Parkinq cərimələrinə sürücülərdən etiraz gəldi – sorğu

Müəllif: Redaktor

Editor


joDünən Milli Məclisin komitə iclasında qanunsuz parkinq yerləri ilə bağlı cərimələrin artırılması məsələsi gündəmə gətirilib.

Təklif olunur ki, buna görə cərimələrin məbləği artırılaraq 40 manat nəzərdə tutulsun.

Bəs görən avtomobil idarə edənlərin buna münasibəti necədir?

Yenicag.Az-a məsələ ilə bağlı münasibət bildirən, uzun illərdir sükan arxasında əyləşən Bakı sakini Novruz Hüseynov qanunsuz parkinq yerlərinə görə cərimələrin artırılmasına normal baxdığını söylədi. Lakin eyni zamanda bildirdi ki, problemin real həllinə nail olmaq üçün mühüm, vacib əhəmiyyətli obyektlərə yaxın yerlərdə dayanacaq imkanları da yaradılmalıdır: “Dayanacaq üçün münasib olmayan yerlərdə saxlamağa görə cərimələrin artırılmasına tamamilə məntiqli baxıram. Amma məsələ ondadır ki, cərimələri artırmaq problemdən çıxış yolu deyil. Ona görə ki, həmin yerlərdə istər-isrtəməz sürücü maşını saxlamağa məcbur olur. Məsələn, Üzeyir Hacibəyov 72 ünvanında yerləşən Mərkəzi Poçtun qarşısında maşın saxlamaq qadağandır. Burada hətta pullu dayanacaq da yoxdur. Amma hansısa bir ağırçəkili bağlama yola salmaq üçün həmin məntəqəyə gəlməli olan sürücü avtomobili aparıb 1 km. kənarda saxlamalı olur. Belədə, həmin ağırçəkili bağlamanı piyada 1 km-ə qədər daşımalı oluruq. Bu isə düşünürəm ki, heç kimin ürəyincə olan hal deyil. Ona görə də həmin bu kimi yerlərə yaxın ərazilərdə dayanacaq imkanları yaradılmalıdır”.

Digər sürücü Mübariz Bayramov da cərimələrin artırılması yolunun problemin həllinə xidmət etmədiyi qənaətindədir: “Aydın məsələdir ki, hazırki durumda cərimələrin artırılması büdcə gəlirlərinin azalmasının qarşısını almağa yönəlib. Yəni, qanunsuz parkinqlərdə maşın saxlamağa görə cərimənin artırılması istiqamətində verilən təkliflərdə məhz bu amil rol oynayıb. Əgər bu addım yol hərəkətinin tənzimləməsinə xidmət edirsə, əvvəllər də artıra bilərdilər. Odur ki, problemin həlli bu, deyil. Cərimə, qismən qorxu yarada bilər. Onu da nəzərə alaq ki, həmin yerlərə nəzarət axşam saat 20.00-a qədər olur. Ondan sonra nəzarət olunmur. Ancaq sürücünü də başa düşmək lazımdır. Alternativ pulsuz dayanacaqlar olmalıdır. Bunlar yaranan problemin taktiki həlli variantıdır. Strateji həlli isə urbanizasiyanın qarşısının alınmasından keçir”.

Məzahir Məmmədov da həmin məsələ ilə bağlı olaraq cərimələrin artırılmasına mənfi reaksiya verdi: “Bu məsələdə ciddi boşluqlar var. Hətta proses qanunla tənzimlənsə belə, qanunla avtomobillərin saxlanılmasının qadağan olunduğu avtobus dayanacaqları, dövlət obyektlərinə yaxın yerlərdə parkinqlərin qoyulduğunu hər kəs müşahidə edə bilər. Bu fonda istənilən sürücü də arxayın şəkildə gələrək həmin parkinqə ödəmə etməklə işini bitmiş sayır və çıxıb işinə gedir. Belədə məndən sonra bu istiqamətdə hansı problemlər yaranacaqsa, o məsələ ilə bağlı parkinqi quranlar maraqlı olmalıdırlar. Ümumilikdə işin normal qurulmadığı qənaətindəyəm. Bakı Şəhər İcra Hakimiyyəti sadəcə bu kimi vasitələrlə əlavə vəsait əldə etmək, həmin yerlərdə çalışan yoxsul təbəqənin bir-iki manat pul qazanmasının qarşısını almaq məqsədi güdürlər”.

 

ELÇİN

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır