!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Platformalar niyə neftçilərin ölüm maşınına çevrilib?

!Reklam – Yazi

Bu günlərdə suda yerləşən neft platformalarında qəzalarla bağlı material hazırlamaq üçün Google.az, rambler.ru kimi axtarış sistemlərindən istifadə etdim. Çox maraqlı bir hal diqqətimi cəlb etdi.

Ötən ilin dekabrında “Günəşli” yatağında SOCAR-a məxsus 10-cu özüldə baş vermiş qəzadan dərhal sonra Azərbaycanın İnternet resurslarında dünyada baş vermiş və ekologiyaya ciddi zərər vurmuş qəzalardan çoxlu materiallar dərc edilib. Xatırladım ki, “Günəşli”dəki dəhşət baş verəndən sonrakı ilk günlərdə əsas diqqət məhz qəzanın ekoloji təsirlərinə yönəlmişdi – insan itkisinin miqyası barədə dəqiq təsəvvür yox idi – bəlkə də ona görə ki, hamıda dənizə düşən neftçilərin sağ tapılacağına böyük ümidlər vardı. “Cəmiyyətin diqqəti ekoloji nəticələrə yönəldiyi vaxt mətbuatın bu məsələdən yazması çox normaldır” deyəcək hamı. Mən də eyni fikirdəyəm, amma ötənilki yazıların çoxunda giriş təxminən eyni mövzudadır: dənizdən neft çıxardırsansa, ekoloji nəticələri olan qəzaların baş verməsi gözləniləndir.

Qəzadan bir neçə gün keçəndən sonra isə İnternet resurslarında ən çox insan tələfatı ilə nəticələnmiş qəzalar sıralanır: dənizdə məhv olan neftçilərin sağ qalmasına ümidlər sönəndə, insan ölümü faktoru diqqət mərkəzinə gələndə. Çoxsaylı resurslarda dünyanın müxtəlif ərazilərində baş verən və çoxsaylı insan itkiləri ilə nəticələnən qəzalara dair məlumatlar təxminən belə təqdimatla verilir ki, sudan neft çıxardırsansa, tələfatlı qəzalar bəzən qaçılmaz olur…

Qəzalara gəlincə, dünya miqyasında “Günəşli”dəki kimi təxliyə qaydalarının pozulması nəticəsində çoxlu insan tələfatına səbəb olan qəza olaraq diqqəti Braziliyanın “Petrobras” şirkətinəməxsus Enchova Central platformasındakı hadisə cəlb edir. Rio de Janeyro yaxınlığında yerləşən Enchova Central platforması 2 dəfə yanıb. Hər iki insidentə qəfil qaz artması – qrifon səbəb olub. İlk insident 1984-cü ilin 16 avqustunda baş verib. Hadisə zamanı 42 insan həyatını itirib – nə qədər dəhşətli də olsa, yanğından deyil, uğursuz xilasetmə əməliyyatı zamanı. Belə ki, heyətin 36 nəfərinin yerləşdirildiyi xilasetmə qayığı bağlandığı yerdən qoparaq suya düşüb, qayıqdakıların hamısı həlak olub – “Günəşli”dəki kimi…

İkinci insident Enchova Centralın tamamilə məhv olması ilə nəticələnib. Belə ki, 1988-ci ilin 24 aprelində platformanı neftdən qaza keçirmə əməliyyatı zamanı ikinci qaz atması baş verib ki, bu da platformada 31 gün davam edən yanğına səbəb olub. Yanğın söndürüləndən sonra məlum olub ki, platforma istismara tam yararsız hala düşüb.

Bir məsələni də deyim ki, dünyanın əsas neft ölkələrinə məxsus platformalarda ötən əsrin 90-cı illərinin əvvəlindən bəri böyük insan tələfatı ilə nəticələnən qəzalar demək olar ki, qeydə alınmayıb. Bu sırada yalnız Rusiya fərqlənir – 2011-ci ilin dekabrında Rusiyanın Saxalın yarımadası yaxınlığında “Kolskaya” yarımdalma üzən platforması batıb. Güclü tufan qoşqu ilə Kamçatkadan Saxalinə tərəf aparılan platformanın çevrilməsi və bütünlüklə batmasına səbəb olub. Hadisə nəticəsində hansı səbəbdən platformada olduğuna indiyədək aydınlıq gətirilməyən 67 nəfər ekipaj üzvündən yalnız 14-nü xilas etmək mümkün olub.

Qeyd edim ki, məqsədim Xəzər dənizindəki platformalarda baş verən qəzalara dair məlumatlarla tanış olub, digər Xəzəryanı ölkələrdəki qəzaları öyrənmək idi. Nə qədər ağrılı da olsa, məlum oldu ki, axtarış sistemlərində qeydə alınan ən faciəli qəzalar Xəzərin Azərbaycan sektorunda baş verib. Sovet dövründə bu sektorda ən ağır qəza olaraq tarixdə 1957-ci ildə güclü tufanın qazma qülləsini uçurması qalıb. Bu hadisə nəticəsində Mixail Koveroçkinin 22 nəfərlik briqadasının bütün üzvləri həlak olub. Məhz bu qəzadan sonra platformaları dəniz səthindən daha hündür tikməyə başladılar:13 metrlik dalğaların orada çalışan insanları yuyub aparmaması üçün…

Sovet dövründə Xəzərin Qazaxıstan sektorunda da qəza qeydə alınıb. 1983-cü ilin avqustunda “Tengiz” yatağında quraşdırılan “Azərbaycanın 60 illiyi” adlı yarımdalma üzən qazma qurğusunda cəmi 14 gün sonra qəza baş verib. Belə ki, qurğu vasitəsilə qazılan kəşfiyyat quyusu qəfildən hündürlüyü 45-50 metrə çatan açıq fontana keçib, sentyabrın 8-də isə platforma dənizin 41-43 metr dərinliyinə batıb. Hadisə nəticəsində insan itkisi olub-olmadığına dair məlumat verilmir, amma platformanın dayaq bloklarından birinin ucu hələ də suyun üzündə görünür. 2012-ci ildə platformanın batdığı ərazidə hündürlüyü 2 metrə çatan qaz-su fontanı qeydə alınıb.

1985-ci ildə isə “Tengiz” yataqlarının neft-qaz ehtiyatlarının kəşfi zamanı 1167 metr dərinlikdə də qəza olub. Qəza yanğınla nəticələnib: alovun hündürlüyü 300 metr, eni isə 50 metrə qədər çatıb. Yanğını söndürmək üçün SSRİ-nin bütün gücləri cəlb olunub. Bəzi məlumatlara görə, sonda yanğını yeraltı nüvə partlayışı ilə söndürüblər. Bu qəza zamanı insan tələfatı olduğu, suya neft və digər zərərli maddələrin axdığı bildirilsə də, dəqiq rəqəmlər açıqlanmayıb.

Müstəqillik dövründə isə Xəzəryanı Sovet respublikalarından yalnız Azərbaycanın platformalarında çoxsaylı insan tələfatı ilə nəticələnən qəzalar baş verib. Nə Qazaxıstan, nə Rusiya, nə də Türkmənistan sektorlarında bizdəki qədər faciəli hadisələr yaşanmayıb.

Bizdə isə yeni quraşdırılan qurğularda – xarici şrikətlərin işlədiyi ərazilərdə yalnız bir qəzaya yaxın hadisə qeydə alınıb – 2008-ci ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yatağında “Qərbi Azəri” platformasında qaz sızması baş verib. İnsan tələfatı olmayan hadisə nəticəsində platformada hasilat 2 aya yaxın dayandırılıb.

SOCAR-a məxsus platformalarda isə 2014-cü ildən bəri qəzalar ard-arda gəlir: 3 ildə 51 neftçi həyatını itirib bu qəzalarda. Statistika göstərir ki, qəzalar əksər hallarda Sovet dövründən quraşdırılan platforma və qurğularda qeydə alınır. Bu faktdan bəzən SOCAR rəsmiləri özlərini müdafiə üçün qalxan kimi yararlanırlar, halbuki, yaşı çox olan qurğular daha çox diqqət, daha sərt təhlükəsizlik qaydaları, daha sıx nəzarət tədbirləri, daha ehtiyatlı yanaşma tələb edir. Bütün bunları isə İNSAN faktoruna önəm verən şirkətlər edirlər. O şirkətlər ki, ictimai qınağı, təzyiqi ciddi amil kimi qəbul edirlər; yaxud etməyə məcburdular. Çünki ictimai rəydə nüfuzlarına dəyən zərər dərhal bazar dəyərlərində əksini tapır. Eyni zamanda şirkətin texniki, əmək təhlükəsizliyi qaydalarının yetərsizliyi üzündən baş verən hər ölüm hadisəsinə, ekologiyaya vurulan ən xırda zərərə görə qanunla sərt cəza alırlar, yüksək məbləğdə cərimə olunurlar: Deepwater Horizon platformasındakı qəzaya görə BP-nin 20 milyard dollar cərimələnməsi, üstəlik, baş vermiş ekoloji fəlakətin bütün nəticələrinin aradan qaldırılması xərclərini ödəməsi kimi…

Təəssüf ki, bütün bunların heç biri SOCAR-a aid deyil. Dövlət içində dövlətə çevrilən bu şirkətin onlarla işçisi təhlükəsizlik qaydalarına əməl olunmaması, əməyin təhlükəsizliyinin təmin edilməməsi üzündən baş verən qəzalarda həyatını itirib. Bu hadisələrin heç birinə görə SOCAR-a “gözün üstə qaşın var” deyilməyib… Aydın məsələdir ki, bu cür cəzasızlıq mühiti davam edərsə, ölümlü qəzaların sayı da artacaq.

Son olaraq qeyd edim ki, ölkə Prezidentinin tapşırığı əsasında 10 neftçinin ölümünə səbəb olan son hadisə ilə bağlı cinayət işi başlanıb. Ümid edək ki, bu iş obyektiv aparılacaq və məsuliyyət sahibləri layiqli cəzalarını alacaqlar…

Dünya Sakit
Yeniçağ.Az

www.yenicag.az

1512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv