yenicag.az

Qarabağda status-kvo məsələsi Trampla Putinin görüşündən asılıdır - Ekspert rəyi

Qarabağda status-kvo məsələsi Trampla Putinin görüşündən asılıdır – Ekspert rəyi

Müəllif: Redaktor

Editor

Azərbaycan uzun illərdir çalışır ki, Dağlıq Qarabağ konfliktilə bağlı mövcud status-kvo vəziyyətinin dəyişməsinə nail olsun. Hansı ki, onun dəyişməz qalması münaqişənin həlli yolunda duran başlıca əngəllərdən biridir. Ara-sıra Minsk qrupunun həmsədr ölkələri də status-kvo barədə danışaraq onun dəyişməli olduğuna dair sözdə də olsa fikir bildirirlər. Eyni zamanda ABŞ-da yeni administrasiyanın iqtidara gəlməsilə dünyada yaşanan hazırkı vəziyyətin dəyişəcəyilə bağlı fikirlər səslənməkdədir. Bu fonda görəsən, cari ildə status-kvo vəziyyətinin dəyişəcəyini gözləmək olarmı?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında bildirdi ki, Qarabağ münaqişəsilə bağlı status-kvo vəziyyətinin dəyişib-dəyişməyəcəyi ABŞ-ın yeni prezidentilə Rusiya dövlət başçısı arasında keçirilməsi gözlənilən görüşün nəticəsindən asılı olacaq:

“Güman edirəm ki, bu ildə də Qarabağ probleminin çözülməsi üzrə danışıqlarda status-kvonun dəyişdirilməsi istiqamətində təbii ki, müəyyən cəhdlər olacaq. Təbii ki, bu cəhdlər də ilk əvvəl məhz Azərbaycan diplomatiyası tərəfindən atılacaq. Amma düşünürəm ki, ABŞ-da Trampın prezident seçilməsindən sonra Vaşinqtonun Qarabağ probleminə münasibəti postsovet məkanındakı digər münaqişələr kimi kifayət qədər fərqli olacaq. Hər halda Trampla Putin arasında gözlənilən görüşün nəticələrini ancaq götür-qoy etdikdən sonra bu barədə konkret fikir söyləmək olar. Amma bütün hallarda Trampın seçkiqabağı kampaniya zamanı verdiyi vədlər göstərir ki, hər halda azı postsovet məkanındakı mövcud problemləri Moskva ilə qarşılıqlı anlaşma və əməkdaşlıq müstəvisində həll etməyə çalışacaq.

Düzdür, ABŞ özünün həyati maraqları olan məsələlərdə heç bir vəchlə geri çəkilməyəcək. O da var ki, bu illər ərzində Qarabağ məsələsi ətrafında həlledici mövqe Rusiyaya məxsusdur. Rusiya xarici işlər naziri Lavrovun son bəyanatı da göstərdi ki, Kreml problemin hələlik status-kvo vəziyyətində qalmasında maraqlıdır. Ona görə də Moskva bütün hallarda problemin status-kvo vəziyyətindən çıxmasına təsir etmək yönündə addımlar atmayacaq. Çünki Rusiya Ermənistanla strateji müttəfiqdir. Belə olan halda güman etmirəm ki, Rusiya cari ildə daha dinamik danışıqlara başlasın və qətiyyətli addımlar atsın. Azərbaycan isə problemin öz ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacib olduğunu bir qayda olaraq vurğulayır.

Prezident İlham Əliyev də dəfələrlə deyib ki, Azərbaycan heç bir vəchlə öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına icazə verməyəcək. Hər halda Azərbaycan ordusunun keçənilki aprel döyüşləri zamanı uğurlu əməliyyatları bölgədə maraqları olan dövlətlərin hərbi-siyasi elitasına göstərdi ki, vəziyyət uzun müddət belə qala bilməz. Sadəcə güman edirəm ki, hazırda Rusiya, qardaş Türkiyə, İran, ABŞ-ın diqqəti daha çox Suriya və postsovet məkanında Kiyevlə Moskva arasındakı problemlərin çözülməsinə yönəldiblər. Ona görə də Dağlıq Qarabağ problemi bir növ arxa plandadır. Adıçəkilən problemlərin həlli istiqamətində irəliləyişlər olduqdan sonra, Qarabağ məsələsinin həlli yolunda danışıqlarda da məhz Azərbaycan dövlətinin marağına cavab verən və beynəlxalq hüquq normaları çərçivəsində müəyyən addımlar atıla bilər. Bu məsələlər qaldıqca, həmin dövlətlərin Qarabağ probleminin həllini düşünəcəyi real görünmür”.

 

ELÇİN

Yenicag.az

Xəbərlər, Siyasət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti