Prezident baş redaktorla görüşdü

Müəllif: Redaktor

Editor

ilham-821Azərbaycan prezidenti İlham Əliyev “The Business Year” jurnalının baş redaktoru Leland Raysı və jurnalın direktoru xanım Betül Çakaloğlunu qəbul edib.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, “The Business Year” jurnalının baş redaktoru Leland Rays İlham Əliyevin İstanbulda keçirilən Dünya Humanitar Sammitində iştirakının və çıxışının önəmini vurğulayıb. O, Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və dünyada gedən iqtisadi proseslərdəki rolunu qeyd edib.

Dünya Humanitar Sammitinin əhəmiyyətinə toxunan İlham Əliyev Sammitin bu formatda ilk beynəlxalq humanitar tədbir olduğunu vurğulayaraq tədbirin gündəliyinin geniş sahələri əhatə etdiyini deyib. Beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə toxunan dövlət başçısı Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunması istiqamətində görülən işlərdən danışıb.

“The Business Year” jurnalının direktoru xanım Betül Çakaloğlu jurnalın gördüyü işlər barədə dövlət başçısına məlumat verib. Altı ilə yaxın bir müddətdə ölkəmiz ilə əməkdaşlıq etdiklərini vurğulayan xanım Betül Çakaloğlu jurnalın dünyanın müxtəlif qitələri və ölkələrində yaxşı əlaqələr qurduğunu deyib.

“The Business Year” jurnalının baş redaktoru Leland Rays İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəyə, “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, mühüm beynəlxalq idman tədbirlərinin, o cümlədən birinci Avropa Oyunlarının nümunəvi təşkilinə və Azərbaycanın çox böyük potensialının dünyada təbliğinə, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı göstərdiyi səylərə, Azərbaycanı əhəmiyyətli transmilli nəqliyyat layihələrinin mərkəzinə çevirdiyinə, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə verdiyi böyük dəstəyə, multikultural dəyərlərin təşviqi ilə bağlı beynəlxalq humanitar tədbirlərin keçirilməsi və regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər uğurlu fəaliyyətinə görə rəhbərlik etdiyi jurnalın Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” mükafatına layiq gördüyünü dedi və mükafatı dövlət başçısına təqdim edib.

Dövlət başçısı “The Business Year” jurnalının “Dünyada ilin adamı” mükafatına layiq görüldüyünə görə minnətdarlığını ifadə edib. Prezident jurnalın baş redaktoru Leland Raysın təqdimatında Azərbaycanın həyata keçirdiyi siyasətin ən əhəmiyyətli istiqamətlərinin qeyd olunduğunu vurğulayaraq iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi, multikulturalizm, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi və bu infrastruktura investisiyaların yatırılması kimi məsələlərin əldə olunmasında regional əməkdaşlığın əhəmiyyətini qeyd edib. Regional əməkdaşlığın yalnız qarşılıqlı inama əsaslandığını deyən dövlətimizin başçısı qarşılıqlı inamın isə multikultural, dini və etnik dözümlülük kimi dəyərlərin təşviqi ilə yaradıldığını bildirib. Bütün bu dəyərlərə görə qürur duyduğunu qeyd edən İlham Əliyev Azərbaycanın təbliğinə və ölkəmizlə bağlı həqiqətləri beynəlxalq auditoriyaya çatdırdıqlarına görə “The Business Year” jurnalına təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.

Prezident baş redaktorla görüşdü


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır