Putinin məxfi Suriya planı mətbuata sızdırıldı

Müəllif: Baş Redaktor

Baş Redaktor

559bd248cbbf341a34a19795Suriyada davam edən müharibənin qarşısının alınması üçün Rusiya, ABŞ, Türkiyə və digər ölkələr arasında müzakirə aparılır.

Bununla bağlı Vyanada görüş keçirilir. Rusiyanın Suriya münaqişəsinin həlli ilə bağlı təklifləri bu gün mətbuata sızıb.

Rusiyanın təklifləri aşağıdakılardır:

1. “Hədəflər siyahısı” yaradılmalıdır. Suriyada münaqişəsinin siyasi həllini rədd edənlər bu siyahıya əlavə ediləcək və bundan sonra Rusiya, ABŞ və müttəfiqləri onları bombalayacaq.

2. Suriya müxalifləri ilə Əsəd ordusu arasında bütün döyüşlər dondurulacaq.

3. Suriya müxalifəti və Azad Suriya Ordusunun da iştirak etdiyi dialoq konfransı keçirilməlidir. Konfransdan əldə olunacaq nəticələr: bütün tutulanlar azad edilməli, parlament seçkiləri keçirilməli, əfv sərəncamı verilməli, Suriya birlik hökuməti qurulmalı, konstitusiya dəyişikliyi edilməlidir.

4. Rusiya prezidenti Vladimir Putin yeni seçkilərdə Bəşər Əsədin namizəd olmayacağına, ya da özü tərəfindən namizəd göstərilməyəcəyinə dair zəmanət verəcək.

5. Rejim və müxalif qüvvələr ortaq Beynəlxalq Müdafiə Qüvvələri yaratmalıdır. Azad Suriya Ordusu və digər müxalif qüvvələr Suriya ordusu və təhlükəsizlik qüvvələrinə qatılacaqlar.

6. Rusiya Suriya daxilində və xaricində bütün müxalif qrup üzvləri, fəalları və döyüşçüləri üçün əfv elan edilməsi üçün zəmanət verəcək. Bunun əvəzində müxalifət ölkə daxilində və xaricində Əsədi məhkəməyə verməyəcək

7. Bəşər Əsəd və müxalifət tərəfdarları bir-birinə hücumlar etməyəcək. İstənilən döyüşə son qoyulacaq və dəstək verən ölkələr hansı qrupa olursa-olsun, silah göndərməyəcək.

8. Rusiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından müvafiq qərarı aldıqdan sonra sülh planının həyata keçirilməsini zəmanət altına alınması üçün Suriyadakı hərbi varlığını davam etdirəcək.

Rusiyanın bu təklifləri ətrafında müzakirələr davam edir.

Son 4 ildə ilk dəfə ölkəsindən kənara çıxan Suriya prezidenti Bəşər Əsəd Moskvaya oktyabrın 20-də gecə gəlib. Təhükəsizlik məsələləri nəzərə alınaraq Əsədin Rusiyaya gəlişi sonadək gizli saxlanılıb.

Gözlənildiyi kimi, Putin və Əsəd görüşündə Suriya böhranından çıxış yolları, hərbi əməliyyatların bundan sonrakı gedişatı müzakirə olunub.

“Suriya xalqı demək olar ki, təkbaşına beynəlxalq terrorçuluğa qarşı mübarizəni davam etdirir. Böyük itkilər versə də son zamanlarda bu mübarizədə uğurlar əldə etməyə başlayıb” – deyə Vladimir Putin bəyan edib.

Bəşər Əsəd Suriyada həyata keçirilən əməliyyatlarla bağlı Rusiya hökumətinə minnətdarlıq bildirdikdən sonra Suriya hərbi qüvvələrinin fəaliyyəti və planları barədə Vladimir Putinə məlumat verib.

 

Rusiyanın Suriyanın ərazi bütövlüyü və müstəqililiyi uğrunda apardığı əməliyyatları beynəlxalq hüquqa söykəndiyi əlavə edib.

Əsəd terrorçuların öhdəsindən təkbaşına gələ bilməyəcəyini etiraf edib: “Regionda yayılan terrorçuluq sizin addımlarınız olmasaydı, daha geniş əraziləri əhatə edəcəkdi. Biz artıq Rusiyanın da köməyi ilə terrora son qoyulacağına inanırıq. Bunun üçün biz hərbi üsuldan daha üstün olan siyasi tədbirləri həyata keçirməyə hazırıq”.

Diqqətçəkən bir məqam Suriyadan böyük bir kürd heyətinin bu görüşdə iştirakı olub.

Politoloqlar Putin və Əsədin müzakirələr əsnasında kürdlərə muxtariyyət sözü verdiklərini düşünürlər. Bunun qarşılığında isə İŞİD-lə savaşmaları üçün kürd birliklərinin silahlandırılması barədə razılığ əldə edilib. Bütün bunlar isə ilk növbədə Türkiyənin bölgədəki maraqları ilə üst-üstə düşmür.

Əsədin qəfl Moskvada peyda olmasına Türkiyə baş naziri Əhməd Davudoğlu isə “kaş ki, Əsəd Rusiyada həmişəlik qalaydı, Suriya xalqı bir az rahatlanardı” – deyə reaksiya verib.

Rəsmi Ankara hesab edir ki, Suriya münaqişəsinin həlli əli qana bulanmış prezident Bəşər Əsədin getməsindən başlayır. Maraqlıdır ki, müttəfiq ölkələrdən ABŞ əvvəlki tək Əsədin dərhal prezidentlikdən getməsini təkid etmir.

Dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Suriya məsələsində mövqeyini dəyişib, onlar hesab edirlər ki, Əsədin qəfl gedişi Suriyanı yenidən parçalaya bilər.

Qərb artıq Suriyada Rusiya faktorunun olduğunu qəbul edir. Üstəlik az müddət deyil, 4 ildir ki, Əsəd onu devirmək istəyənlərin qarşısında davam gətirir.

Suriyalıların böyük qismi ərəb inqlablarından dərs götürərək prezidentlərinə dəstək olurlar (ANS).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir