!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qalatasaray”ı “FETÖ yuvası”na çevirənlər: Hakan Şükür və Arif Ərdəmin qovulması ilə klub təmizlənəcək?

!Reklam – Yazi

Terror şəbəkəsi FETÖ-nun Türkiyənin “Dörd nəhəng”indən biri olan və ölkəyə yeganə Avropa kubokunu qazandıran “Qalatasaray” futbol klubunda dərin kök salması böyük etiraz doğurub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray”ın “Lütfi Kırdar” Konqres Mərkəsində keçirilmiş illik maliyyə qurultayında yaşananlar klub rəhbərliyinin FETÖ ilə bağlılığına dair şübhələri gücləndirib.

Öncədən xəbər verildiyi kimi qurultayda klubun bir sıra tanınmış üzvləri – sabiq prokuror Zekeriya Öz, həbs edilmiş valilər Hüseyin Avni Mutlu və Şahabettin Harput, FETÖ ilə əlaqələrini gizlətməyən keçmiş futbolçular Hakan Şükür, Arif Erdem və İsmail Demiriz, iş adamı Hazim Seslinin “Qalatasaray” üzvlüyündən çıxarılmaları məsələsinə baxılıb. Maraqlıdır ki, qurultayda keçirilmiş səsvermənin nəticəsinə əsasən, Zekeriya Öz, Şahabettin Harput, Hüseyin Avni Mutlu, İsmail Demiriz və Hazim Sesli klubdan xaric edilsələr də, Hakan Şükürlə Arif Ərdəm “Qalatasaray”dakı mövqelərini qoruyublar.

Bununla belə, həmin qərardan sonra ictimai təzyiqin güclənməsi səbəbindən “Türk Telekom Arena”da baş tutan İdarə Heyətinin fövqəladə toplantısında adları çəkilən futbolçuların məsələsi yenidən müzakirəyə çıxarılıb. İclasın yekununda Hakan Şükür və Arif Ərdəmin “Qalatasaray”dan xaric edilmələri haqqında qərar qəbul edilib. Ancaq çox təəccüblüdür ki, İdarə Heyəti Hakan Şükürlə Arif Ərdəmin klubdan çıxarılmalarını onların FETÖ ilə bağlılıqları ilə deyil, “üzvlük haqlarını ödəmədikləri” ilə əlaqələndiriblər. Yəni “Qalatasaray” rəhbərliyi sözügedən keçmiş futbolçular üçün “tapdığı” səbəblə FETÖ-nu və bu futbolçuların terror şəbəkəsi ilə əlaqələrini pərdə arxasında saxlamağa çalışıb.

Əslində, Gülənçilərin “Qalatasaray” klubunda ciddi şəkildə strukturlaşması haqqında məlumatlar təqribən 4 ildir ki, dövriyyədədir. Konkret desək, 2013-cü il dekabrın 17-də gülənçilərin dövlətə qarşı ilk açıq çıxışından sonra o zaman millət vəkili olan Hakan Şükürün “xoca əfəndi”ni dəstəkləməsi eyni zamanda “Qalatasaray”ı da diqqət mərkəzinə gətirdi. Mətbuatda bu klubun Gülənlə bağlılığına dair çox sayda inandırıcı materiallar yayımlandı. Bununla belə, 15 iyul çevriliş cəhdinə qədər və ondan sonrakı dönəmdə “Qalatasaray” FETÖ işi ilə əlaqədar “kölgə”də qala bildi. Ancaq klubun haqqında danışılan maliyyə qurultayında əksəriyyətin Hakan Şükürlə Arif Ərdəmin klubdan çıxarılmasına əngəl olması FETÖ-nun “Qalatasaray”ı özünün “arxa baxçası”na çevirdiyi haqda qənaətləri tam qətiləşdirdi.

Son hadisələrin dalğasında üzə çıxan bir sıra məqamlar “Qalatasaray”da kök salmış FETÖ-nun Türkiyənin futbol təsərrüfatına müdaxiləsi və pozucu fəaliyyətinə də işıq salıb. Aşkar edilən detallarda Türkiyənin bütün fəaliyyət sahələri kimi, idman sferasını da nəzarətə götürməyə çalışan FETÖ əsas bazası qismində “Qalatasaray”dan istifadə edib. Bununla belə, yalançı “iman” pərdəsinə bürünən gülənçilər özlərinin gerçək məqsədlərini gizlətdikləri dönəmdə belə futbol təsərrüfatında güclü müqavimətlə üzləşiblər. “Qalatasaray”ı asanlıqla nəzarətə götürən FETÖ-çuların eyni qaydada “Fənərbaxça”nı da ram etmək cəhdləri nəticəsiz qalıb. “Fənərbaxça”nın əfsanəvi prezidenti Əziz Yıldırımın FETÖ təhdidlərinə boyun əyməməsi sayəsində klub gülənçilərin tavanı altına keçməkdən xilas olub. Ancaq bu müqavimət Yıldırımın özünə baha başa gəlib: Türkiyənin hüquq-mühafizə və məhkəmə-ədliyyə sistemində ciddi dayaqları olan gülənçilər “Fənərbaxça” prezidentini “danışılmış oyunlar” iddiası ilə həbsxanaya salmağı bacarırlar.

Nə qədər təəccüblü olsa da, “Qalatasaray”ı öz bazalarına çevirmiş gülənçilər klubun ötən əsrin 90-cı illərində qazandığı uğurları da birbaşa “xoca əfəndi”nin adı ilə bağlamaqdan çəkinməyiblər. Onların klubun 100 illiyinin qeyd olunduğu 2005-ci ildə keçirilən matçlardan birində qaldırdıqları “20 yıldır 100ümüz seninle gülüyor, Hocam” yazılmış transporant bu iddiaların real nümunəsidir. Yəni gülənçilərin iddiasına görə, “Qalatasaray”ın uğurları “xoca əfəndi”nin səhnəyə çıxdığı 1985-86-ci illərdən başlayır. Əslində isə “Cim-Bom”un Türkiyə və Avropa arenasındakı uğurlu seriyası 1996-cı ildən start götürüb. “Qalatasaray” həmin il Fatih Terimin baş məşqçi postuna gətirilməsi ilə ardıcıl 4 dəfə ölkə çempionu olub və 2000-ci ildə UEFA kubokunu qazanıb. Konkret desək, klubun bu uğurlarında əsas məqam Gülənin “kəramət”i deyil, Terimin usta məşqçiliyi əsas rol oynayıb. Yeri gəlmişkən, gülənçilər “Qalatasaray” tarixinin “Qızıl səhifələri”ni yazmış Terimə qarşı dəfələrlə təxribat və sabotaj həyata keçiriblər. Xüsusilə, Terimin 2002-ci ildə yenidən klubun başına keçməsini qəbul etməyən gülənçilər onun əvvəlki uğurlarını təkrarlaya bilməməsi üçün bütün yaramaz üsullara əl atdılar. Terimin 2011-ci ildə “Qalatasaray”a 3-cü qayıdışı ilə kluba ardarda 2 çempionluq qazandırmasından narahat olan gülənçilər bu dəfə də təcrübəli mütəxəssisin klubdan ayrılmasına nail oldular. Terimə qarşı təxribatlara ara verməsə də, məqsədlərinə çatmayan “futbol imamları” onu qeyri-futbol ittihamı ilə gözdən salmağa çalışaraq, məşqçi barəsində “ qatı şiə” obrazı yaratmaqdan da çəkinmədilər.

İndi isə budur, “Qalatasaray”ın ali seçkili orqanı üzvlərinin əksəriyyəti Güləni, onun lideri olduğu FETÖ-nu dəstəklədiyini ən açıq və nümayişkar formada bəyan edən Hakan Şükürlə onun yerişini təkrarlayan Arif Ərdəmin klubdan xaric olunmalarını əngəlləyir. Onlar bununla FETÖ-nun “Qalatasaray”da hansı miqyasda strukturlaşdığını əyani surətdə nümayiş etdirdi. Digər tərəfdən, klubun İdarə Heyəti adları çəkilən keçmiş futbolçuları klubdan çıxartsa da qeyd olunduğu kimi, qərarda “üzvlük haqqının ödənməməsinə” istinad etmələri “üzrxahlığı qəbahətindən betər” effekti doğurub.

Görünən budur ki, FETÖ-nun “Qalatasaray”ın timsalında yenidən boy göstərməsi Türkiyənin futbol təsərrüfatında güclü fırtınanın anonsu sayıla bilər.

Yeniçağ.Az

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv