www.sinerjipro.net

SinerjiProWide

“Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var” – Aprel şəhidi Fəxrəddinin son sözləri

Reklam

2016-cı il aprelin 1-dən 5-nə qədər qoşunların təmas xəttində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan, cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olanlardan biri də Fəxrəddin Qurbanlıdır.

1994-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş Fəxrəddin Qurbanlı, 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsini bitirərək, hərbi xidmətə yollanıb.

Şəhid əsgərin məzuniyyətdən qayıdarkən sosial şəbəkədə yazdığı son statusdan sitat:

“Və budur kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5 ay. Məzuniyyətdə olduğum vaxt hiss elədim ki, 23 illik həyatım boş yerə getməyib, sağ olsun dostlar, tanışlar. Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə bilmədim, özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!”

1992-ci ildə İrəvandan köçkün gələn Qurbanlılar ailəsi, Binəqədi rayonunda 1-ci mədən ərazisində məskunlaşıblar. Oğulları Fəxrəddin də orda doğulub, orda böyüyüb. Və şəhidlik zirvəsinə ucaldığı anda da çiyinlərdə o qapıya dönüb. Qurbanlılar ailəsinin darvazasında üçrəngli bayrağımız dalğalanır və ora qırmızı yaylıq bağlanıb.

Atasının başı qarışıq olduğu üçün gözüyaşlı və hələ də oğlunun itkisinə inanmayan anası Həzimə xanımla danışmağa başladıq…


“Bircəcik, ocağımın son ümidi olan övladımın yoxluğuna hələ də inana bilmirəm. Heç özüm də bilmirəm onun haqqında hardan başlayıb, hardan danışım. Keçən il aprelin 1-də oğlumla sonuncu danışığım oldu. Elə bilirdim yenə zəng edəcək, çox gözlədim. Ancaq nə zəngi gəldi, nə özü (ağlayır)…

Axırıncı dəfə danışanda mənə dedi ki, “ürəyim, gözünün toru çəkilib, təzyiqin necədi? Növbəyə tələsirəm, zəng elədim halını soruşum. Özünüzdən müğayat olun”. Mənə həmişə “ürəyim”, dəyərdi, imkan verməzdi birinci onunla maraqlanım. Yanvarın 10-u məzuniyyətə gəlmişdi, 13-ü ad günü idi. Ad gününü qeyd etdik, 19-u yola saldıq. Elə balamı da son dəfə onda gördüm, son görüşüm oldu. Bacarsaydım günləri geri qaytarardım. Hər gün ümidimi itirirəm (hönkürtü ilə ağlayır). Heç vaxt hərbi xidmətindən narazılıq etməzdi, həmişə hər şeydən razılıq edərdi. Heç vaxt bizdən heç nə tələb etməzdi. Atası yanına gedəndə ancaq oxumaq üçün kitablar istəyirdi. Ən çox da tarixi oxuyurdu. O uşaq boş vaxt keçirtmək istəmirdi. Hətta əsgərlikdən əvvəl yay vaxtlarında bekar qalmamaq üçün özünə iş tapmışdı. Atası icazə vermirdi işləməyə, mən atasını razı salmışdım. Oğlumla da söhbət etdim ki, “niyə işləyirsən, sənin işləməyinə ehtiyac yoxdur”.

Mənə dedi ki, “cavanların hamısı deyir “iş yoxdur”. Ona görə işləmək istəyirəm ki, “iş yoxdur”, deyənlər işləmək istəyən üçün işin olduğunu görsünlər”. Fəxrəddin tez-tez uşaq və qocalar evinə gedərdi, kimsəsizlərə yardım edərdi, yoxsullara dəstək olardı. Səhhətimlə bağlı onu tez evləndirmək istəyirdik, evlənmədi. Mənə dedi ki, “ana, evlənməklə hər şey həll olunmur. Evləndikdən sonra ailəninin məsuliyyətini ciyninə götürüb, idarə etmək lazımdır”. Əsgərliyə getməmişdən əvvəl ona dedim ki, “hələ magistraturanı da oxu, gələn il gedərsən”. Dedi ki, “sən qoyma, o qoymasın, bu qoymasın. Bəs, bu torpağı kim qorusun, kim geri qaytarsın? Biz də qorumasaq Bakıya qədər gəlib çıxacaqlar. O zaman biz niyə yaşayaq ki?”.

Onun elə sözləri var idi ki, adam nə qədər dar vəziyyətdə olsa da, o sözləri yada salıb güclü olur. O, hər sözü və hərəkəti ilə bizi yoxluğuna hazırlayırmış. Hər sözüm, hər məsləhətim onunla idi. Onun yerinə heç kəsi qoya bilmirəm”
Sözünü bitirməmiş ürəyi dağlı ana hönkürtü ilə ağlayır. Halı pisləşir və onu tez çölə çıxarırlar ki, özünə gəlsin.

Fəxrəddinin atası Seyfəddin Qurbanlı oğlundan sonra anasının ağlamaqdan gözlərinin tutulduğunu və hətta bir gözünün görmədiyini deyir:

“Yoldaşımın gözləri zəif görürdü, səhhətində ciddi problemlər var. Fəxrəddindən sonra daha da ağırlaşdı, gözləri tamamilə görmür. Fəxrəddin mənim belimi bükdü, anasını kor etdi, bacısını gözüyaşlı qoydu. Biz onunla ata-bala yox, dost idik. Böyük-kiçik yeri bilən, ali təhsilli idi. Əsgərlikdə olanda yanına tez-tez gedirdim. Bir dəfə də gedəndə diplomunu istədi məndən və dedi ki, “o diplom üçün çox əziyyət çəkmişəm, heç olmasa gətir bir dəfə ona baxım”. Yanvarda məzuniyyətə gələndə Qarabağ döyüşlərində iştirak edən dayısı bizdə idi, onunla görüşməyə gəlmişdi. Fəxrəddin dayısına demişdi ki, “dayı, siz o Qarabağı ala bilmədiniz. Ancaq mən o Qarabağı alıb gələcəm”. Elə də elədi… Aprelin 1-i əvvəlcə axşam tərəfi mənimlə əlaqə saxladı. Dedi “hər şey qaydasındadır, narahat olmayın. Sonra da anasıyla danışıb. Ayın 2-si isə eşitdim ki, Tərtərdə atışma olub. Nə qədər əlaqə saxladım, heç kimlə danışa bilmədim. Elə telefonla danışanda da mənə dedi ki, “gəlmə yanıma, başqa yerə gedirik, onsuz da məni tapa bilməyəcəksən”. Biz də 6-na qədər gözlədik, ancaq 6-sı getdim Tərtərə oğlumun xidmət etdiyi hərbi hissəyə. Yenə heç kimdən heç bir məlumat ala bilmədim. 7-si isə mənə dedilər ki, uşaqlar itkin düşüblər, nəsə xəbər olsa sizə də deyəcəyik. Seysulanda neytral zonada qalıblarmış. Mən qayıtdım Bakıya, qardaşımla qaynım Tərtərə yola düşdülər.

Aprelin 8-də onları dəyişib, ölüm xəbərini verdilər. 23 ildən sonra mənim oğlumgilin batalyonu qanları bahasına olsa da, torpaqlarımızın bir qismini geri ala bildi. Aprel döyüşlərinin şəhidləri XXI-ci əsrdə Azərbaycan tarixinin birinci səhifəsini yazdı. Onlar sübut etdilər ki, Azərbaycan kimi dövlət və onun güclü ordusu var. Oğlumun yoxluğunu hər an hiss edirəm. Heç bir rəsmi qurum bizimlə maraqlanmır, elə bil ki, adi bir hal idi baş verdi və unuduldu. Dəfələrlə Müdafiə Nazirliyinə gedirəm rəsmilərdən heç kimi tapa bilmirəm, heç qəbul da etmirlər ki, adam sözünü desin. MN-də hərəsi bir söz deyir, heç adamı yaxına da buraxmırlar. İstərdim ki, şəhidlərin hər birinə “Milli qəhrəman” adı verilsin. Heç olmasa hər birinin adına bir küçə, bir məktəb olsun, ümumi xatirə abidəsi ucaltsınlar. Belə davam etsə onlar da yaddan çıxacaq”.

Söhbətin bu yerində həyətdən ağlaşma səsi gəlir. Ab-hava çox ağırdır, evin divarları belə sanki danışmaq istəyir. Seyfəddin kişi ağlaşma səsini eşidən kimi tez həyətə düşür. Bir neçə dəqiqə sonra şəhidin bacısı Fəxriyyə bizimlə söhbətə başlayır:

“Qardaşım çox səbrli və səliqəli oğlan idi. Onun yoxluğuna hələ də inanmıram, özü dediyi kimi “ən son ölən ümidlərdir”. Əsgərlikdə olduğu müddətdə mənimlə də əlaqə saxlayırdı. Martın 26-sı bizə üç şəkil göndərmişdi, gecə saat 12-də poçtdan bizə zəng gəlmişdi ki, sizə oğlunuzdan məktub var. Hamımız narahat olmuşduq. Sonra məlum oldu ki, məktub gecikibmiş. Axırıncı dəfə martın 31-i zəng vurmuşdu danışdıq, mənimlə zarafatlaşdı. Sonra da oğlumla danışdı. Həmin gün səsindən gərginlik hiss etdim, ancaq heç nə demədim. Heç vaxt nə ağlıma, nə də ürəyimə gəlməzdi ki, qardaşım şəhid olacaq. Biz onun ölümü ilə barışa bilmirik. Qardaşıma ölümü yaraşdıra bilmirəm, elə bilirəm ki, yuxudur və nə vaxtsa ayılarıq. Hətta statuslarının birində də “getdiyim yer doğma Qarabağ” yazmışdı.

Sonra da “gedib gəlməmək, gəlib getməmək var” statusunu yazmışdı. Bir dəfə də mənimlə söhbət edəndə demişdi ki, “əsgərlikdə yaralanmaqdan qorxuram. Yaralansam heç nə edə bilməyəcəm, ölüm axırıncı yoldur”. Bu yaxınlarda bir dostunun Fəxrəddinə yazdığını gördüm. Dostu yazıb ki, “Vətənin igid oğlu, gəlirəm”. Fəxrəddin də ona belə cavab verib “gəl, gəl, gedərgəlməz səni gözləyir”. Qardaşım adı kimi fəxr ediləsi oğlandır. Bundan əvvəl ailəmiz onunla fəxr edirdi, indi isə Azərbaycan. O həmişə müharibə səhnələrinə baxırdı, deyirdi ki, “ən şərəfli ölüm şəhidlik zirvəsinə ucalan ölümdür”.

Bir oğlum var, ancaq ikinci dəfə oğlum olarsa, qardaşımın adını qoyacam. Düzdür, övladım qardaşımın yerini verə bilməz, ancaq adını yaşatmaq istəyirəm. Qardaş başqadır, nə atadan, nə anadan, nə baladan qardaş olmaz. Mən ona çox arxalanırdım (ağlayır). İnsanın adı qoyulanda onun taleyinə yazılır. Qardaşımın taleyinə də şəhidlik yazılıbmış. Fəxrəddin tarixə düşdü. Onun adı da özü kimi fəxr ediləsidir, adının mənası da “İslam dininin fəxri” deməkdir. Onu da deyim ki, mənim ən böyük arzum qardaşıma “Milli qəhrəman” adının verilməsidir (kövrəlir)”.

Söhbətə Fəxrəddinin ölüm xəbərini ilk eşidən və onun meyiti ilə birlikdə Bakıya geri qayıdan əmisi Afiq Qurbanov qoşulur:

“Həmin anları təkrar danışmaq mənim üçün çox çətindir. Aprelin 7-si qardaşım Tərtərdən qayıtdı. Həmin günü də axşam Fəxrəddinin dayısı ilə biz getdik Tərtərə. Çünki narahat idik, dedik, “burda gözləməkdənsə, gedib orda gözləyərik”. Hərbi hissəyə, Qapanlıya da getdik heç bir xəbər ala bilmədik. Bakıdan xəbər gəldi ki, atəşkəs elan olunub, saat 14-18 radələrində neytral zonadan əsgərlərin meyitlərinin dəyişdirilməsi olacaq. Axşam saat 8-də neytral zonadan siyahını gətirdilər. Həmin siyahıya baxıb gördük ki, bizim uşağın adı yoxdur. Sonra məlum oldu ki, Fəxrəddinin meyiti Bərdədədir.Bərdəyə getdik, Fəxrəddini tapdıq. . Fəxrəddini snayper alnından vurmuşdu. Həmin gün telefonları söndürdük ki, Bakıdan heç kəs bizimlə əlaqə saxlaya bilməsin. Çünki onun ölüm xəbərini verə bilmirdik”.

Söhbəti yekunlaşdırıb şəhid Fəxrəddin Qurbanlının atası ilə onun məzarını ziyarət etməyə getdik. Atası oğlunun məzarını görən kimi hönkürtü ilə ağlayıb, onun məzar daşına möhkəmcə sarıldı. Fəxrəddin doğma Qarabağda arzularını qoydu və qanını axıtdı. Ondan ailəsinə yalnız şəhidlik adı və məzar daşı xatirə qaldı. Onların təsəllisi də bu idi.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 322
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."