Qarabağın taleyi Sankt-Peterburqda həllini tapacaq? – Şərh

Müəllif: Redaktor

Editor

sarkis-eliyev-putinElman Nəsirov: “İyunda Sankt-Peterburqda keçirilməsi istisna olunmayan görüşdə irəliləyişlərin olması ehtimalı daha genişdir”

Rusiya XİN-dəki mənbənin sözlərinə görə iyun ayının sonlarında Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.

Rusiya XİN-dən bildiriblər ki, tərəflər razılıq versə, görüş barədə prezident administrasiyaları məlumat yayacaq.

Rusiyanın Ermənistana təsir gücünü nəzərə alaraq iyunun sonlarında Sankt-Peterburqda keçirilməsi gözlənilən görüşdən görəsən real addımlar gözləməyinə dəyərmi? Yoxsa bu da əvvəlki görüşlərin təkrarı olacaq?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Yenicag.az-a açıqlamasında bildirdi ki, keçirilməsi gözlənilən həmin görüşdən gözləntiləri daha çoxdur: “Bu bir həqiqətdir ki, aprel döyüşlərinə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi bir mərhələ idisə, həmin döyüşlərdən sonra isə yeni mərhələ başlayıb. Yeni mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, artıq köhnə yanaşmalarla konflikti həll etmək mümkün deyil. Aprel döyüşlərinə qədər həmsədrlərin fəaliyyəti münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarət idisə, bu döyüşlər göstərdi ki, artıq buna ümid bəsləməyə heç bir əsas yoxdur, istənilən vaxt döyüşlər yenidən alovlana bilər. Elə bu nöqteyi-nəzərdən də Vyana görüşü əvvəlki görüşlərdən seçildi. O baxımdan ki, Vyana görüşündə əldə edilən razılaşma atəşkəsin qorunub saxlanılması ilə bağlı əldə olunan razılığın əslində iyun ayında keçiriləcək görüş üçün sabit və sakit mühitin təmin edilməsinə nail olmaq mənasını daşıyırdı. Belədə deyərdim ki, iyun ayında keçiriləcək görüş çox məsuliyyətli bir görüşdür.

Burada münaqişənin həllilə bağlı müəyyən taktiki irəliləyişlər gözlənilir və buna böyük ümidlər var. 3 həmsədr sırasında Rusiyanın Ermənistana daha ciddi təsir imkanlara malik olduğunun heç kimə sirr deyil. Hətta Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə də münaqişənin həllində Moskvanın həlledici rola malik olduğunu bildirib. İndi də bu məlumatlar yayılıb ki, artıq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü Rusiya təşkil edir və bu da prezidentlər səviyyəsində olacaq üçtərəfli görüşdür. Münaqişənin həllində ən böyük məsuliyyət də həlledici tərəf hesab edilən Rusiyanın üzərinə düşür. Hesab edirəm ki, bu fikirlər münaqişənin həllilə bağlı Rusiyaya həm də daha geniş imkanlar verir. Çünki artıq onun həlledici rolu beynəlxalq subyektin digər dövlətləri tərəfindən də tanınır. Bütün bu reallqları nəzərə alsaq həqiqətən də münaqişənin həllində Rusianın üzərinə düşən məsuliyyət bütün digər dövlətlərin üzərinə düşən məsuliyyətdən daha da artmış olur.

Həmin məsuliyyəti dərk edib Rusiyanın və onun prezidenti Vladimir Putinin indiki vəziyyətdə tarix yazması üçün unikal imkanları yaranıb. Gözəl imkan yaranır ki, qəliz bir münaqişənin həlli yolunda Moskva öz sözünü demiş olsun. Bunun baş verməsi Rusiyanın beynəlxalq imicinə də müsbət təsir göstərər. Çünki məlum Ukrayna hadisələri fonunda Moskvanın beynəlxalq imicinə ciddi ziyan dəyib. Bu nöqteyi-nəzərdən iyun ayının sonunda keçirilməsi istisna olunmayan görüşdə münaqişənin həlli istiqamətində faktiki indiyə qədər olmayan irəliləyişlərin olması ehtimalı kifayət qədər böyükdür”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır