www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri xalq artisti Ramiz Fərzulla oğlu Zöhrabovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Nekroloqda deyilir:

Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov 2017-ci il aprelin 24-də ömrünün 78-ci ilində vəfat edib.

Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olub. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxuyub, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləyib. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparıb, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olub.

1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr verib.

Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşib. Alimin tədqiqatları, eləcə də Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edir. Ramiz Zöhrabovun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları xarici ölkələrdə nəşr olunaraq müxtəlif alimlər tərəfindən mötəbər mənbə kimi qəbul edilib.

Ramiz Zöhrabov ölkəmizdə və onun hüdudlarından kənarda beynəlxalq simpoziumlarda, konfranslarda muğam sənətinə dair dərin məzmunlu çıxışları ilə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib. Milli mədəni nailiyyətləri müxtəlif səviyyələrdə daim tanıtmağa çalışan alim uzun illər ərzində apardığı silsilə radio və televiziya verilişləri ilə musiqisevərlərin rəğbətini qazanıb.

Yarım əsrə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş Ramiz Zöhrabov respublikada musiqişünas alimlərin bir neçə nəslinin yetişdirilməsi üçün böyük əmək sərf edib. Alimin rəhbərliyi ilə sənətşünaslıq sahəsində bir çox fəlsəfə və elmlər doktorları hazırlanıb.

Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində musiqişünas kimi yaxından iştirak edən Ramiz Zöhrabovun muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə çatdırılması və insanların estetik zövqünün inkişaf etdirilməsində mühüm xidmətləri var.

Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, 1990-cı ildə “Əməkdar incəsənət xadimi” və 2008-ci ildə “Xalq artisti” fəxri adlarını alıb, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış musiqişünas-alim, mahir pedaqoq və səmimi insan Ramiz Fərzulla oğlu Zöhrabovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Arif Məlikov
Fərhad Bədəlbəyli
Firəngiz Əlizadə
Siyavuş Kərimi

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."