!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orxan Camal: “İsrailin ABŞ-dakı maraqlarını yəhudi lobbisi yox, anqlosaksların özləri təmin edirlər”

!Reklam – Yazi

Yeniçağ.Ru-nun suallarını Rusiyanın tanınmış politoloqu Orxan Camal cavablandırır.

– Hazırda dünya gündəmində İranın Yaxın Şərq siyasətini durdurmaq istiqamətində İsrail, Rusiya və Türkiyə ilə fəal danışıqlar aparan ABŞ-ın yeni administrasiyasının antiiran ritorikası müşahidə olunmaqdadır. Bu tendensiyanı necə qiymətləndirirsiniz və bunun hansı nəticələri ola bilər?

– Adətən, ABŞ prezidenti ölkənin siyasi elitasını təmsil edir. Tramp – Amerika elitasının klassik nümayəndəsidir. O, təpədən-dırnağa isteblişmentdir, ancaq ABŞ-a xas “redneck” – “qırmızıboyun” tərzində ştamplarla, klişelərlə danışır. Onlar Amerikanın birmərtəbəli evlərində yaşayan, protestant zolağa aid sadə adamlardır və dini səbəblərdən İsrailin ciddi dəstəyinə malikdirlər.

Bəzən çoxlarına belə gəlir ki, yəhudi lobbisi ABŞ-a gələrək İsrailin maraqlarını qoruyan yəhudilərdən ibarətdir. Ancaq belə deyil. İsrail ABŞ-da yəhudilər yox, protestantlar, anqlosakslar, respublikaçılar, populyar telemüjdəçilər tərəfindən dəstəklənir. Bu çevrədə yaradılan “İsrail rifah, İran isə şərdir” mifi çox geniş yayılıb. Tramp məhz bu “qırmızıboyunlar”ın sayəsində qalib gəldi və tezliklə də Obamanın beynəlxalq siyasətdə nail olduğu yeganə uğura – sanksiyaların ləğvi qarşılığında nüvə silahından imtina haqqında müqavilənin üstünə düşdü.
Tramp öz seçicilərinə adət etdikləri İsrailyönlü kurs – yəni ABŞ-ın siyasətində daim müşahidə olunan İsrailin dəstəklənməsi və onun düşmənlərinin məhvi kursunu təklif etdi. Buna görə də o, Obamanın İranla əldə etdiyi razılaşmanı hədəfə alıb və bu məsələdə İsrail lobbiçiləri onu gerçəkdən dəstəkləyirlər.

Məsələnin digər tərəfi çoxillik sanksiyalar altında sıxılan İranın özüdür. Ölkədəki iqtisadi vəziyyət əhalinin müəyyən hissəsinin narazılığına səbəb oldu və hakimiyyət rotasiyası baş verdi. Yeni hakimiyyət isə iqtisadi rifah naminə Əhmədinejatın bəzi istəklərindən imtina etdi.

Yəni biz artıq görürük ki, İran rifah xatirinə özünün ilkin mövqeyini xeyli dəyişib. Lakin indi onlara izah etdilər ki, ABŞ-la hər hansı yekun razılaşmalar işləməyəcək. “İnqilabçı” Obama gedən kimi hər şey əvvəlki vəziyyətinə qayıtdı.
İrana və onunla birlikdə Rusiya, Əsəd Suriyası, qismən Livanın təmsil olunduğu bloka gəldikdə isə burada müəyyən nüanslar var. Suriyada qeyri-müəyyənlik davam etdiyi üçün İranın Rusiya ilə daha dərin inteqrasiya etməsində çətinliklər mövcuddur. Rusiya Suriyada münaqişənin dondurulmasının və bu ölkənin nüfuz zonalarına bölünməsinin tərəfdarı olduğu halda, İran müharibənin son qələbəyə qədər davam etdirilməsini istəyir.

Bir vaxtlar Rusiya İranı neft istehsalını artırmaqdan imtinaya çağırsa da, Tehran mövcud münasibətlərə baxmayaraq, Moskvaya “yox” dedi və bununla da rusiyalı tərəfdaşlarını “sancdı”.

– İran əleyhinə yaranmış belə bir geopolitik konfiqurasiyada Azərbaycanın mövqeyi necədir?

– Azərbaycan İranla bağlı siyasətdə kifayət qədər mühüm amildir. Birincisi, İranla qonşudur. İkincisi, İran əhalisinin əhəmiyyətli hissəsini etnik azərbaycanlılar təşkil edir. Azərbaycan İrana münasibətdə özünü heç də hər zaman “ağıllı” aparmayıb. Vaxt vardı ki, Bakıda “İndi Cənubi Azərbaycanı geri alacağıq” kimi bəyanatlar verilirdi.
Bir-birinin qonşuluğunda yerləşən bu iki şiə ölkəsi reallıqda qardaş dövlətlər deyil və aralarında müəyyən ziddiyyətlər var. Digər tərəfdən, Elçibəy dönəmində ortaya çıxan anlaşılmazlıqlardan başqa, həm də İranın Ermənistanı dəstəkləməsi amili mövcuddur. Ona görə də, qarşılıqlı münasibətlərdə həll edilməmiş xeyli məsələ qaldığından, Azərbaycanın İranla dost, qardaş olacağını ehtimal etmək üçün əsas yoxdur.

– Uğursuz çevriliş cəhdindən sonra Türkiyə özünün Suriya siyasətini dəyişərək, Rusiya və İranla ortaq nöqtələr tapdı. Tramp administrasiyasının anti-İran kursunda Türkiyənin mövqeyini və siyasətini necə görürsünüz?

– İndi Moskvada Türkiyəni İranla münaqişədə olan dövlət kimi təsəvvür etməyi çox sevirlər və deyirlər ki, Ankara ilə Tehranın münasibətləri kəskindir. Əslində isə Türkiyənin İranla münasibətləri uzun müddət heç də pis olmayıb. Həm də bu münasibətlərin yaxşılığı qətiyyən formal xarakter daşımırdı – söhbət sanksiyaların gücləndirildiyi dövrdə gizli əməkdaşlıqdan gedir.

İranın vəziyyəti pisləşəndə onun neftinin satışı ilə məşğul olan kommersiya strukturları məhz Türkiyə ərazisində fəaliyyət göstərirdilər və müftə işləməsələr də bu yolla İrana dəstək olurdular. O baxımdan, Türkiyənin İranla fundamental konfliktinin olduğunu söyləmək doğru deyil.

Bu iki ölkə arasında problemlər Suriya müharibəsinin əvvəlində üzə çıxdı. Səbəbi isə İranın Bəşər Əsəd rejimini hakimiyyətdə saxlamaq, Türkiyənin isə onu devirmək kursu götürmələri idi. Hətta aralarında belə kəskin ziddiyyətlərin olduğu şəraitdə də Türkiyə ilə İran arasında bir çox sahələrdə əməkdaşlıq davam etdirilir. Yəni demək olmaz ki, Suriyaya görə İranla Türkiyə arasında münaqişə yaranıb.

Son dövrlərdə, yəni Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşması İranda müəyyən qısqanclıq doğurub. Ona görə ki, hazırda Rusiya özünü Suriyada əsas qalib və Əsədin müdafiəçisi kimi göstərir. Türkiyə isə bu məsələdə Rusiyanın əsas dəstəkçisi qismində çıxış edir – çünki Türkiyə olmasa, orada Rusiyanın işləri belə rəvan getməzdi. İran Suriya müharibəsinə lap əvvəldən qoşularaq, “qara və qanlı işlər”i görməsinə, böyük itkilər verməsinə baxmayaraq, indiki vəziyyətdə Tehran üçüncü yerə çəkilib. Yəni İran Əsəd rejiminin dəstəklənməsinə bu qədər xərc çəkməsinə rəğmən, hazırda türklər və ruslar onları geridə qoyaraq, danışıqlar prosesində daha mühüm mövqe tutmaqdadırlar.

Yeniçağ.Az

www.yenicag.az

1469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv