Yazı İçi 468×60

1453411888_5Nuranə Mirzəyeva: “Özümü Məhəmmədi bələdiyyəsinin qarşısında yandıracağam”
Bu dəfə yolumuz Kürdəxanıdan düşdü – Kürdəxanı deyəndə Məhəmmədi qəsəbəsi ilə Kürdəxanı arasında hələ də “statusu” müəyyənləşməmiş yeni yaşayış massivindən…
Müsahibimiz Mirzəyeva Nuranə Hərif qızıdır. O, 1974-cü ildə Astara rayon Şiəkəran kəndində anadan olub. Təhsil aldıqdan sonra bir müddət rayon Mədəniyyət evində işləyib. Artıq səkkiz ildir ki, Azərbaycan Dəmir Yolları” QSC-də çalışır. Həyat yoldaşından boşandıqdan sonra beş yaşlı qızı Dənizlə birlikdə yaşayır. Sosial durumu elə də yaxşı deyil, hər ay 300 manat əməkhaqqı alır.
Nuranə Mirzəyeva həyat hekayəsini və başına gələnləri Arqument.Az-a belə nəql edir: 
– Qızımla Bakıda kirayə yaşayırdıq. 2013-cü ildə Kürdəxanı qəsəbəsinin yeni yaşayış massivində qəsəbə sakini İslamov Ruhulla Fətəli oğlundan ev tikmək üçün iki sot həyətyanı torpaq aldım. Bunun müqabilində R.İslamova 2400 manat pul verdim. R.İslamov mənə etibarnamə verdi. Sənəd Bakı şəhəri 14 saylı Notariat kontorunda xüsusi qaydada təsdiq edildi…
Xatırladaq ki, yeni yaşayış massivi Məhəmmədi bələdiyyəsinin tərkibindədir.
“Bələdiyyə işçiləri evimi uçurtdular…”
Kredit götürüb ev tikdim və işdə olduğum bir vaxtda Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyevin müavini Elnur adlı şəxs və bir neçə əməkdaşı onunla gələrək mənim evimin uçurtmuşdular. İddia etmişdilər ki, guya tikili qanunsuzdur. İşdən gəldikdən sonra məsələylə bağlı polisə müraciət etdim. Həmin şəxslər polisə dəvət edilsələr də, sonradan sərbəst buraxıldılar. Polisə müraciət etdiyimə görə bələdiyyə sədri Vaqif Nəbiyev və onun işçiləri mənimlə “prinsip” aparmağa başladılar. Hələ evi tikəndə Elnura şirinlik olaraq 150 manat pul verdim. Dedi ki, azdır, 500 manat ver. Mənim də imkanım olmadı ona bu pulu verməyə… Bir müddət qonşularda qaldım. Təzədən borca-xərcə düşüb evi təmir etdirdim. Böyük bir hissəsini dağıtmışdılar. Mənə dəyən maddi ziyan da ödəmədilər. Baxın, indi gördüyünüz bu evi iki dəfə tikməli olmuşam: bir dəfə bankdan kredit götürüb tikdim, gəlib dağıtdılar. Sonra borca girib təzədən təmir elətdirdim. Mənə zülm elədilər…

“Bələdiyyə evimi başqa adama satıb…”
Mən evimdə yaşadığım bir vaxtda Məhəmmədi bələdiyyəsi mənim evimi torpaq qarışıq Əliyev Zahir Tahir oğluna satıb. Zahirin həyat yoldaşı Nəzakət xanım da əraziyə gəldi və bildirdi ki, bura bizim yer deyil, bizə başqa yeri söz vermişdilər. Nəzakət xanım getdi və bir saat sonra Vaqif Nəbiyevin kadrı Elnur adlı şəxslə qayıtdı. İddia etdi ki, bura mənim torpağımdı, çıx evdən. 2013-cü ilin avqust ayından mübahisəmiz başladı. Əliyev Zahir və onun həyat yoldaşı Nəzakət Əliyeva məni məhkəməyə verdi. Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfova qərar çıxardı ki, ev sökülməlidi və sən evdən çıxmalısan. Mən də Abşeron Rayon Məhkəməsindən Apellyasiya məhkəməsinə şikayət verdim. Apellyasiya məhkəməsi mənim prosesdə iştirakım olmadan Abşeron Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı…
“Mənə on gün vaxt veriblər…”
Üç ildir, bu evdə yaşayıram. Evin qazı, suyu və işığı mənim adımadı. Sonuncu məhkəməmiz dekabrın 2-də oldu və mənə yanvarın 30-a kimi vaxt veriblər. Mən axı bu torpağı Ruhulla İslmovdan pulla almışam, etibarnaməm də var. Atam yox, anam yox, mən indi azyaşlı körpəylə hara gedim?! Evi uçurdarlar deyə, qorxumdan qızımı bacımgildə qoymuşam. İşdə oluram qorxuram ki, mən evdə olmayanda evi gəlib uçurdarlar. Kürdəxanıda və Məhəmmədi qəsəbəsində tikilən evlərin heç birinin doğru-düzgün bir sənədi yoxdur. Niyə bələdiyyə bunu araşdırmır? Bunların gücü kimsəsiz qadına çatır? Ruhulla İslamov məndən başqa qonşulara da torpaq satıb, heç onlara toxunmurlar. Amma mənə qan uddururlar. Uşağım xəstədi, dərmanla yaşayır. Heç bir yerdən köməyim yoxdur. Xahiş edirəm mənə kömək edin. Sizin vasitənizlə ölkə başçısından, Mehriban xanımdan kömək istəyirəm.
“Məhəmmədi bələdiyyəsi saxtakarlıq edir”
Məsələylə bağlı torpağı Mirzəyeva Nuranəyə satan İslamov Ruhulla Fətəli oğluyla görüşdük. O bildirdi ki, torpaq onundur və puluyla satıb. Ruhulla İslamovun sözlərinə görə, Məhəmmədi bələdiyyəsi saxtakarlıq edir: “Biz bu problemlə bağlı Vaqif Nəbiyevin qəbulunda olduq və o, bizə söz vermişdi ki, N.Mirzəyevanın evi sökülməyəcək. Dedi ki, Əliyev Zahir Tahir oğluna başqa yerdən torpaq verəcəm. Amma, görünür, problem deyildiyi kimi qalıb”.
Məhəmmədi bələdiyyəsindən açıqlama…
Məsələylə bağlı Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyevlə telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri bildirdi ki, xəstəxanadan təzə çıxıb. Səhhətində problem var: “Qızdrımanın içindəyəm, xəstəxanadan təzə çıxmışam. Qaldı ki o məsələyə, Nuranə Mirzəyevanın evi sökülməyəcək. Əliyev Zahir Tahir oğluna başqa yerdən torpaq veriləcək”.
Nuranə Mirzəyevanı isə qorxudan məhkəmənin qərarıdır. Şikayətçi isə onun dediklərinə inanmır: “On gün vaxtım qalıb evdən çıxmağa. Buna qədər qarşı tərəfin problemi həll olunsa və məhkəmə qərarı ləğv edilsə, o zaman rahat ola bilərəm. Mən də istəyirəm, problem sülh yoluyla həll olunsun. Qışın günündə bir Azərbaycan qadınının azyaşlı körpəsiylə küçəyə atılması kişilikdən deyil”.
Vasif Əlihüseyn,
Arqument.Az 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."