!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident tapşırıq verdi: hansı qurumlar ləğv ediləcək?

!Reklam – Yazi

1452416756_ilhamnkPrezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında ciddi mesajlarla çıxış edib. Ölkə başçısı bir-birini təkrarlayan, lazımsız qurumların ləğv ediləcəyinin anonsunu verib.

“Bu il struktur islahatları aparılmalıdır. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir”.

Prezident qeyd edib ki, bəzi hallarda süni şəkildə iş yerləri yaradılır: “Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq”.

Qeyd edək ki, Azərbaycanda bəzi nazirlik, dövlət komitələrinin ləğvi və ya birləşdirilməsi məsələsi uzun müddətdir müzakirə mövzusudur. Millət vəkilləri, ekspertlər bu məsələ ilə bağlı konkret adlar çəkərək nazirliklərin sayının azaldılması, bəzi qurumların isə birləşdirilməsi təklifi ilə çıxış ediblər.

Millət vəkili Zahid Oruc prezidentin təklifini dəstəkləyərək, bir neçə nazirliyin birləşdirilməsinin doğru addım olduğunu diqqətə çatdırıb.

Deputat bildirib ki, müxtəlif qurumların fəaliyyətinin dayandırılması və başqası ilə birləşdirilməsini dünyada gedən iqtisadi problemlərlə bağlamaq düzgün yanaşma deyil.

“Bir sıra strukturların komitə, agentlik və yaxud nazirlik səviyyəsində olmasına heç bir ehtiyac yoxdur. Dünyada ölkələrinin bir çoxunda bu təcrübəyə bizdən əvvəlki illərdə keçilib. Onlar əhalinin hər min nəfərinə düşən məmur sayının kvotasını müəyyən ediblər. Artıq müəyyən edilib ki, hansı sayda və funksiyalara malik olan məmurlar xidmət etməlidir. Bizdə isə çoxlu şişmiş aparatlar, bir-birinin funksiyalarını əldə etmək üçün mübarizə aparan qurumlar mövcuddur”.

Millət vəkili qeyd edib ki, dövlət büdcəsində icra orqanlarının, başqa strukturların maliyyələşməsi böyük yer tutur: “Bu artıq mühüm bir çəkiyə malikdir. Onların müxtəlif səlahiyyətləri əldə etmək üçün vuruşmaları bürokratik bəlalar yaradır. Digər tərəfdən də məsuliyyətə sahib olmaq istəmirlər. Demək olar ki, bütün nazirliklərin tərkibində tikinti xidmətləri mövcuddur. Belə olan halda bu qurumlar əsas işlərini buraxırlar”.

Millət vəkili qeyd edib ki, iqtisadi, maliyyə sferasında olan qurumların birləşdirilməsi labüddür: “O cümlədən kənd təsərrüfatı kimi mühim bir nazirlik fəaliyyət göstərir. O quruma da rəhbərlik edən kifayət qədər səriştəli bir insandır. Amma gördüyünüz kimi orada da irriqasiya və su təsərrüfatı sistemi başqa bir qurumdadır. O cümlədən düşünürəm ki, Səhiyyə Nazirliyi çevrəsində çoxlu xəstəxanaların qalması da dövlət üçün əlavə yük mənbəyidir. Halbuki bütün bunların hamısının özəlləşməyə açılması imkanları genişləndirərdi. Onsuz da dövlət qoyduğu bütün sərmayəyə baxmayaraq, vətəndaşlar həmin müəssisələrə gələndə müxtəlif ödənişlər həyata keçirirlər. Belə olan təqdirdə zənn edirəm ki, ən başlıca məsələ beynəlxalq praktikaya baxmaqdır. Bir sıra məsələlərdə fərqli qərarlar vermək və onların səlahiyyətinə yenidən baxmaqdır. Dövlət bu məsələlərdə dəqiq yükünü müəyyənləşdirməlidir. Əsas vəsaitlərin sadəcə büdcə qurumları kimi ora yönəlməsi həmin adamların gələcəklərini tam qaranti altına almır”.

Z.Oruc gələcəkdə bu dəyişikliyin edilməsinin vacib olduğunu vurğulayıb: “Ölkədə həmin strukturların daha da bitkinləşməsinin müəllifi ölkə rəhbəridir. Bu dövr ərzində çoxlu proqramlar qəbul olunub. O strukturların özlərinin tərkibində çoxlu dəyişikliklər olub. Vaxtilə neft və yanacaq sektorunda olan sənaye sahəsi indi artıq İqtisadiyyat və Sənaye Nazirliyində birləşdirilib.

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda bir neçə nazirliyin ləğvi gözlənilir. Deputat bildirib ki, Azərbaycanda cəmi 13-15 nazirlik saxlanılmalıdır.

Deputatın sözlərinə görə, digər nazirliklərin səlahiyyətləri ya birləşdirilməli, ya da ləğv olunmalıdır: “Bazar iqtisadiyyatı sistemində islahatlar, təkmilləşdirilmə gedir və bu daim davam etməlidir. Mütəmadi olaraq ölkə başçısı tərəfindən müəyyən struktur islahatları aparılır, müəyyən qurumlar ləğv edilir, digərləri birləşdirilir. Həmçinin bəzi qurumların səlahiyyətləri digərlərinə verilir. Bu proses davam edir”.

V.Əhmədov qeyd edib ki, neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi, cənab prezident tərəfindən qeyri-neft sektorunun inkişafına diqqətin artırılması, kiçik və orta sahibkarlığın inkişafı bir sıra islahatlara təkan verir: “Elə nazirliklər var ki, bir-birinin işlərini təkrarlayır. Bəzi nazirliklər, komitələr kiçik və orta sahibkarlığa problemlər yaradırlar. Bu baxımdan struktur dəyişikliyi labüddür və bunu etmək lazımdır”.

Deputatın fikrincə, Vergilər Nazirliyi ilə Maliyyə Nazirliyini birləşdirmək olar. Millət vəkili hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi də düzgün olardı.

Ekspertlər isə hesab edirlər ki, Diasporla Iş Üzrə Dövlət Komitəsinin ləğv edilərək, onun funksiyaları Xarici İşlər Nazirliyinə verilə bilər. Bundan başqa, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi də səslənən təkliflər sırasındadır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti Departamenti və Dövlət Standrtlaşdırma Metrologiya və Patent Komitəsinin də ləğv ediləcəyi iddia edilir. Ehtimal edilir ki, ikincinin funksiyaları ləğv edilərək İqtisadiyyat və Sənaye Nazirliyinə verilməlidir.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 19 nazirlik, 10 dövlət komitəsi fəaliyyət göstərir.(Azvision)

www.yenicag.az

1854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv