www.sinerjipro.net

SinerjiProWide
Reklam

pkk-isid_4737

Nə üçün PKK İŞİD qarşısında sürətlə “qan itirir”?

Burası Mesopotamiya. Habillə Qabilin bir-biri ilə savaşdığı bölgədən qan heç vaxt əskik olmamışdır. Hazırda savaşın tam mərkəzinə çevrilən bu torpaqlarda kimin hansı cəbhədə döyüşdüyü belə bəlli deyil.

İŞİD, Əl-Nusra, Ahraruş Şam, PYD, ÖSO, Ahvadır Rəsul, Əl-Qüds, Ceyş əş-Şəbi, İslami Cəbhə…

Bu böyük qruplar da daxillərində onlarla kiçik dəstələrə bölünürlər ki, saymağa ömür yetməz…

Məsələ burasındadır ki, hazırda PYD-nin silahlı qanadı olan YPG ilə İŞİD arasında savaş hələ ikinci qrup İraqa girmədən öncə də var idi.

Əsədin Hələbdə vəziyyət gərginləşdiyi üçün öz ordusunu geri çəkməsindən sonra Suriyanın şimal sərhədi tamamilə YPG nəzarətinə keçmişdir. Bu gün kürdlər Afrin, Kobane və Cizirəyə nəzarət edirlər. Elə İŞİD ilə savaş da bu torpaqlara görə baş verməkdədir.

İŞİD həmişəki kimi Əsəddən deyil, məhz müxaliflərdən torpaq almaq siyasətini davam etdirərək, YPG ilə savaşır.

YPG-yə Bərzaninin dəstəyinin olduğu söyləniləməz. Çünki İraq Kürdüstan Bölgəsəl İdarəçiliyi PKK ilə yanaşı YPG-nin də fəaliyyətindən məmnun deyil.

Lakin PKK YPG-yə dəstək verməkdədir. Ən son Kobane (Ayn al-Arab) uğrunda savaşlarda da PKK-nın dəstəyi görülməkdədir. Lakin bölgənin ən qədim tarixinə malik silahlı qrupu PKK iki-üç il öncə yaranmış İŞİD-in qarşısında duruş gətirə bilmir. Yəni, hazırda yeni terrorçu qrup köhnəsinin pabucunu dama atmış vəziyyətdədir…

Niyə?

30 il Türk Ordusu tərəfindən qəti məğlubiyyətə uğradıla bilməyən PKK-nın İŞİD qarşısında davam gətirə bilməməsi əslində təəccüblə qarşılanmamalıdır. Çünki PKK ilə İŞİD-in döyüş taktikası fərqlidir. PKK daim Türk Ordusuna qarşı “pusu qur-hücum et-dağa çəkil” taktikası ilə hərəkət edib.

İŞİD isə açıq səhra döyüşlərinə, hətta ağır artileriya ilə hücumlara üstünlük verir. Bu isə PKK-nın 30 illik təcrübəsində olmayan bir haldır. PKK daha çox yuxarıda sadalanan və yüngül silahlardan istifadə edir. Türk Ordusunun hücumları da daha çox hava və gerilla xarakteri daşıyıb. Çünki səhra döyüşü zamanı PKK Kandilə çəkilərək, müdafiə mövqeyinə keçib. Bu səbəbdən də quru qoşunlarının hücumları ilə çox az qarşılaşıb.  

İŞİD ilə ilk dəfə qarşılaşdığı durum qarşısında sarsıldı və 30 il savaşdığı Türk Ordusundan dəstək istəməli oldu.

İŞİD isə həm Əfqanıstan, həm Çeçenistan(Bu qrup daxilində Əfqanıstan və Çeçenistan savaşlarında döyüşmüş xeyli insan var), həm Suriya, həm də İraq təcrübələri ilə həm PKK-nın döyüş metoduna uyğun döyüşməkdə, həm də ağır silahlardan istifadə edərək, ordu kimi hərəkət etməkdən də çəkinmir. Bütün bunlar isə PKK-nı mövcud durumda İŞİD qarşısında məğlubiyyətə uğradır. Koalisiya qüvvələrinin havadan vurduğu İŞİD ilə səhra döyüşləri PKK-nı beynəlxalq aləmdə əlini gücləndirsə belə, döyüşdə davamiyyətsizlik və ard-arda məğlubiyyətlər Kandili ciddi şəkildə sarsıtmaqdadır.

Görünən odur ki, İŞİD-dən sadəcə bölgədə ölkə sərhədlərini yenidən dizayn etmək üçün deyil, həm də bölgədəki silahlı qruplaşmaların müqəddəratı üçün də istifadə edilməsi nəzərdə tutulub. Lakin PKK-dan fərqli olaraq, bölgədə ciddi sosial dayaqları olmayan İŞİD-in də uzun müddət ayaqda qalması mümkün deyil. Təbii ki, xarici qaynaqların dəstəyi kəsildiyi təqdirdə…

Nəzərə alsaq ki, İŞİD-ə ideoloji olaraq yaxın olan sünni Hizbullahı 90-cı illərdə PKK-nın bölgədə ən böyük rəqibi olmuşdu və Türkiyə bəzən öz əleyhinə olsa da, bu rəqabətdən faydalanmışdı, yeni situasiyada atacağı addımlar çox maraqlıdır. Suriyadan və İraqdan Türkiyəyə keçən milyondan çox insana qucaq açan Türkiyənin Prezidenti Ərdoğanın “Ya İŞİD, ya PKK? Nə fərqi var” deməsi isə bölgədə yeni dönəmin başladığından xəbər verir. Ərdoğanın əvvəlki iqtidarlardan fərqli olaraq, kürdlərə qucaq açıb, PKK-nı qapının önündə qoyması ikinci üçün ciddi bir itkidir. Çünki bu siyasət bir anda İŞİD-lə üz-üzə qalan PKK üçün Kandili itirməkdən daha ciddi problem anlamına gəlir. Əlbəttə, Kandil bunun qisasını almaq üçün terror Türkiyənin hər tərəfinə yaymağa çalışacaqdır, ancaq indi İŞİD-lə döyüş zamanıdır… Çünki bu günə kimi “kürdlərin haqqlarını müdafiə etdiyini” bəyan edən PKK üçün sınaq zamanıdır. Rojova və Şengalda kürdləri qorumaq, təhlükəsizliklərini təmin etmək PKK-nın bu zamana qədərki ən böyük sınağıdır. Ya bu deyilənləri edərək, xalqı “İslam Dövləti”ndən qoruyacaq, ya da məğlub olacaq… Bu dəfə Kandilə geri çəkilmə PKK-nın intiharı olar. Ona görə də, sona qədər İŞİD-lə savaşmaq məcburiyyətindədir. Bu məsələdə Bərzanidən dəstək görərmi? O da sual altındadır. Çünki Bərzani peşmərgələri öz ərazilərini qorumaqdadırlar.  Bərzani torpaqları ilə yanaşı ordusunu da bu savaşlardan uzaq tutaraq, qorumaq niyyətindədir. Yəni, faktiki olaraq, bölgədəki kürdləri PKK ilə YPG ya qoruyacaq, ya da İŞİD qərbi Kürdüstan adlandırılan Suriyanın şimalına da sahib çıxaraq, torpaqlarını genişləndirəcək…

Bu savaşı kimin qazanacağı isə bəlli olsa da, qalibin adı nə İŞİD-dir, nə PKK…

Görünən odur ki, elə Türkiyə də bu problemlərin ikisindən də birdən qurtulmaq istəyir…

Aqil ƏLƏSGƏR

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 150
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."