!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qaçqınkom” sədrinin günahından betər üzrünə SƏRT REAKSİYALAR

!Reklam – Yazi

“Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahveriyevin törətdiyi ağır avtomobil qəzasından sonra verdiyi açıqlama sərt reaksiya doğurub.

Yenicag.Az xəbər verir ki, nəvəsinin törətdiyi ağır yol qəzasından sonra susqunluğunu pozaraq dediyi bir neçə cümlə ictimai qınağın hədəfində olan Əli Həsənova qarşı münasibəti daha da kəskinləşdirib:

“Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.

“Qaçqınkom”un sədri bu fikirləri söyləyərkən, deyəsən, özünü təkzib etdiyinin fərqində olmayıb. Çünki o, bir neçə il əvvəl verdiyi açıqlamada məmurların övladlarına nəzarət etməli olduqlarını bildirmişdi:

“Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”.

Təzad ortadadır. Görünür, Həsənov düşdüyü şokun təsirindən belə danışıb. Əks halda, o, prezident İlham Əliyevin məmurlara öz övladlarına nəzarət etmələrinin vacibliyi haqda çağırışlarını belə tez “unutmazdı”.

Xatırladaq ki, ötən ay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm avtobus sürücüsünü döyərkən, bu hərəkətin cəzasını onunla bərabər atası da çəkməli oldu – vəzifəsindən azad edilməklə.

Dövlət başçısı o halda generalı işdən çıxararkən, vəzifəli valideynlərin öz övladlarına görə birbaşa cavabdehlik daşıdıqlarını qəti şəkildə nümayiş etdirdi. O baxımdan, Əli Həsənovun “fərdi məsuliyyət” yanaşmasını öz dərisini xilas etmək cəhdi kimi qiymətləndirmək daha doğru olardı.

Mövzu ilə bağlı Yenicag.Az-a danışan sabiq millət vəkili Nazim Bəydəmirli bildirib ki, özü və ailə üzvləri cəmiyyətə qarşı nümayişkar hörmətsizlik edən məmurlar vəzifədən kənarlaşdırılaraq, məsuliyyətə cəlb edilməlidirlər:

“Məlum İsmayıllı hadisələrindən sonra cənab prezident İlham Əliyevin keçirdiyi müşavirələrdə məmurlara yönəlik səsləndirdiyi və müntəzəm təkrar etdiyi tələblər var. O fikirlərdə qeyd olunur ki, mən də daxil olmaqla, hamımız xalqa, vətəndaşlara xidmətçi kimi fəaliyyət göstəririk.

Hər bir məmurun özü və ailə üzvləri cəmiyyətə qarşı açıq hörmətsizlik edərsə, təbii ki, onların vəzifədən kənarlaşdırılaraq məsuliyyətə cəlb olunması baş verəcək”.

Səhv etmirəmsə, Əli Həsənov bu vəzifədə 19 ilə yaxındır fəaliyyət göstərir. Jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, bu illər ərzində qaçqınlara ayrılan dövlət vəsaitinin astronomik məbləğlə ifadə olunmasına baxmayaraq, bu sahədə ciddi problemlər qalmaqdadır.

Bildiyiniz kimi, 2003-cü ildən bu yana dövlət başçısının təşəbbüsü ilə məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün büdcədən çox iri həcmdə dövlət vəsaitləri ayrılır.

Əldə olunan məlumatlara əsasən, ayrılan həmin vəsaitlərin böyük hissəsi mənimsənilir. Bu sırada “Qaçqınkom”un keçirdiyi tenderlərin dövlət satınalmaları haqqında qanuna uyğun olmayan qaydada təşkil edildiyini vurğulaya bilərik. Bu kimi halların üstü bir neçə dəfə çox qabarıq şəkildə açılıb.

Qeyd edim ki, əgər həmin rəqəmləri adambaşına bölsək, o zaman Azərbaycanın təqribən yarısını yenidən tikib-qurmaq, infrastrukturunu bərpa etmək mümkün olardı. Ancaq real vəziyyətə baxanda görürük ki, ağır vəziyyətdə yaşayan məcburi köçkün vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Elə yaşadığım Nizami rayonu ərazisindəki yataqxanalarda yerləşdirilmiş çox sayda məcburi köçkün hələ də köçürülməyib.

Bölgələrə yolum düşəndə, məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki evlərə baxanda görürəm ki, 5-6 min manata başa gələn evlər 50-60 min manata rəsmiləşdirilib. Bu o deməkdir ki, kifayət qədər yayınmalar var.
O baxımdan, Əli Həsənov sözsüz ki, məsuliyyət daşımalıdır – əsasən də, “Qaçqınkom”un sədri olaraq, məcburi köçkünlərə ayrılan vəsaitlərin mənimsənilməsinə görə. Həm də bu fikirlər tək Əli müəllimə deyil, istənilən məmura aiddir. Məsuliyyətə cəlb olunmalıdırlar ki, dövlət resurslarını öz resursları kimi istifadə etməsinlər.

Bu məsələdə bir nəfərin üstünə gedilməsinin tərəfdarı deyiləm. Bu, ümumi problemdir – məmurun aldığı maaşa uyğun yaşamadığı faktdır, onların qohum-əqrəbalarının adlarına olan şirkətlərin ofşor zonalara daşıdıqları vəsaitlər məlumdur və sair. Azərbaycan iqtisadiyyatı ona görə bu günə düşüb.

Ölkədə monopoliya yaradan da məhz həmin məmurlardır ki, sahibkarlara normal fəaliyyət göstərmək imkanı tanımırlar. Ona görə bir daha deyirəm ki, Nazirlər Kabinetində ciddi ixtisarlar aparılmalı, bu qurum işlək, dinamik vəziyyətə gətirilməli və köhnə, kommunist təfəkkürlü insanlardan birdəfəlik qurtulmalıdır”.

Bəydəmirli hesab edir ki, baş verən hadisə çərçivəsində “Qaçqınkom”un sədri ilə bağlı ciddi tədbir görülməlidir. Sabiq deputatın fikrincə, Həsənov prezidentin sərəncamını gözləmədən, özü istefaya getməlidir:

“Onun barəsində mütləq tədbir görülməlidir. Əslində, mən Əli Həsənova tövsiyə edərdim ki, özü istefa versin. Yaşının bu ahıl çağında dövlət və demokratiya anlayışına sadiq olan bizim kimi liberal təfəkkürlü insanların gözündə mənəvi bəraət almaq üçün, prezidentin sərəncamını gözləmədən özü istefaya getməlidir. Fikrimcə, ölkə başçısının və hökumətin nüfuzuna vurduğu ziyana görə Əli müəllimin özünün istefa ərizəsi yazması daha yaxşı olardı”.

Bu barədə fikirlərini Yenicag.Az-a açıqlayan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə “Qaçqınkom” sədrinin dərhal vəzifədən azad edilərək həbs olunmasını məqbul sayır:

“Bildiyiniz kimi, bir qədər əvvəl Əli Həsənovun qəza törətmiş harın nəvəsi həbs olunub. Ancaq bu fikirdəyəm ki, nəvəsindən əvvəl Əli Həsənovun özünü həbsə atmaq lazım idi.

Vaxtilə başqa məmurlara ağıl öyrədirdi ki, övladlarınıza nəzarət edin. Özü isə Prezidentin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, öz nəvəsinin harınlığına göz yumub. İndi isə həyasızlıqla deyir ki, hər kəs öz hərəkətinə cavabdehdir. Nəvən sənin dövlətdən, qaçqınların boğazından oğurladığın pulların hesabına harınlayıb da…

Yüz minlərlə qaçqın, məcburi köçkün soydaşımızın yaşadığı ağır vəziyyətə baxın, Əli Həsənovun nəvəsinin dəyəri on milyonlarla dollar olan maşın parkına baxın. Haradandır bu pullar? Hamı bilir ki, o pullar dövlətin qaçqınlara ayırdığı vəsaitlərdən oğurlanıb.

Əli Həsənovu bu vəziyyətdən çıxarmaq istəyənlər iddia edirlər ki, onun nəvəsi bizneslə məşğuldur. Yaxşı, bəs biz niyə məşğul ola bilmirik o bizneslə? Gözlərinin içinə kimi yalan danışırlar.

Əli Həsənov da Azərbaycan dövlətinə, cənab Prezidentə qarşı qurulan planların içində yer alır, pozucu fəaliyyətlə məşğuldur. Ona görə bir daha deyirəm, Əli Həsənov dərhal vəzifədən azad edilərək həbsxanaya göndərilməlidir”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

1453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv