış yolu olacaq.

Yeri gəlmişkən, RYTN bu yanaşmasıyla meydanda tək deyil…

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv