www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin uzun fasilədən sonra növbəti görüşü baş tutacaq. Qeyd edək ki, prezidentlər səviyyəsində son görüşdən ilyarımdan da artıq vaxt keçir. Bu müddət ərzində Minsk qrupu həmsədrləri dəfələrlə çalışıb ki, sözügedən görüş baş tutsun. Lakin hər dəfə olduğu kimi, bu dəfə Ermənistan sözügedən görüşün alınmaması üçün çalışırdı. Bununla belə, görünən odur ki, İrəvan təzyiqlər fonunda görüşə getməyə məcbur olub. Mövcud vəziyyətdə indiki şərtlər daxilində bu görüşdən hansısa nəticə gözləmək olarmı?

Görüş barədə təəssüratlarını Yenicag.az-la bölüşən siyasi icmalçı Azər Həsrət bildirdi ki, Cenevrə görüşündən konkret nəticələr gözlənilmir:

“Mən mövcud durumdan çıxış edərək, bu qənaətə gəlirəm. Çünki münaqişə ümumiyyətlə elə bir həddə gəlib çatıb ki, Azərbaycan tərəfi mümkün olan güzəştlər haqqında illərdir danışır və kifayət qədər yumşaq mövqedən çıxış edir. Ermənistan isə bir qayda olaraq, ən sərt şəkildə Azərbaycan torpaqlarını mənimsəmək üçün əlindən gələni edir. Belə bir şəraitdə prosesin gedişindən hansısa bir nəticə gözləməyə dəyməz.

Amma ümumilikdə, görüşün keçirilməsi önəmlidir. Çünki Azərbaycan dövlət olaraq sülh prosesinə sadiqdir. Bu fonda da sülh danışıqlarından yayınmaq dünyada ölkəmizə qarşı fikirlərin formalaşmasına gətirib çıxara bilər. Bu mənada görüş faydalıdır. Lakin ümumi olaraq orada nəticə hasil olacağını görmürəm. Azərbaycan çalışır ki, münaqişə sülh yolu ilə həll edilsin. Azərbaycan problemi müharibə yolu ilə də həll edə bilər. Buna gücümüz və imkanımız çatır. Hər halda düşünürəm ki, Azərbaycan prezidenti hər zaman olduğu kimi müdrik davranış sərgiləyərək, görüşdən sonra da dövlətimizin ümumi strateji xəttinə uyğun addımlar atacaq.

Çalışacağıq ki, əlimizdən gəldiyi qədər prosesin sülh yolu ilə həllinə nail olaq. Əlbəttə ki, Azərbaycan keçən ilin aprelində işğalçı orduya öz gücünü göstərdi. Bu fonda Ermənistan artıq düşünməli və qərar verməlidir ki, Azərbaycanla güc diliylə danışmaq onlara fayda gətirməyəcək. Yəni onlar inadkarlıqdan əl çəkməli və Azərbaycan torpaqlarından çıxmalıdırlar. Bu baş verməyəcəyi təqdirdə əlbəttə ki, Azərbaycan yenidən məsələni ölkə daxilində ümumi ictimai müzakirəyə çıxara və məsələnin müharibə və ya sülh yolu ilə həlli istiqamətində qərar verə bilər. Fikrimcə, bu görüşdən sonra Ermənistana növbəti dəfə gücümüzü göstərməyimizə zərurət yaranacaq”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 721
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."