!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin niyə terrora qəza deyir?

!Reklam – Yazi

putin_7Elşən Manafov: “Buna yol verməmək üçün də Rusiya təyyarə qəzası hadisəsinin terror olayı olduğunu qəbul etməkdən qaçır”

Misirin Sinay yarımadasında Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə 224 nəfərin ölümü ilə nəticələnən olayın səbəbləri hələlik dəqiqləşməyib. Amma Qərb mütəxəssisləri burada terror olayının olması ehtimalını daha çox qabardırlar. Onlara görə təyyarəni İŞİD-lə bağlı qüvvələr partladıb. Rusiyaya gəldikdə hələlik Putin hökuməti hadisənin hansı səbəbdən baş verdiyi barədə dəqiq informasiya vermir. Olayın terror hadisəsi olduğu barədə versiyalara gəldikdə Moskva özünü elə göstərir ki, sanki ciddi reaksiya vermir. Amma eyni zamanda onlar da Böyük Britaniya və Türkiyənin ardınca Misirdə istirahət edən öz vətəndaşlarının oradan çıxarılması istiqamətində addım atmağa başlayıb.

Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov bildirdi ki, Misirdə qəzaya uğrayan təyyarənin terror hadisəsi nəticəsində baş verdiyinın üzə çıxması Putin iqtidarının mövqeyini ölkə daxilində xeyli dərəcədə aşağı sala bilər. Məhz buna yol verməmək üçün, Moskva təkzibolunmaz dəlillərə baxmayaraq, hadisənin terrorla bağlı olduğunu hələlik qəbul etmək istəmir: “Rusiya iqtidarı təyyarə qəzası ilə bağlı olaraq israrla belə bir mövqe ortaya qoyur ki, bu olay olsa-olsa təyyarənin özündə nasazlıqdan irəli gələn məsələdir. Ancaq ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının əlində təkzibolunmaz fakt var ki, bu olay İŞİD tərəfindən həyata keçirilən terror aksiyasıdır. Sadəcə olaraq Rusiya iqtidarı onun gerçəkdən terror hadisəsi olduğunu qəbul edəcəksə, bu o deməkdir ki, əslində Moskva Suriyaya qarşı hərbi əməliyyatlara qoşulmaqla dolayısı ilə öz dinc vətəndaşlarını da təhlükə altına qoymuş olur. Bu isə bu və ya digər mənada Putin iqtidarı və onun özünə olan etimadın nəzərə çarpacaq dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Ona görə də hələlik Rusiya hadisənin terror olayı olduğunu qəbul etmək istəmir. Amma təkzibolunmaz faktlar var və həmin faktlar öz sübutunu tapacaqsa, güman edirəm ki, bu Rusiya iqtidarını bundan sonra Suriya ilə münasibətləri hansı müstəvi üzərinə qoymaqla bağlı məsələyə yenidən baxmağa sövq edə bilər. Rusiya ekspertləri də qeyd edir ki, bu ölkə Əfqanıstanda olduğu kimi Suriyanın özündə də uzun müddət ilişib qalsa, həmin dövlətin iqtisadiyyatı arzuolunmaz bir vəziyyətə gəlib çıxa bilər. Əslində ABŞ və Qərbin bu məsələdə marağı da məhz ondan ibarətdir ki, dolayısı yolla Rusiyanın Suriya böhranına daxil olmasını təmin etsinlər. Ona görə Rusiya çalışmalıdır ki, qısa zamanda Suriya böhranının diplomatik müstəvi üzərində həllinə çalışsın. Hələlik isə bu mənada Qərblə Rusiyanın maraqları üst-üstə düşmür. Rusiya israrla, keçid dövrü üçün Bəşər Əsəd iqtidarının hakimiyyətdə qalmasını təklif edirsə, ABŞ isə bu variantı yaxına belə buraxmır. Güman edirəm ki, Rusiya başa düşür, onun uzun müddət Suriyada qalması bu dövlətin özünü də ciddi terror dalğası qarşısında qoya bilər. Bu Şimali Qafqazda, Dağıstanda vəziyyətin birdən-birə kəskin şəkildə dəyişməsinə gətirib çıxarar. Amma təyyarə qəzası olayının terror hadisəsi olduğu təsdiqlənsə də, güman etmirəm ki, Rusiya bunu bəhanə edərək Misirə də havadan hərbi zərbələr endirsin. Qahirə ilə Moskvanın münasibətləri belə bir fikir söyləməyə əsas verir ki, Rusiya İŞİD-ə qarşı mübarizəni Misir müstəvisi üzərinə gətirib çıxarmayacaq”.

 

ELÇİN

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv