Prezidentin KİV haqqında qanuna dəyilikliyi mediaya nə verəcək? – Media generalları şərh edir

Prezidentin KİV haqqında qanuna dəyilikliyi mediaya nə verəcək? – Media generalları şərh edir

Müəllif: Redaktor

Baş Redaktor

12202411_10206807589301058_1866365514_nAzər Həsrət: “Jurnalistlər bu dəyilikliyi nəzərə alaraq bir qədər daha məsuliyyətli davranmağa məcbur olacaqlar”

Aydın Quliyev: “Reket mətbuat orqanları kimi tanınan mətbuat vasitələrinin belə mövzularla iştimai rəyi çaşdırmaq cəhdlərinin qarşısını almaq sahəsində mühüm addım olacaq”

Vüqar Rəhimzadə: “Həmin dəyişiklik . jurnalistikanın inkişafına kifayət qədər mühüm dəyər verən bir dəyişiklikdir”

Prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1399-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Bundan əlavə Prezident “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edib.

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82) 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.”
Qanuna edilən bu dəyişiklik mətbuata nə qazandıracaq?

Siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında dəyilikliyin zəruri olduğunu söylədi: “Birincisi, bu dəyişiklik zəruri idi. O baxımdan ki, Azərbaycan mətbuatında azadlıq həddən artıq çox olduğundan bəzi kütləvi informasiya vasitələri, bir sıra həmkarlarımız məsuliyyət hissini tamamilə itirib. Konkret hallar olub ki, məhkəmənin barəsində hökm çıxarmadığı adam haqqında cinayətkar rəyi yaratmağa çalışıblar. Yaxud da məhkəmənin ədalətli mühakimə prosesinə zərər vura biləcək, yayındıra biləcək ifadə və ibarələrdən istifadə etməklə xəbər və yazılar hazırlayıblar. Bu cür halların qarşısının alıması baxımından düşünürəm ki, edilən həmin dəyişiklik qanuni bir imkan olacaq. Yəni kütləvi informasiya vasitələri bu qanunu nəzərə alaraq bir qədər daha məsuliyyətli davranmağa məcbur olacaqlar. Ola bilsin ki, kimlərsə məsələni senzura kimi dəyərləndirsin. Amma burada senzuralıq heç bir əlamət yoxdur. Sadəcə olaraq burada jurnalist məsuliyyətinin artırılmasından söhbət gedir”.
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də bu qənaətdədir ki, :kütləvi informasiya vasitələri haqqında mövcud qanuna belə bir dəyişikliyin edilməsinə ehtiyac var idi: “Yaxşı ki, vaxtilə bir neçə dəfə Mətbuat Şurası İdarə Heyəti və ayrı-ayrı fəal baş redaktorların qaldırdığı bu məsələ prezidentin diqqətini cəlb etdi və dövlət başçısı doğrudan da medianın və ölkədəki hüquqi proseslərin mənafeyinə uyğun olan belə bir qərarı verdi. Bəziləri bu dəyişikliyə birmənalı münasibət bəsləməsə də, ölkənin ümumi maraqları üçün onun əhəmiyyətli tərəfləri vardır. Sözsüz ki, dəyişikliklə bağlı verilən qərarın ilk növbədə jurnalistlərin peşəkarlıq, şəxsi məsuliyyət hissinin daha da inkişafı, təkmilləşməsinə təsiri olacaq. Digər tərəfdən, reket mətbuat orqanları kimi tanınan mətbuat vasitələrinin xüsusən də belə mövzularda iştimai rəyi çaşdırmaq cəhdlərinin qarşısını almaq sahəsində mühüm addım olacaqdır. Həmçinin, istintaq işləri, xüsusilə də, cinayət tərkibilə bağlı olan işlərin müvafiq dövlət orqanları tərəfindən daha rahat və mətbu təzyiq olmadan aparılmasını təmin edəcək. Ümumən bu dəyişikliyin işdə böyük faydaları olacaq”.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, sözügedən dəyişiklik jurnalistikanın inkişafına birmənalı şəkildə töhvə verəcək: “Zərurət yarandıqca inkişaf etmiş ölkələrdə də qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələsi ortaya çıxır. Qanunlara edilən əlavə və dəyişikliklər bütövlükdə bütün ölkələrin dövlətçilik prinsiplərinə , eyni zamanda cəmiyyətə də xidmət göstərir. Bu fonda kütləvi informasiya vasitələri haqqında parlament tərəfindən qəbul olunan və cənab prezident tərəfindən təsdiq olunmuş dəyişikliklər hesab edirəm ki, Azərbaycan mətbuatına kifayət qədər mühüm dəyər verəcək. İlkin ibtidai istintaqı araşdıran təşkilatın bu sırada təklif verməklə bağlı müraciət hüququnun nəzərə alınması da vacib məsələlərdəndir. Burada jurnalistin öz peşə fəaliyyətinə hökmən dəqiq yanaşmasının vacibliyi ortaya qoyulur. Ona görə həmin dəyişiklik . jurnalistikanın inkişafına kifayət qədər mühüm dəyər verən bir dəyişiklikdir. Eyni zamanda, insanların hüquqları, onların şəxsi həyatına müdaxilələrin qarşısını almaq baxımından da lazımı dəyişiklikdir. Bütövlükdə düşünürəm ki, sözügedən dəyişiklik təqdirəlayiqdir, qanunun dəqiq icrası, həyata keçirilməsi, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı əhəmiyyət kəsb edən dəyişiklikdir. Bu addım birmənalı şəkildə mətbuatın inkişafına öz töhvəsini verəcək dəyişikliklərdir”.

ELÇİN

Manşet, Media, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti