“..."Qalenvagen"i, "Porşe"si var, amma ayrıca retro avtomobil alıb, həyətində saxlayır” - Reportaj + FOTOLAR

Müəllif: Redaktor

Editor

Adətən, retro maşınları daha çox köhnə filmlərdə görürük. Bakıda isə retro maşınların kolleksiya kimi toplandığı “Retro avtomobil klubu” var. 2002-ci ildə retro maşın həvəskarları tərəfindən təsis olunan, ancaq 2013-cü ildə rəsmi şəkildə muzey statusu alan “Retro avtomobil klubu” paytaxtımızın Biləcəri qəsəbəsində yerləşir. Klubdan xəbər tutan retro maşın sahiblərinin çoxu demək olar ki, bu klubun üzvləridir. Bura kolleksiya kimi yığılan maşınlar kirayə də verilir. Klubda maşınlardan əlavə, retro əşyaların nümayiş olunduğu guşə də fəaliyyət göstərir.

Biz də bu məkanı gözümüzlə görmək üçün ora getməyə qərar verdik. Fevralın sərt, soyuq havasına təsadüf edən ziyarətimiz, hər şeyə rəğmən çox xoş keçdi. İçəri girdik və özümüzü bir anlıq ağ-qara filmlərdən birinin qəhrəmanı kimi hiss etdik: hər tərəfdə retro maşınlar, qədimi aksesuarların sərgiləndiyi guşə…

Bizi muzeyə nəzarət edən İlqar və Zaur adlı əməkdaşlar qarşıladı. Öncə maşınlarla tanış olduq, sonra isə söhbətə başladıq:

– Dörd ildən çoxdur ki, burda işləyirəm. Təşəbbüskarı klubun prezidenti Elşən İsmayılov olub. O, buranın köhnə sahibidir. Mən onu görməmişəm, amma haqqında çox eşitmişəm. Bildiyimə görə, bu iş əvvəlcə onun hobbisi olub. Yəni 3-4 nəfər retro avtomobil həvəskarı həftədə 1-2 dəfə köhnə avtomobilləri ilə bir yerə yığışıb, daha sonra bu klub onları cəlb etməyə başlayıb. Hobbi kimi baxdıqları bu iş getdikcə ciddi işə çevrilib və artıq “Retro klub” muzey statusu alıb. Klubun üzvləri hər il getdikcə artır. Hazırda klubumuzun 60-dan çox üzvü var. Maşınların sayının az olmasına baxmayaraq, hər bir üzvün azı 1 retro avtomobili var. Sizin gəlişiniz iş gününə təsadüf edib deyə, maşınlar azdır. Belə hər bazar günü saat 11-dən ta axşama kimi klubun üzvləri burada yığışır.

İlqar söhbət etdikcə kluba diqqətlə göz gəzdirirəm. Orada olan qeyri-adi aksesuarlar, retro əşyalar məni o qədər valeh edib ki, özümü sanki hansısa köhnə filmlərdəki qəhrəman kimi hiss edirəm. Qeyri-adilik elə bil məni ovsunlayıb… Ancaq İlqarın söhbətindən də fikrimi yayındırmıram.

– İlqar, kolleksiyaya daxil etdiyiniz maşınları kimlərdən alırsınız?

– Görürsünüz bu maşını? Bu avtomobil var ha…(əlini maşının üstünə qoyur) “Biusk M1”dir, müğənni Arzu Rzayevdən almışıq. İkinci avtomobili, “BMW” isə Moskvadan alınıb. O maşından cəmi 200 ədəddir. Onun biri də bizdədir (gülür). Bir “Qaz 21”miz var, o da Bakı sakinindən alınıb. “Moskviç” i də bizim Zaurdan almışıq.
Üzümü çevirib, məndən arxa tərəfdə dayanan Zaurdan maşını neçəyə satdığını soruşuram:

– Zaur bəy, “Moskviç”i neçəyə satdınız?

– 5 min dollara… (gülür) Amma o vaxt dolların dəyəri olmayanda satmışam.
Yenidən İlqarla söhbətə davam edirik…

– Ən “cavan” maşınınız hansıdır?

– Ən cavanı 1970-ci ildən olan “QAZ 21”-dir. Ən qədim maşınımız da (gülür) BMW-dir ki, 1937-ci ildə istehsal olunub.

– Maşınların qiymətini deyə bilərsiniz?

– BMW-nin qiyməti təxminən 50- 55 min manatdır. “QAZ 21”-i 5 min manata alsaq da, bu dəqiqə satış qiyməti 15 min manat olar. O birilərinə hələ qiymət qoydurmamışıq (gülümsəyir).

Daha sonra maşınların icarəsi barəsində soruşuram. Sözümü bitirməmiş İlqar başlayır:

– Bəli, icarəyə də veririk. Müxtəlif tədbirlər, toy şənlikləri, fotosesiyalar üçün bizə müraciət edənlər çox olur. 3 saatlıq icarə haqqı 300 manatdan maksimum 800 manata qədər dəyişir. Təbii ki, bu da avtomobilin modelindən asılıdır. Bundan əlavə, ilk öncə istəyirik ki, bura gələn adam hiss etsin ki, doğrudan da “Retro klub”dur. İcarədən əlavə retro avtomobillərin satışını da həyata keçiririk. Hətta elə maşınlar var ki, 70-80 min qiyməti var. Bütün ehtiyat hissələri də maşının “doğma” detallarıdır, dəyişdirilməyib.

İlqar deyir ki, toyu olan bəylərin əksəriyyəti maşını icarə edəndə, ən çox “Pobeda” ya üstünlük verirlər:

– İnanın səmimiyyətimə, bəy var ki, gəlinin arzusu ilə toyuna “Pobeda” maşınını kirayələmək istəyir. Düşünürəm ki, indi o qədər xarici maşın ola-ola bu gəlin “Pobedan”ı hardan görüb ki, istəyir (gülür). Yəqin ki, köhnə kinolarda görüb, evdə də deyiblər ki, bu maşının adı budur. Onun da ağlında qalıb.

“Pobeda-mobeda bilmirəm,
Moskviçə minmirəm,
ZİM qapıya gəlməsə,
Bəy evinə get-mi-rəm…”,- deyib müsahibimizin sözünə qüvvət veririk…

– Sizdə hazırda “Pobeda” maşını var?

– Yox, yoxdu… Almaq istəyirik. Görək də soraqlaşırıq. “Pobeda” istəyəndə deyirik yoxdur, əvəzində üstüaçıq BMW-ni veririk. Bu maşını daha çox yayda toylar üçün kirayələyirlər.

Bu məqamda söhbətimizə Zaur qoşulur :

– Mənim “QAZ 21”-im var. Cavan bir müğənni keçən il yayda onunla klip çəkdirib. Heyf ki, müğənninin adı yadımdan çıxıb, yoxsa deyərdim. Yəni mənim “QAZ 21” im də elə-belə maşın deyil (gülür).
Zaur yenə də söhbətə davam edir:

– Gəlin sizə maraqlı əhvalatlar danışım. Mən buranın köhnə işçisiyəm. Elşən müəllimin dövründən burdayam. Deməli, yay aylarında Elşən müəllim kollektivi yığardı, istirahət üçün 5-10 günlük müxtəlif rayonlara gedərdik. Rayonlarda təsadüfən qarşımıza bir qədim avtomobil çıxan kimi Elşən müəllim yiyəsi ilə söhbətləşir, hərlədib-fırladıb avtomobili alırdı. Axı onun hobbisi idi. Həmişə yol gedəndə dördgözlə ətrafa baxırdı ki, birdən qədimi maşınla rastlaşar (gülür). Təsəvvür edin ki, eləsi olurdu satmağa razılaşırdı, eləsi də olurdu ki, öz daxmasının qabağında maşını saxlayıb, çürütməyə daha çox üstünlük verirdi. Bax, onda Elşən müəllim elə əsəbiləşirdi ki… İnanın, əksəriyyətinin də antikvar kimi saxladığı qədimi maşının tarixindən, dəyərindən heç bir məlumatı olmurdu. Elə də olub ki, kənardan baxıb, məsələn, bir BMV görürdük. Adam məəttəl qalırdı ki, görəsən, 41-ci ilin maşını bunda nə gəzir. Yaxınlaşıb soruşanda deyirdilər ki, ya atadan, ya babadan yadigar qalıb. Belə hallarda maşının sahibi ilə razılığa gəlib, onu alırdıq.

Bir dəfə də İsmayıllı rayonuna dincəlməyə getmişdik. Bir neçə saatlıq dincəlmək üçün meşəyə düşdük. Yenə Elşən müəllim maşın “ovçuluğundan” geri qalmır, ətrafa göz gəzdirirdi. Qəribəsi o idi ki, hansı rayonda olurduqsa, mütləq bir qədimi maşın gözümüzə dəyirdi. Deməli, meşənin içində bir retro avtomobil gördük, markası bilmirəm nə idi. Sevincək tez məni çağırdı ki, “ay Zaur, gəl maşına bax”. İkimiz də maşına yaxınlaşdıq, nə görsək yaxşıdır? Qədimi maşının üstünə meşədən odun yığıb daşıyırlar (gülür). Elşən bunu görüb çox əsəbiləşdi, ancaq şirin dilinə salıb, sahibi ilə xeyli söhbət etdi. Nə etsək də heç nə alınmadı. Təsəvvür edin ki, Elşən o maşına 40-50 min manat pul təklif etdi, yiyəsi “nemes” kimi adam idi, satmadı. Heç belə götürsək, o maşın deyilən qiymətə də dəymirdi, təmirə çox ehtiyacı vardı. Sadəcə, bu adam retro maşınların “xəstəsi” idi də. Əslində, kənd yeri üçün maşına odun yükləmək adi mənzərədir. Ancaq adamı dəhşətə gətirən odur ki, biz elə maşınları antik kimi yığırıq. Sahibləri isə belə maşınlara adi baxırlar. Bax, belə şeylər də olur…

Başını yelləyib, əllərini ciblərinə qoyur, gülə-gülə bizdən uzaqlaşmaq istəyir. Biz isə son sualımızı veririk:

– Bayaq dediniz ki, tədbirlərdə iştirak edirik….

– Bu maşınlar 9 may, 28 may və başqa bayram günləri dövlət tədbirlərində yürüşə çıxır. Kortejin yolda hər hansı problemi yaranmaması üçün yol polisi avtomobilləri müşayiət edir. Bizim kolleksiyaya maraq böyükdür. Və deyim ki, bu maraq hər gün də artır. Adam var ki, “Qalenvagen”i, “Porşe”si var, amma ayrıca retro avtomobil alıb, həyətində saxlayır. Onlar buna hobbi kimi baxırlar. Fikrimcə, retro avtomobil həvəskarları prestiji sevən insanlardır.

Gülnarə Eynullaqızı

Yeniçağ.az

Foto Qalereya:



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır