Prezidentdən ipəkçilik və fındıqçılığın inkişafı ilə bağlı Sərəncam

Müəllif: Redaktor

Editor

1456569360-1Prezident İlham Əliyev “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sənəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə imzalanıb.

1. Barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon (bir milyon dörd yüz altmış üç min) manat, o cümlədən barama toxumlarının alınmasına 163,0 (bir yüz altmış üç) min manat, tut (çəkil) tinglərinin alınmasına 600,0 (altı yüz) min manat, fındıq pöhrələrinin alınmasına 700,0 (yeddi yüz) min manat ödənilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

2.1. tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etsin;

2.2. bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq, barama toxumları, tut (çəkil) tingləri və fındıq pöhrələri əvəzi ödənilmədən paylanılan məhsul istehsalçıları, habelə şəhər və rayonların tələbatı barədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır