“Pomidor satan gəlib döyüş idmanına rəhbərlik edir” – Federasiya rəhbərindən sərt ittiham

Müəllif: Redaktor

Editor

6Xəbər verildiyi kimi, bu günlərdə Ukraynanın Xarkov şəhərində keçirilən MMA üzrə dünya çempionatında Azərbaycan idmançısı Şahin Ramazanov (70 kq) qızıl medal qazanıb.

Keçirdiyi 3 görüşü qələbə ilə başa vurub, çempion adını qazanan həmyerlimiz Ş.Ramazanovun həqiqətən Azərbaycan MMA Federasiyasının üzvü olub-olmaması ilə bağlı məlumat almaq üçün qurumun rəhbəri Şəhriyar Abbasov ilə əlaqə saxladıq.

– Şəhriyar müəllim, Şahin Ramazanov adlı idmançımız MMA üzrə dünya çempionu olub. Maraqlıdır ki, onun adına mətbuatda ilk dəfədir ki, rast gəlirik.

– Bəli, Şahin Ramazanov doğrudan da bizim milli komandamızın üzvüdür. Və sevindirici haldır ki, o, 77 kq çəki dərəcəsində qızıl medal qazanıb.

– Bəs federasiyanın adından istifadə edərək, özünü yalandan MMA üzrə dünya və ya Avropa çempionu adlandıranlar olubmu? Siz bununla hər hansı tədbir görmüsüzmü?

– Bu gün MMA inkişafda olan idman növüdür. Bizim də başımıza belə hallar gəlib. Mən də dəfələrlə Gənclər və İdman Nazirliyində bu məsələni qaldırmışam. Bildirmişəm ki, buna bir ölçü götürülməlidir. Bir faktı da qeyd edim ki, insanlar peşəkarlarla, həvəskarları səhv salırlar. MMA-da 2 versiya var: peşəkarlar və həvəskarlar… Elə Şahin də həvəskarlar arasında çempion olub. Həvəskarlar elə də güclü deyillər. Amma hər ikisi bir yerdə məşq edir.

– Sizcə saxta “çempionlar”ın məqsədi nədir?

– Sizə bir hadisəni danışım. Ötən il biz Dünya çempionatına yollanmışdıq. Orada hər ölkənin nümayəndəsi vardı. Bir nəfər mənə yaxınlaşdı ki, “burada azərbaycanlılar var, idmançılarla şəkil çəkdirmək istəyirlər”. Öncə başa düşmədim söhbət nədən gedir, razılaşdım. Sonra mənə dedilər ki, “onlar özləri ilə kəmər gətiriblər ki, rinqdə şəkil çəkdirsinlər. Mən onlardan pul almışam. Siz də bizə bir adam verin, onların əllərini qaldırsın”.

Təbii ki, bu deyilənlərlə razılaşa bilməzdim. İradımı kəskin şəkildə bildirdim. Sonra öyrəndim ki, sən demə, bu fırıldaqçılar MMA-nın hansı ölkədə yarışı gedəcəyini öyrənib ora yollanırlar.

Bir dəfə də, səhv etmirəmsə, Odessaya yollanmışdılar və oradan guya MMA üzrə çempion olub qayıtmışdılar. Bunu da saytlardan biri işıqlandırdı. Həmin saytın rəhbərliyinə zəng edib, məlumatın yalan olduğunu bildirdim. Məhz mənim müdaxiləmdən sonra xəbər çıxarıldı.

Məsələ barədə tez-tez televiziya kanallarına da müraciət edir, saxta “ qəhrəmanları” ifşa etməyə çalışıram. Sevinirəm ki, daha onları efirə buraxmırlar. Hələ də anlamıram: onlar bu yola əl atmaqla nə etmək istəyirlər?

– Federasiyanın adından istifadə edənlərə görə məhkəməyə müraciət etmisizmi?

– Fikrimcə, elə bir proqram hazırlamaq lazımdır ki, bu işlə məşğul olanların qarşısı alınsın.

Həmin şəxslərin rəhbərləri gəlib, yalvarırdı ki, “onlardan pul almışam, kömək elə”. Mən etiraz etdim və saxtakarlığa yol verə bilməyəcəyimi söylədim . Yenə deyirəm MMA inkişafda olan bir idman növüdür. Ona görə də hər kəs adının bu idmanla hallanmasını istəyir. Buna da GİN nəzarət etməlidir. Acınacaqlısı odur ki, pomidor satan gəlib bu işlərlə məşğul olur. Və hər sahədə olduğu kimi idmanda da saxtakar insanlar var.

 

Aygün İlqarqızı

Yenicağ.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır