“Qarabağda müharibə ehtimalı sülh ehtimalından daha üstündür” – Politoloq rəyi

Müəllif: Redaktor

Editor

15327633_834290613380910_445733725_nKreml rəsmiləri bir müddət bundan öncə Qarabağla bağlı müəyyən proqnozlar vermişdilər. Həmin proqnozlar ilkin mərhələdə, 2016-cı ilin sonuna qədər 5 rayonun, növbəti mərhələdə isə 2 işğal olunmuş rayonun Azərbaycana qaytarılması yönündə idi. Artıq ilin sonudur, ancaq təəssüf ki, heç bir proqnoz özünü doğrultmadı.

Qarşıdan gələn yeni ildə, yəni 2017-ci ildə isə bu proqnozlar özünü doğruldacaqmı?

Yenicag.Az olaraq məsələ ilə bağlı politoloqların fikirlərini öyrəndik.

Politoloq Natiq Miri söylədi ki, Ermənistanın pozuculuq fəaliyyətindən dolayı ilin sonuna qədər nəinki irəliləyişlər, hətta Peterburq görüşündən sonra prezidentlər arasında yenidən görüş təyin etmək belə mümkün olmadı.

“Bəllidir ki, düşmən dövlətin rəhbəri Sarkisyan belə bir görüşün əleyhinədir və hər vəchlə münaqişənin tənzimləmnəsi prosesini sabotaj etməkdədir. Məqsəd təbii ki, Ermənistan üçün zaman qazanmaq idi, Ermənistan da bu gün məsələləri süni sürətdə uzatmaq və öz daxilində süni ictimai gərginliklər yaratmaqla bu zamanı qazandı. Əslində bu məsələdə Rusiya öz strateji müttəfiqi Ermənistana dolayısı ilə bu zamanı qazandırdı. Nəticədə əldə bu olundu ki, bu zaman çərçivəsində bir növü regionda hərbi balans təmin olundu və Ermənistan yeni “İskəndər” raketləri ilə təmin olundu. Ayrıca Rusiya və Ermənistan arasında birgə qoşun birlikləri yaradıldı ki, bu da təbii Azərbaycan üçün müəyyən mənada çəkindirici məqamdır. Bundan sonra artıq Azərbaycanın bilavasitə ərazilərini düşmənlərdən təmizləməsi üçün mütləq mənada iki dəfə düşünməsi gərəkdir. Çünki Rusiya bu məsələdə etiraz etsə də, açıq surətdə bəllidir ki, Ermənistanla birgə hərbi qoşun birləşmələrinin yaradılması dolayısı ilə Azərbaycana qarşı atılmış bir addımdır. Bundan başqa Ermənistana “İskəndər” raketləri ilə paralel olaraq digər müasir raket kompleksləri də pulsuz hədiyyə edildi. Bu təbii ki, Rusiyanın indiki vəziyyətdə neytral həmsədr statusuna çox ciddi sürətdə zərbədir. Azərbaycanın “başını qatmaqla” Rusiya Ermənistanı gücləndirdi və regionda hərbi balansı təmin etdi. Rusiya bundan sonra da mövcud hərbi balansın qorunmasına çalışacaq”.

Politoloqun fikrincə, Azərbaycan dövləti heç bir zaman Rusiyaya güvənməməlidir:

“Rusiya güvənilən müttəfiq və strateji tərəfdaş deyil. Qaldı ki, bu məsələnin 2017-ci ildə hansısa gözləntilərinə isə təbii ki, bu Rusiya-Türkiyə yaxınlaşması kontekstində baş verə bilər. Son günlərdə Rusiyanın Xarici İşlər naziri Türkiyəyə qısamüddətli bir səfər etdi . Antalyada o, Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə Qafqaz məsələsini müzakirə etdi. Söhbət təbii ki, Dağlı Qarabağ problemini müəyyən mənada müsbət məcraya yönəltməkdən gedir. Bu məsələ ciddi müzakirə mövzusu oldu, ancaq ortada hələlik konkret nəticələr yoxdur. Bu nəticələrin olması üçün mütləq mənada regionda mövcud olan digər münaqişələr də həll olunmalıdır. Bu münaqişələrin həll olunması üçün mütləq mənada dünya güclərinin, ABŞ, Rusiya, və regional güclərin, yəni Türkiyə və İran kimi dövlətlərin siyasi uzlaşmasına ehtiyac var. Əgər gələcəkdə ABŞ-ın yeni prezidenti Tramp Rusiya ilə bu məsələdə anlaşarsa, Suriyaya sülh gələrsə, Suriyada gələcəkdə keçid hökumətini formalaşdırmaq mümkün olarsa və bundan doğan Ukrayna savaşını itirmək və Rusiyaya iqtisadi sanksiyaları aradan qaldırmaq mümkün olarsa, təbii ki, bu kontekstdə Qarabağ problemi haqda danışmaq olar. Yox, əgər bu savaşlar dayanmayacaqsa, bu yöndə, qlobla səviyyədə uzlaşma ortada olamayacaqsa, Qarabağ problemini istisna hal olaraq ayrıca həll etmək mümkün olmayacaq”.

Tanınmış politoloq Qabil Hüseyinli isə bildirdi ki, hələlik nikbin fikir söyləmək çətindir:

“Əksinə ermənilərin həm silahlandırılması, həm də ermənilər tərəfindən Azərbaycana göndərilən hədələrin sayları artmaqdadır. Ona görə də ermənilər danışıq yoluna keçmirlər və çox təəccüblüdür ki, danışıqlar məsələsində onlara təzyiq də yoxdur”.

Politoloq qeyd edir ki, Rusiyanın himayəsi, digər oyunçu dövlətlərin də Ermənistana görə Rusiya ilə qarşıdurmaya girişməməsi erməniləri məst edir:

“Bu nöqteyi-nəzərdən də məsələnin müsbət həll olunmasına hələ ki, nikbin rəy vermək imkanında deyiləm. Çünki mövcud situasiyada müharibə ehtimalı sülh danışıqları ehtimalından daha üstündür”.

Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır