yenicag.az

Peterburq görüşündən hansı dövlət qazanclı çıxdı? – Şərh

Peterburq görüşündən hansı dövlət qazanclı çıxdı? – Şərh

Müəllif: Baş Redaktor

Baş Redaktor

ilham-putin-sarkisyanDağlıq Qarabağ münaqişəsinin çözülməsi üzrə Sankt-Peterburqda reallaşan növbəti bir görüş də başa çatdı.  Bu görüş aprelin əvvəlində həyata keçirilən hərbi əməliyyatlardan sonra ikinci belə bir görüşdür. Birinci görüş mayın ortalarında Vyanada baş tutmuşdu. Gürüşün sonunda qəbul edilən bəyanatda atəşkəs rejiminə riayət olunması xüsusi vurğulanıb. Habelə ATƏT müşahidəçilərinin sayını artırmaq barədə razılıq əldə olunub.

Görəsən, bu görüşə münaqişənin həllində irəliyə doğru atılan addım kimi baxmaq olarmı, yoxsa, vəziyyət əvvəlki tək olaraq qalmaqdadır?

natiq-miriPolitoloq Natiq Miri Yenicag.az-a açıqlamasında Sankt-Peterburq danışıqlarından ciddi siyasi nəticə çıxarmadığını diqqətə çatdırdı: “Əslində Peterburq görüşünə qədər də bildirmişdik ki, burada ciddi siyasi nəticələr gözlənilmir. Bunu da onunla əsaslandırmışdıq ki, münaqişə tərəfləri arasında diametral ziddiyyət mövcuddur. Erməni ictimai rəyi heç bir güzəştə hazır deyil. Ermənistanda hətta süni surətdə antirusiya ovqatı da yaratdılar. Təbii ki, Hava Hücumundan Birgə müdafiə sazişi, paralel olaraq faşist ideologiyasına xidmət edən Qaragen Nijdəyə qoyulan abidə ilə süni ajiotaj yaratmaqla Ermənistanda antirusiya ovqatı yaratdılar. Bundan da Sarkisyan Putinlə təkbətək görüşdə əlində arqument olaraq istifadə etdi. Bu gün Qərb-Rusiya qarşıdurması fonunda Ermənistan Moskva üçün geosiyasi baxımdan gərəkli bir ölkəyə çevrilib. Çünki Ermənistan NATO ölkəsi Türkiyə ilə həmsərhəddir. Bu sərhədlər daxilində də son zamanlar Rusiya hərbi bazasını gücləndirməkdədir. Rusiya İrəvandan həmçinin tələb edir ki, Hava Hücumundan Birgə Müdafiə Sazişi parlamentdə dərhal ratifikasiya olunsun. Ancaq fikir verirsinizsə, ratifikasiya müzakirələri parlamentdə başlasa da, qəflətən nədənsə Peterburq danışıqları öncəsi təxirə salındı. Bu faktın özü də Sarkisyanın əlində Rusiyaya təzyiq mexanizmi olaraq düşünülmüşdü. Bütün bu faktlar göstərir ki, bu fonda Moskva Ermənistana heç bir təzyiq etməyəcək. İndiki şəraitdə Rusiya Sarkisyan rejimini ciddi güzəştlərə vadar etməklə atəşin içinə atmaq istəməzdi. Rusiya prezidentinin ayrıca olaraq Azərbaycan və Ermənistan prezidentlərilə görüşündə də əsasən iki məsələ vurğulandı. Sarkisyan Putinlə görüşdə bildirdi ki, atəşkəsin möhkəmləndirilməsi vasitələri təşviq olunmalıdır ki, gələcəkdə danışıqlar prosesi daha rəvan getsin. Azərbaycan prezidenti isə Putindən erməni silahlı birləşmələrinin dərhal bölgədən çıxarılmasını tələb etdi və status-kvonun belə davam etməyəcəyini onun nəzərinə çatdırdı. Bundan sonra da üçlük formatda danışıqlar məhz Moskvanın tərəflər arasında balans yaradaraq prosesi davam etdirməsilə müşayiət olundu.

Bir tərəfdən atəşkəsin möhkəmləndirilməsi yolunda vasitələrin tətbiq olunması razılaşdırıldı, başqa tərəfdən verilən bəyanatda da göstərilir ki, tərəflər arasında bir çox məsələlər, eyni zamanda gələcəkdə imzalana biləcək çərçivə sazişi və onun fonunda irəliləmək üçün yol xəritəsinin hazırlanması məsələsi də razılaşdırılıb. Bu da güman ki, mərhələli həll planı çərçivəsində mümkün olacaq. Çünki paket həll formasında aparılan danışıqlar yalnız prosesi dalana aparıb. Buna görə də Azərbaycan atəşkəsin möhkəmləndirilməsi vasitələrinin təsdiqinə razılığını bildirib. Ancaq bu danışıqlardan ciddi siyasi nəticələr çıxartmağın doğru olduğunu da düşünmürəm. Çünki danışıqlarda şifari razılaşma mövcuddur. Bu şifahi razılaşmaları da 24 il müddətində dəfələrlə müşahidə etmişik. Ona görə də Putin, həm də Sarkisyanın istənilən razılaşması sadəcə şifari razılaşmadan başqa bir şey deyil və bu ölkəmiz üçün güvənli məqam yaratmır. Bunun güvənli olması üçün mütləq mənada gələcək danışıqlara ehtiyac var. Ancaq bu nəticə zaman nöqteyi-nəzərindən İrəvanla Moskvanın xeyrinə olan bir nəticədir. O mənada ki, Rusiya digər regionlarda öz siyasi maraqlarına xidmət etmək üçün zaman qazandı. Ermənistan rəhbərliyi də həmin zamanı öz hakimiyyətini möhkəmləndirmək, həm də ordusunu gücləndirmək üçün qazandı. Azərbaycanın isə indiki şəraitdə bu danışıqlarda siyasi və hərbi cəhətdən hər hansı bir qazancı mövcud deyil. Ona görə düşünürəm ki, Peterburq danışıqları bilavasitə Rusiya ilə Ermənistanın maraqlarına xidmət etdi. Moskva həll prosesində dominant rolunu bir daha ortaya qoydu”.

cms-image-000014705“Azərbaycan diplomatiyası addımba-addım  hakimiyyətin yarıtmazlığının sübutu kimi geriləyir”. Bu sözləri isə prezidentlərin Sankt-Peterburq  görüşündə beynəlxalq müşahidəçilərin  sayının artırılması ilə bağlı Yenicag.az-ın sualına cavab verərkən politoloq Zərdüşt Əlizadə bildirib: “Burada Rusiyanın məqsədi hər iki ölkəni nəzarətdə saxlamaqdır.  Bunun üçün də Kreml hər iki ölkədə özündən asılı dövlət başçılarının olmasını istəyir.  Münaqişəni dondurmaq, nəzarətdə saxlamaq üçün Vyana görüşündə belə bir fikir ortaya atdılar ki,  münaqişənin həllinə deyil, məhz atəşkəsin pozulmamasına nail olmaq naminə nəzarət mexanizmi güclənməlidir.  Nəticədə Azərbaycanı da buna məcbur etdilər. Beynəlxalq gücün qarşısında ona itaət edirlər. Sankt-Peterburq  görüşündə də bunun reallaşması üçün başqa bir konkretləşdirici təkliflər verildi və tərəflər də onu qəbul etdilər.  Bu  fonda nəzarət mexanizmi güclənəcək, həmin prosesdə hansı ölkələr iştirak edəcək, bunun fərqi yoxdur. Əsas odur ki, Azərbaycan öz qanuni torpağını almaqdan imtina edir, torpaqların işğalçıqoşunun nəzarətində saxlanılmasına razı olur və bu məsələni həll etmək  üçün BMT-nin nizamnaməsində nəzərdə tutulan özünümüdafiə hüququndan imtina edir.  Bu mövqe Moskva qarşısında aciz olan Vəzirovun, Yeltsinin qarşısında məğlub olan Mütəllibovun fəaliyyətilə nə ilə fərqlənir?  Azərbaycan torpağını ala bilmir, Qarabağ məsələsində böyük güclərin iradəsindən asılıdır, neftini də xaricilərə verib, Qarabağ məsələsində də Moskva söz sahibidir.  Belə olan halda bu müstəqillik nə müstəqillikdir?  Başa düşmürəm. Ona görə düşünürəm ki, Azərbaycan diplomatiyası addımba-addım  hakimiyyətin yarıtmazlığının sübutu kimi geriləyir”.

aydinmir3“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində görüşü hər iki ölkədə, eyni zamanda Dağlıq Qarabağ məsələsinin həllində maraqlı olan dairələrdə böyük maraqla qarşılandı”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, aprel ayında cəbhə xəttində baş verən hadisələrdən sonra vəziyyət köklü şəkildə dəyişdi: “Birincisi, Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi sahədə Ermənistandan qat-qat güclü olduğu bir daha aydın oldu. İkincisi, Azərbaycan özünün ərazi bütövlüyünün pozulmasına, ərazilərinin işğal altında qalmasına dözmək istəmədiyini bir daha ortaya qoydu və dünyanın diqqəti Dağlıq Qarabağ məsələsinə daha çox yönəldi”.

Onun fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü müəyyən ümidlər verir: “Düzdür, danışıqların məzmunu və əldə edilən razılıqlar barədə hər hansı konkret məlumat yoxdur, bununla belə, danışıqların bundan sonra üçtərəfli formatda, yəni Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilməsi, danışıqların davam etdirilməsi haqqında razılığın əldə edilməsi hər halda müəyyən irəliləyişlərin olduğundan xəbər verir. Həmçinin Azərbaycan Prezidenti görüşdən əvvəl problemin həllinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üzərində qurulduğunu bildirdi. Bu onu göstərir ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmir. Ümid etmək istərdik ki, növbəti görüşlərdə irəliləyişlər olacaq”.

A.Mirzəzadə vurğulayıb ki, əgər Ermənistan yenidən qeyri-konstruktiv mövqe göstərərsə və yaxud danışıqları uzatmaq siyasəti yeridərsə, onda Azərbaycan artıq növbəti addımlar haqqında ciddi düşünməli olacaq: “Bu barədə Azərbaycan tərəfi artıq dəfələrlə bildirib. Azərbaycanın mövqeyi birmənalıdır. Heç bir halda Azərbaycan öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyəcək”.

ELÇİN

 

Gündəm, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti