www.sinerjipro.net

SinerjiProWide
Reklam

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov haqqin.az saytına müsahibəsində deyib:

“Qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz”.

Görəsən nazir hansı məntiqlə belə danışır?

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Yenicag.az-a açıqlamasında bildirdi ki, S.Müslümov xanımlarla bağlı həqiqətə uyğun olmayan yanlış fikir söyləyib:

“Ola bilsin ki, S. Müslümov rayon yerlərində qadınların işləmək istəməməsi halları ilə üzləşib, yaxud da işçiləri ona belə məlumat verib. Əslində isə faktiki olaraq, hazırda ən çox iş axtaranlar elə qadınlardır. Kifayət qədər məişət zorakılığı qurbanları, boşananlar övladlarını saxlamaq üçün iş axtarışındadır. Təşkilatımıza da işlə bağlı çoxsaylı qadınlar müraciət edir ki, biz də onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsinə yönəldirik. Deməzdim ki, işlə bağlı təşkilatımıza xanımların müraciət etməsi kütləvi xarakter daşıyır. Amma buna baxmayaraq, onların sayı kifayət qədərdir. Bu mənada da nazirin “qadınlar işləmək istəmir” fikrilə razılaşa bilmirəm. Lakin o da var ki, ölkədə ailələrin bir çoxunda hələ də kişi işləyirsə, qadının işləmək istəməməsi təfəkkürü qalmaqdadır. Amma ümumilikdə “qadınlar işləmək istəmir” sözləri, yanlış fikirdir”.

Neftçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Mirvari Qəhrəmanlının fikrincə də nazir S. Müslümovun xanımlarımızın işləmək istəmədiyi barədə dediyi sözlər həqiqəti əks etdirmir:

“Nazir Səlim Müslümovun qadınlarla bağlı reallığa uyğun olmayan fikirləri məni qətiyyən qane etmir. Bu sferada fəaliyyət göstərən hüquq müdafiəçisi kimi hətta analıq məzuniyyətinə gedən qadınlara sosial ödənişlərin artırılması ilə bağlı qanunverici orqan və nazirlər qarşısında da təkliflərlə çıxış etmişik. Amma rədd ediblər. Qadınların əksəriyyəti ümumiyyətlə, ölkədə məşğulluq idarələrinin olduğundan xəbərsizdir. Qadına uçota durmayanların işsiz sayılmadığını ona başa salmalı olan insanlar olmalıdır ki, bu da S.Müslümovun rəhbərlik etdiyi nazirliyin birbaşa borcudur. Nazirlik hətta savadsız qadınların hansısa peşə sahibi olmasına pulsuz kömək etməli, onlara sənət öyrətməlidir. Nazir nədən reallığı aydınlaşdırmaq istəmir? O deyirsə ki, qadınlar işləmək istəmir, deməli, rəhbərlik etdiyi qurumun müvafiq şöbələri problemi öyrənmir və qiymətləndirmə aparmırlar.

Əslində, qadınların əksəriyyəti hansı iş təklifi gəlirsə, onunla da razılaşır. Xanımlar yollarda təmizlik işlərilə məşğul olur, günün 12 saatını yeməkxana və çayxanalarda işləyir, nazir məgər onların əmək müqaviləsi olmadan işlədiyini görmür? Yaxşı olardı ki, nazir və sözügedən nazirliyə daxil olan strukturlar zəhmət çəkib vəzifə borclarını yerinə yetirsinlər. Bütün bunlara görə də nazirin xanımlarımız haqqında söylədiyi fikirlərlə tamamilə razı deyiləm”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2063
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."