Polkovnik generalın təriflədiyi İranın “Qarabağ dəstəyi”nin iç üzünü açdı

Müəllif: Baş Redaktor

Baş Redaktor

get_imgÜzeyir Cəfərov: “İranın rəsmi qaydada Qarabağ savaşında  Ermənistanla bağlı sərgilədiyi mövqe qətiyyən Azərbaycanın xeyrinə olmayıb”

İstefada olan general-leytenant, hərbçi ekspert Yaşar Aydəmirovun APA-ya açıqlamasında iddia edib ki, işğalçı Ermənistanla savaşda Azərbaycana İran hərtərəfli yardım edib. Aydəmirov vurğulayıb ki, Rusiya, Türkiyə, İsrail, İran və digər yaxın və dost dövlətlərlə son illərdə həyata keçirilən hərbi-texniki əməkdaşlıq öz bəhrəsini verib: “Bu ölkələr sırasında xüsusilə iranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir”.

General-leytenant bildirib ki, I Qarabağ savaşında olduğu kimi, bu gün də İran dövləti bizi həm siyasi, həm də hərbi baxımdan dəstəkləyir: “Bu dəstək ölkələrimiz və xalqlarımız arasında mövcud dini, milli, tarixi və mədəni köklərə əsaslanır. Yadımdadır, hələ 90-cı illərin əvvəllərində Ermənistanın açıq-aydın təcavüzü ilə üzləşərkən iranlı qardaşlarımızın həm hərbi mütəxəssisləri, həm könüllüləri bizimlə çiyin-çiyinə düşmənə qarşı eyni səngərdə döyüşürdülər.  Heç də sirr deyil ki, İrandan əldə edilən 122 millimetrlik D-30A haubitsaları, 107 millimetrlik yaylım atəşli reaktiv sistemləri (YARS), 60 millimetrlik minaatanlar, eləcə də külli miqdarda sursatlar, hərbi təyinatlı digər vasitələr aprel ayının əvvəllərində Ermənistanın təcavüzünə qarşı həyata keçirilən əks-həmlə əməliyyatı zamanı uğurla tətbiq olundu”.

Yəni açıqlamasında o İranın guya Azərbaycana bu məsələdə hərtərfəli yardım etdiyini bildirir. Görəsən, bu nə dərəcədə doğrudur? Doğru deyilsə, onları deməklə Y. Aydəmirov hansı məqsədlər güdür?  Aydəmirovun vurulandan sonra yenidən meydana çıxması Rusiyanın planı ola bilərmi?

Hərbçi ekspert Üzeyir Cəfərov Yenicag.az-a açıqlamasında bildirdi ki, əslində Qarabağ savaşında Tehranın Ermənistana münasibətdə sərgilədiyi mövqe Azərbaycanın xeyrinə olmayıb: “O zamanlar Azərbaycanda İrandan əslən azərbaycanlı olan könüllü hərbçilər də var idi. Amma onların sayı o qədər çox deyildi ki, Qarabağ savaşında hansısa uğurun qazanmasında iranlıların bizə kömək etdiyini deyək. Burada elə məsələlər var ki, bu haqda danışmaq Azərbaycana daha çox ziyanı ola  bilər. Hətta biz o zamanlar İrandan nəyisə almışıqsa da, onun keyfiyyətlisi ilə yanaşı, keyfiyyətsizi də olub. Məsələni İrandan alınmış bəzi silah partiyalarını bizə gətirən şəxslərin vicdanına buraxmaq lazımdır. Belə ki, düşmənlə üz-üzə qalanda əsgərlərimiz həmin İran istehsallı qranatomyotdan atəş açarkən bir sıra hallarda  hətta o silah yarıtmayıb. Bəzən həmin silahların hətta lazımı anda istifadəsi mümkün olmayıb. Düzdür, İranın da Azərbaycana müəyəyn dəstəyi olub. Amma o da var ki, bu illər ərzində İran Ermənistana kifayət qədər maddi və mənəvi dəstək verib. Hərçənd ki, bir İslam ölkəsi kimi İrandan bunun əksini görmək istəyirdik. Lakin İranın rəsmi qaydada Qarabağ savaşında  Ermənistanla bağlı sərgilədiyi mövqe qətiyyən Azərbaycanın xeyrinə olmayıb. Bu mənada Yaşar Aydəmirovun yenidən gündəmə gəlməsi və İranla bağlı dediklərinin hansı məqsədlər daşıdığını deyə bilmərəm. İlk dəfə idi ki, belə yüksək rütbəli hərbçinin dilindən İran məsələsi gündəmə gəlirdi. Ola bilsin İran məsələsi məqsədyönlü şəkildə gündəmə gətirilib, ola da bilsin bəzi məsələlər var ki, onları indi xırdalamaq xeyrimizə işləməyə bilər”.

ELÇİN


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır