Politoloqdan nazir müavininə qarşı ağır ittiham

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

araz ezimovElşən Mustafayev: “Əzimovun dedikləri o anlama gələ bilər ki, diplomatik strukturda bəzi qüvvələr  rusiyapərəst mövqe sərgiləyir”

Xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibəsində Suriyanın Rusiya tərəfindən dəstəklənən hazırkı rəhbəri barədə danışarkən bildirib ki, Bəşər Əsəd prezident kimi hazırda bu ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır: “Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”.

Yenicag.az-a XİN rəsmisinin bu açıqlamasına münasibətini bildirən politoloq, AMİP sədrinin müavini Elşən Mustafayev bu fikirlərdən birincisi təəccüb, sonra isə təəssüf keçirdiyini dilə gətirdi: “Ən azından ona görə ki, bu günə qədər Azərbaycan Suriya ilə bağlı məsələdə istər prezident, istərsə də xarici işlər naziri səviyyəsində konkret birmənalı münasibət bildirməyib. İndiki vəziyyətdə düz də ediblər. Çünki hazırkı situasiyada mövqe Araz Əzimovun sərgilədiyi şəkildə bildirilməməli idi. Diplomat bu cür fikir səsləndirməməlidir. Bu açıqlamada elə məqamlar var ki, ən azından gülünc doğurur. Burada A. Əzimov bildirib ki, Əsəd dövlətin təhlükəsizliyi və ərazi bütövlüyünün yeganə qarantıdır. Xarici işlər nazirliyinin rəsmisi ən azından bu ifadəni işlətməməli idi. Ona görə ki, ölkənin 15-20 faizinə güclə nəzarət edən, 300 mindən artıq insanın ölümünə bais olan bir dövlət başçısının ölkənin təhlükəsizliyinin qarantı kimi qiymətləndirilməsi heç bir halda doğru yanaşma deyil. İkinci bir tərəfdən, bu məsələlərdə Azərbaycan nə Rusiya, nə də koalisiya qüvvələrinin mövqeyini açıq şəkildə müdafiə etməyib. Ölkəmiz Suriyada sülhün qorunması, qaçqınların qayıtması, bütün xalqı qane edəcək legitim hakimiyyətin mövcud olmasının tərəfdarıdır və bunu da elan edib. Belə olan halda onun üzərindən konkret mövqe bildirmək birbaşa Azərbaycanın indiyə kimi yürütdüyü rəsmi xarici siyasətə zidd fikirdir. Bu səbəbdən hesab edirəm ki, məsələ ilə bağlı XİN tərəfindən münasibət bildirilməli, nazir müavininin dediklərinin dövlətin mövqeyi olmadığı açıqlanmalıdır. Xarici işlər nazirinin müavini ola bilsin şəxsi fikrini səsləndirib, halbuki rəsmi şəxs olaraq onun şəxsi fikir bildirməyə də haqqı yox idi. Bu günləri koalisiya qüvvələri ilə Rusiya arasında danışıqların əsas predmetindən biri də Əsədin istefaya getməsi və müvəqqəti keçid hökumətinin qurulması ilə bağlıdır. Belə olan halda A. Əzimovun Əsədi ölkəsinin qarantı qismində görməsi Azərbaycanın xarici siyasətinə uğur və başucalığı gətirən fikir deyil. Lakin bu heç də o anlama gəlməməlidir ki, Azərbaycan Suriya məsələsində Rusiyanın yanındadır. Moskva özü marağındadır ki, Azərbaycan bu məsələdə konkret mövqe bildirsin. Azərbaycan isə rəsmi mövqe bildirmir. Bu da o deməkdir ki, Azərbaycan həmin məsələdə Rusiyanın tutduğu mövqeni birmənalı müdafiə etmir. Eyni zamanda, Qərbin də mövqeyini birmənalı şəkildə qəbul etmir, lakin onların da əleyhinə fikir söyləmir. Amma Əzimovun dedikləri o anlama gələ bilər ki, diplomatik strukturda bəzi qüvvələr  rusiyapərəst mövqe sərgiləyir. Bilirik ki, Azərbaycan hakimiyyətində Rusiyaya meylli müəyyən qüvvələr var ki, onlar son zamanlar fikirlərini açıq şəkildə büruzə verməyə başlayıblar. Azərbaycan dövlətinin mövqeyi olmasa da belə, ölkəmizdə Rusiyaya simpatiya bəsləyən qüvvələr var və onlar da hakimiyyətin müxtəlif strukturlarında yüksək vəzifələrdə təmsil olunublar. Araz Əzimovun Əsədlə bağlı söylədiyi fikirləri də ən azından həmin insanların fikirləri kimi qələmə verirəm. Azərbaycan dövlətinin rəsmi xarici siyasəti kimi isə qəbul etmirəm. Belə olsaydı, dövlət başçısı, yaxud da xarici işlər naziri bu kimi fikirləri indiyə kimi dilə gətirərdilər. Bu baş verməyib, deməli daxildə Rusiya tərəf bir məhəbbət qalxıb. Ola bilər həmin fikirlər kimlərəsə xoş gəlmək üçün işlədilib, ola da bilər konkret içindən gələn fikirlərdir ki, bunu söyləyib”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır