!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ÖZ EVİMİZin olmağı xoşbəxtliyi

!Reklam – Yazi

Yaxud tikilən evləri dağıtmağa deyil, hər tikilən evin divarına bir daş qoymağa çalışmalıyıq.

Bir neçə gündən sonra Azərbaycan jurnalistləri növbəti dəfə öz peşə bayramlarını qeyd edəcəklər. Fəaliyyəti boyu Vətəninə, peşəsinə vicdanla xidmət edən hər bir jurnalist arzu və təbrikləri eşitmək üçün hər il 22 iyul tarixini səbirsizliklə, həyəcanla gözləyir. Nəinki jurnalist, ümumiyyətlə, hər bir insan üçün önəmli olan bir məqam isə bu dəfə həmin həyəcanı birə on qat artırır. Söhbət 255 həmkarımıza veriləcək mənzillərdən gedir. Ona görə də düz 4 il əvvəl olduğu kimi, bu dəfə də qələm əhli, eyni zamanda jurnalistika cameəsinə yaxın olan hər kəs 22 iyulu xüsusi bir istək və həyəcanla gözləyir.

Əslində bu hisslər mənə və 4 il əvvəl jurnalistlər üçün tikilmiş birinci binadan mənzil hədiyyə olunan digər həmkarlarıma çox yaxşı tanışdır. Bizlər də eynən böyük həyəcanla 22 iyul tarixinin gəlməsini gözləyirdik. Lakin həmin vaxt indikindən fərqli olaraq həyəcanımıza bir o qədər də təəccüb qarışmışdı ki, bu da səbəbsiz deyildi. Çünki həmin vaxta qədər dünyanın heç bir yerində dövlət tərəfindən təmənnasız olaraq jurnalistə mənzil hədiyyə edilməmişdi. Və bir çox mütərəqqi addımları, islahatları ilə dünyaya nümunə olan Prezident İlham Əliyevin biz jurnalistlərə göstərdiyi diqqət, qayğı, ən əsası isə, əsl DOST MÜNASİBƏTİ sayəsində Azərbaycan bu məsələdə ilk, həmçinin hələlik yeganə ölkə kimi dünya tarixinə düşdü. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 (beş) milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi.

Bunları xatırlatmaqla bir daha demək istəyirəm ki, hazırda növbəti binadan mənzil almağa namizəd olan, buna gerçəkdən haqqı çatan həmkarlarımın hansı hisslər keçirdiyini yaxşı başa düşürəm. Başa düşürəm, çünki artıq 4 ildir ÖZ EVİMİZin həyatımızda hansı dəyərə sahib olduğunu hiss edir, ÖZ EVİMİZin olmağı xoşbəxtliyini yaşayıram….
Təbii ki, bu xoş hissləri bizə yaşadan KİV-ə göstərdiyi diqqət və qayğı ilə, imzaladığı Fərman və sərəncamlarla JURNALİSTLƏRİN DOSTU olduğunu dəfələrlə sübut edən cənab Prezident İlham Əliyevdir. Və 2013-cü ildə 156 mənzilli birinci binanın istifadəyə verilməsi zamanı yaşanan hisslər 4 il sonra yenə yaşanır. Bu dəfə 255 mənzilli ikinci binadan evlərin verilməsi mərasiminə sayılı günlər qaldıqca həyəcan daha da artır. Ancaq bu da son deyil. KİV-ə verilən açıqlamalardan bəlli olduğu kimi, jurnalistlər üçün tikilən ikinci binada mənzillərin paylanması mərasiminin keçiriləcəyi gün üçüncü binanın da təməli qoyulacaq. Bunun isə böyük anlamı var – KİV-ə qayğı bundan sonra da davam edəcək, jurnalistlərin sosial problemlərinin həlli üçün dövlət tərəfindən bundan sonra da addımlar atılacaq. Və cənab Prezident bütün bu diqqət və qayğının müqabilində bizlərdən yalnız bir şey istəyir – vətənpərvər olmaq, yazılarımızla müstəqilliyimizə, dövlətçiliyimizə xidmət etmək.

Bir jurnalist kimi həmkarlarıma səslənərək demək istəyirəm ki, bizlər də bu istəyə cavab vermək üçün var gücümüzlə çalışmalıyıq. Eyni zamanda, hər bir qələm əhli evsiz jurnalistlərə dövlət tərəfindən təmənnasız mənzil verilməsi kimi nəcib, dünyada analoqu olmayan, dəyəri heç bir şeylə ölçülməyəcək addıma xələl gətirəcək, əməl və fikirlərdən uzaq olmalıdır. Məlum olduğu kimi, dövlət hətta mənzillərə iddialı jurnalistlərin müəyyənləşdirilməsi prosesinə belə müdaxilə etmir. Sadəcə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə 9 nəfərdən ibarət komissiya yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin sədrlik etdiyi həmin komissiyanın üzvlərinin iştirakı ilə redaksiyalarda iclaslar keçirilib, mənzillərin verilməsi qaydaları və şərtlərinə uyğun olaraq namizədlər müəyyən edilib, müvafiq sənədlər komissiyaya təqdim olunub və artıq ev alacaq 255 nəfər müəyyən edilib. Yəni bütün proses redaksiyaların, jurnalistlərin öhdəsinə buraxılıb. Halbuki dövlət istəsəydi, namizədlərin müəyyənləşdirilməsini də öz üzərinə götürərdi və buna tam haqqı çatırdı. Lakin bütün digər proseslərdə olduğu kimi, bu məsələdə də şəffaflığa üstünlük verilib. Deməli, burada yeganə bir məsələ qalır – bu gün evə iddialı olan, yaxud yaxın həmkarının ev almasını istəyən hər bir jurnalist ilk növbədə vicdanlı və səbirli olmalı, nəfsinin quluna çevrilməməli, ən nəhayət, uzun illər evsiz olanların öz evinin olması xoşbəxtliyinə paxıllıq hissi ilə yanaşmamalı, “mənim olmursa, kimsəyə qismət olmasın” prinsipi ilə hərəkət etməməli, görülən yaxşı işləri pisləmək, hər addıma qara yaxmaq kimi əməllərdən əl çəkməlidir.

Bir sözlə, tikilən evləri dağıtmağa deyil, hər tikilən evin divarına bir daş qoymağa çalışmalıyıq.

Nadir AZƏRİ
Əməkdar jurnalist,
Səbail rayonu, Bibiheybət qəsəbəsi,
Yeni Salyan yolu ev 22, mənzil 2

Yenicag.az

www.yenicag.az

991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv