www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son illər Azərbaycanda və Türkiyədə qadınlara qarşı cinayət hadisələrinin sayı sürətlə artır. Qardaş ölkədə aparılan statistikaya əsasən, təkcə cari ilin oktyabr ayında Türkiyədə 40 qadın kişilər tərəfindən öldürülüb, 25 qadın isə zorakılığa tuş gəlib. Özü də bu cinayətlərin 1/4-i ictimai yerlərdə və insanların gözü önündə (məhkəmə zallarında, məktəb qarşısında, avtobus dayanacaqlarında) baş verir.

Türkiyədə qadınlara qarşı zorakılıq halları ilə mübarizədə yeni ideya irəli sürülüb. Belə ki, qadının şikayəti əsasında onun həyatına təhlükə törədən ər və ya digər qohumu haqqında məhkəmə qərarı ilə uzaqlaşdırma qərarı çıxarıla bilər.

Barələrində uzaqlaşdırma qərarı verilən şəxslər isə cib telefonu və GPS sistemi ilə işləyən, Günəş enerjisi ilə çalışan elektron bilərziklə təqib ediləcək. Yaxın aylarda şiddət əleyhinə hazırlanmış smart elektron bilərzik və təqib sistemi daha da inkişaf etdiriləcək və xəritəni dəstəkləyən proqram vasitəsilə yaxınlaşması qadağan olunan ərazilər müəyyən edilərək, təqib olunacaq. Əgər həmin şəxs yaxınlaşması qadağan olunan ərazilərə (məsələn, qadının və ya uşaqların iş yerinə, məktəbə, evinə) yaxınlaşarsa, bu zaman bilərzik lazımi məlumatları ötürəcək və aidiyyatı qurumlar tərəfindən arzuolunmaz hadisələrdən qaçmaq üçün lazımi tədbirlər görüləcək. Azərbaycan qadınlarının da bu kimi zorakılıq halları ilə üzləşdiyini nəzərə alsaq, görəsən ölkəmizdə də bu cür qoruma üsullarının tətbiqinə ehtiyac varmı?

Yenicag.az-a açıqlamasında məsələyə münasibət bildirən Dilarə Əliyeva adına “Qadın Hüquqları Müdafiə Cəmiyyəti”nin sədri Novella Cəfəroğlu elektron bilərziklərdən istifadəni qadına qarşı zorakılıqla mübarizədə ciddi təsiredici vasitə hesab etmədi:

“Düşünürəm ki, heç bir halda Milli Məclis zorakılığa tuş gələn qadının müdafiəsi üçün Türkiyədə olduğu kimi qorunma üsullarının tətbiqinə yönəlik qanunun qəbul edilməsinə imkan verməyəcək. Çünki Milli Məclisdə oturanların mütləq əksəriyyəti kiçi cinsinin nümayəndələridir. Digər tərəfdən, Azərbaycanda zorakılıq edənin qoluna elektron bilərzik bağlamaqla, onu evindən, ya da qadınından uzaqlaşdırmaq mümkün deyil. Yəni bu qorunma üsulu fikrimcə, qadın zorakılığına qarşı mübarizədə effektli nəticələr verməyəcək. Ümumiyyətlə, zorakılıq ikitərəfli olur. Azərbaycanda qadınlara qarşı zorakılıq halları olsa da, bəzən xanımların da kişiləri öldürdüyünü eşidirik. Qadın zorakılığına qarşı mübarizədə daha effektli variant bu istiqamətdə ciddi təbliğat işlərinin aparılmasıdır. Bu istiqamətdə də elektron KİV-lər mühüm maarifləndirici rol oynaya bilərlər. Zorakılığa yol verən şəxslərə münasibətdə ictimai qınaq sistemi tətbiq edilməlidir. Fikrimcə, elektron bilərziklərdən istifadə etməkdənsə, ictimai qınağın təşkil edilməsi qadına qarşı zorakılıqla mübarizədə daha təsiredici vasitə ola bilər”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1215
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."