Yazı İçi 468×60

ramilin_sekliRamil Əliyev: “Ən güclü Azərbaycan diasporu Rusiyadadır”

“Bu sırada Ümumrusiya Azərbaycanlıları Konqresi və AMOR təşkilatını qeyd etmək lazımdır”

Artıq Dünya Azərbaycanlılarının daha bir mühüm toplantısı arxada qaldı. Sayca dördüncü dəfə Bakıda bir araya gələn diaspor təşkilatları iki gün ərzində qarşıda duran vəzifələr, növbəti hədəflər və gələcək fəaliyyət istiqamətlərini müzakirə etdilər. Qurultayda ən diqqət çəkən məqam isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş və əhatəli, proqram xarakterli çıxışı, diaspor təşkilatları qarşısında qoyduğu vəzifələr oldu. Dövlət başçısı çıxışı zamanı diaspor rəhbərlərinə bir sıra vacib tövsiyyələr də etdi. Bəs görəsən diaspor təşkilatlarının rəhbərləri Azərbaycan Prezidentinin bu tapşırıq və tövsiyyələrinə necə əməl edəcəklər? Ümumiyyətlə, onların Dünya Azərbaycanlılarının IV Qurultayından gözləntiləri nədir?

Ümumrusiya Azərbaycanlıları Konqresinin İstra rayon təşkilatının sədri Ramil Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının uğurla başa çatdığını söyləyib. O, bildirib ki, qurultayın ən yadda qalan məqamı Azərbaycan Prezidentinin diaspor rəhbərlərinə verdiyi tövsiyyələr oldu: “Cənab Prezident diaspor təşkilatları qarşısında konkret vəzifələr qoydu. Həmçinin cənab Prezident müəyyən iradlarını, nöqsanları qeyd etdi. Dövlət başçısı bildirdi ki, gələcək qurultaya qədər, yəni 5 il ərzində həmin nöqsanlar, zəiflik aradan qaldırılmalıdır. Zəifliyimiz isə onunla əlaqəlidir ki, biz informasiya mübarizəsi sahəsində o qədər də irəli gedə bilməmişik. Həqiqətən də cənab Prezidentin bu iradı yerində səsləndirilib. Hesab edirəm ki, həm Mərkəzi Aparat, həm də regional təşkilatlar bu sahədə birlikdə çalışmalıdırlar. Bu məqsədlə yeni texnologiyalardan istifadə edilməli, internet resursu yaradılmalıdır. Bununla Azərbaycan barədə doğru-dürüst məlumatları Rusiya cəmiyyətinə, onun rəsmi və qeyri-rəsmi qurumlarına daha tez çatdıra bilərik”. Ramil Əliyevin sözlərinə görə, bu işlərə daha peşakar, bacarıqlı kadrlar cəlb edilməlidir ki, uğurlu nəticələr əldə edilsin. Təşkilat sədri bildirib ki, zamanında həmin kadrlardan istifadə edilsə bu gün diaspor təşkilatları iradlarla qarşılaşmazdı: “Dünya Azərbaycanlılarının III Qurultayında da cənab Prezident oxşar iradları səsləndirmişdi. Düzdür, o zaman müəyyən qəzetlər çap olundu, saytlar yaradıldı. Ancaq bu işə qeyri-peşəkar, ixtisasına uyğun olmayan kadrların cəlb edilməsi və onların fəaliyyətinin nəticəsidir ki, həm internet resurslarımız zəifdir, həm də qəzetimiz demək olar ki, yox dərəcəsindədir. Rusiya ictimaiyyətinə həm fəaliyyətimiz, həm də Dağlıq Qarabağ problemi, Azərbaycanın haqlı mövqeyi ilə bağlı doğru-dürüst informasiyanın çatdırılması üçün resursumuz yoxdur. Elə bunun nəticəsidir ki, aprelin əvvəllərində baş verən erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat və işğal altında olan bir neçə yüksəkliyin azad edilməsi Rusiya cəmiyyətinə oradakı erməni lobbisi, ermənipərəst KİV-lər tərəfindən fərqli formada çatdırıldı. Bununla bağlı keçirilən debatlarda azərbaycanlıların iştirakına məhdudiyyət qoyuldu”. Ramil Əliyev onu da deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi İstra rayon təşkilatının sədri olaraq cənab Prezidentin informasiya mübarizəsi ilə bağlı tövsiyyələrinə müvafiq addımlar atmaq, işlər görməyi nəzərdə tutur: “Hesab edirəm ki, biz ilk növbədə Rusiyada yaşayan azərbaycanlıları olaraq vahid bir diaspor təşkilatı ətrafında birləşək. Bu gün Rusiyada çoxlu sayda diaspor təşkilatı mövcuddur. Düşünürəm ki, bütün diaspor təşkilatları Ümumrusiya Azərbaycanlıları Konqresinin ətrafında birləşsə daha ciddi nəticələr əldə etmək olar. Çünki güclü diaspor olduqdan sonra qarşıya qoyulan bütün hədəflərə çatmaq mümkündür. Ondan sonra bütün istiqamətlərdə, eləcə də informasiya mübarizəsi sahəsində uğurlu addımlar atmaq olar”. Ramil Əliyevin sözlərinə görə, yeni müstəqil qəzet, jurnal təsis etmək olar: “Eyni zamanda radio açmaq mümkündür. Bu gün Rusiyada kifayət qədər imkanlı azərbaycanlı iş adamları var ki, onların nəinki bir, hətta 5 dənə televiziya kanalı açmağa imkanı var. Onların imkanlarından istifadə edərək özəl televiziya kanalları, informasiya saytları açmaq mümkündür. Heç şübhəsiz ki, eyni zamanda normal, ixtisaslaşmış kadrlar lazımdır. Analitik jurnalistlərə ehtiyacımız var ki, baş verən prosesləri analiz edib ictimaiyyətə çatdıra bilsin. Həmçinin politoloqların yetişməsi zəruridir”. Təşkilat sədri onu da qeyd edib ki, dövlət başçısının tövsiyyələrinə uyğun olaraq Rusiyada fəaliyyət göstərən Azərbaycan səfirliyi və digər diplomatik nümayəndəliklərlə əməkdaşlığı inkişaf etdirmək istiqamətində addımlar atır: “Biz hər zaman əməkdaşlığa hazırıq. Bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün cəhdlər edirik. Keçirdiyimiz tədbirlərdə iştirak etmək üçün onlara dəvətlər gndəririk. Ancaq onların müəyyən qrafiki olduğu üçün bütün tədbirlərdə iştirak edə bilmirlər. Onu da qeyd edim ki, səfirlik və diplomatik nümayəndəliklər çalışdıqları qədər bizə dəstək verirlər. Ancaq istəsələr onların diaspor təşkilatlarına daha çox dəstək vermək imkanları var. Ancaq burada bir məqam da var. Diaspor təşkilatlarının sayı həddən artıq olduğu üçün səfirlik də onların hamısının tədbirində iştirak edə bilmir. Ona görə də hesab edirəm ki, bahid bir təşkilat olmalıdır. Səfirlik də öz növbəsində bundan irəli gələrək həmin təşkilatla əməkdaşlıq edər”. Ramil Əliyev onu da diqqətə çatdırıb ki, xırda diaspor təşkilatlıarının olması o qədər də yaxşı halı deyil. Onun sözlərinə bəzi xırda diaspor təşkilatları Azərbaycanın deyil, digər ölkələrin maraqlarına xidmət edir: “Ancaq bütün ən güclü Azərbaycan diasporu Rusiyadadır. Xüsusilə, bu sırada Ümumrusiya Azərbaycanlıları Konqresi və AMOR təşkilatını qeyd etmək lazımdır. Hər iki təşkilat diaspor sahəsində lider təşkilatlardandır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."