www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakıda məhbusların qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları – Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4 nəfər işdən qovulub.

Bundan başqa, bu gün barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov da ədliyyə orqanlarından xaric edilib.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib.

Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan Ə.Ağaminin “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, həbs edilənlərdən qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1520
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."