yenicag.az

Paytaxtda nübar meyvələr neçəyə satılır?

Paytaxtda nübar meyvələr neçəyə satılır?

Müəllif: Redaktor

Editor

 

alca_ciPaytaxt bazarlarında artıq mövsümündən tez yetişən nübar meyvələrə rast gəlinir. Bir çox bazarları, meyvə-tərəvəz mağazalarını alça, çiyələk, ərik, gavalı və qarpız kimi nübar meyvələr bəzəyir. Əvvəllər dənə ilə od qiymətə satılan bu meyvələr indi plastik qabda nisbətən ucuz satılır.

Baş çəkdiyimiz “Yaşıl bazar”da səliqə ilə düzülən bu meyvələrin yanından etinasız keçmək olmurdu. Ancaq qiymətləri baha və təbii yetişən meyvə olmadığı üçün alıcısı azdır. Onlar nübar meyvələrin alıcılarının daha çox uşaqlar və hamilə qadınlar olduğunu bildirirdilər. Qiymətlərə gəlincə isə çiyələyin 700 qranlıq plastik qabda bağlaması 5 manata, alçanın 100 qramı 4 manata, qarpızın bir kilosu 2 manata, üzüm 4 manata, gavalı 10 manata, əriyin yarım kilosu isə 10 manata satılırdı. Satıcılardan meyvələri haradan gətirdiyi ilə maraqlandıq.

Alça və çiyələk satıcısı Elxan Məmmədov dedi ki, satdığı yerli məhsuldur: “Parnikdə yetişən yerli məhsuldur. Dadının necə olduğunu deyə bilmərəm, çünki dadmamışam. Amma yaxşı çiyələyə oxşayır. Bizə də baha gətirirlər. Ona görə də bir dənəsinin də olsa itkiyə getməsini istəmirəm”.

Digər satıcı Səftər Əliyev isə çiyələk satmasına peşman olduğunu dedi: “Alıcısı yoxdur. Günlərlə qalanda da xarab olur. Alanlar çox azdır. Bəzən elə aldığım qiymətə satıram ki, qalıb xarab olmasın”.

Qarpız satıcısı isə əhalinin qarpız almağa qorxduğunu dedi: “Gəlib baxıb qiymətini soruşub gedirlər. Alan yoxdur. Amma çox yaxşı qarpızdır. Düzdür, heç nə vaxtında yetişən meyvənin dadını vermir. Amma hər halda, meyvələrdən tez dadmaq da pis deyil”.

Alça alan alıcıya yaxınlaşıb vaxtından əvvəl yetişdirilən meyvələrlə bağlı fikrini aldıq. Alıcı Gülnar Ağayeva alçanı görüb ürəyi istədiyini dedi: “Alçaları elə parıldadıb qoyublar ki, almadan keçmək olmur. Ürəyim istədi deyə 100 qram aldım. Dadı yəqin ki, yaxşı olar. Amma çiyələk, ərik, qarpız almağa qorxuram”.

Digər alıcı Afaq Quliyeva isə hər nemətin öz vaxtında yeyilməsinin doğru olduğunu düşünür: “Mən bütün meyvələri öz təbii yetişmə vaxtında yeyirəm. Çünki indi bu meyvələrin heç birinin dadı yoxdur”.

Mütəxəssislərin fikrincə, süni istilik və hormonlarla yetişdirilən hansısa meyvənin keyfiyyəti öz iqlimində, təbii istilikdə yetişən meyvənin keyfiyyəti qədər olmur. Mütəxəssislər iyunda albalı, alça, ərik, şaftalı, tut, təzə kartof, təzə paxla, göy noxud, bibər, pomidor, xiyar, kol paxlası, iyul ayında ərik, şaftalı, yemiş, sarı alça, qarpız, gilas, təzə paxla, badımcan, bolqar bibəri, avqust ayında isə yemiş, armud, şaftalı, albalı, böyürtkən, əncir, üzüm, bibər, balqabaq, qarğıdalı yeməyi daha məqsədə uyğun hesab edir.

Hazırda satışda olan və plastik qablarda saxlanılan meyvələr bizim sağlamlığımız üçün ciddi təhlükə mənbəyi hesab edilir. Məsələn, ərik dərildikdən sonra üç-beş gündən artıq qalmamalıdır. Çünki ərik tez xarab olan meyvədir. Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,5 dərəcə C + 0,5 dərəcə C temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə +5 dərəcə C +8 dərəcə C temperaturda saxlanıla bilər. Əriyin saxlanması zamanı nisbi rütubətliyi 90% olmağı məqsədəuyğundur. Mütəxəssislər qarpız, yemiş kimi bostan məhsullarının isə yetişmə vaxtının iyul ayının sonları, avqust ayının əvvəlləri olduğunu bildirirlər. Onların sözlərinə görə, iki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün effektiv temperatur göstəricisinə yalnız həmin aylarda təsadüf olunur.

Vaxtından tez bazarda yer alan məhsullar isə əsasən xaricdən idxal edilən və istixanalarda yetişdirilən məhsullardır. Vaxtından əvvəl yetişdirilmə, süni becərilmə zamanı isə kimyəvi birləşmələrdən istifadə edilməsi nəticəsində qarpızların tərkibində nitratların və azotlu birləşmələrin olması barədə həmişə xəbərdarlıq edilib.

Bu səbəbdən də onlardan istifadə zamanı müxtəlif xəstəliklərin, zəhərlənmə hallarının ola biləcəyi söylənilir. Ümumilikdə vaxtından əvvəl yeyilən məhsulların hamısının insan orqanizminə mənfi təsir göstərdiyi bildirir. Çünki vaxtından əvvəl yetişdirilən məhsullarda kimyəvi maddələrdən istifadə edilir. Bu da birbaşa insan orqanizminə mənfi təsir edir və zəhərlənmələrə səbəb ola bilir.

İqtisadiyyat, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti