www.sinerjipro.net

SinerjiProWide
Reklam

ww78Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Həsənovanı və onun həyat yoldaşı Vəfadar Həsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenicag.az xəbər verir ki, Qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə ilkin baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirilib ki, F.Hüseynov Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə), 221-ci (xuliqanlıq) və 120-ci (qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib.

İttihama görə, F.Hüseynov ər-arvadı öldürmədən öncə onların yeni aldığı evdə olub və villadakı 28 min manat pulu yandırıb. Bundan başqa, digər zərərçəkənlərin həyətlərinə gedərək onları döyüb.

Fədail Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, yalnız Vəfadar Hüseynovu öldürdüyünə görə özünü günahkar bilir: “Vəsilə ölməli idi, öldü. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Onu da təsdiqləyirəm. Başqa deyəcəyim bir şey yoxdur”.

Bunda sonra o, prokurorun və vəkilin suallarını cavablandırıb. Bildirib ki, ittihamda qeyd olunan evdəki yanğını o törətməyib: “Mən saat 11-də o evdən getmişəm, yanğın isə saat 4-5də olub. Evdən gedəndə açarları da orda qoymuşam. Orada təmir gedirdi deyə ustaları aparıb ora qoydum, sonra çıxıb getdim. Kim açarları götürüb o evdəki sənədləri çıxarıbsa, yanğını da o edib. Bıçağı da o evdən götürmüşdüm”.

F.Hüseyn qətl törətdiyi evə necə girdiyini da açıqlayıb: “İkinci mərtəbənin pəncərəsindən keçdim, qabağıma da heç kim çıxmadı. Birbaşa yataq otağına keçib Vəsiləni vurdum. Ümumiyyətlə, mən o evdə Vəsilədən başqa heç bir qadına əl qaldırmamışam. Vəsiləni vurub qayıdandan sonra Vəfadar qarşıma çıxdı, üstümə gəldi, özümü itirdim, onu da vurdum”.

Onun istintaqa verdiyi ifadəsindən bəzi hissələr elan olunub: “Vəsilənin evinə girəndə o məni tutduracağını dedi və sübut üçün qışqırmağa başladı. Sakitləşməsi üçün sinəsindən 1 bıçaq zərbəsi vurdum”.

F.Hüseynov məhkəmədə deyib ki, Vəsilə Həsənova ilə mübahisəsi yalnız torpaq üstündə olub: “Adamlara torpaq satıb pul almışdım. Sənədləri isə Vəsilə verməli idi, amma vermirdi. Pul verən şəxslər də sənəd tələb edirdilər. Bu məsələni həll etmək üçün ora getmişdim”.

Qeyd olunub ki, onun mərhum Vəsilə Həsənova ilə münasibətləri olub və razılaşmaya görə V.Həsənova ərindən boşanıb F.Hüseynov ilə birlikdə olmalı imiş. Lakin son anda Vəsilənin fikrini dəyişməsi Fədaili özündən çıxarıb.

F.Hüseynov isə bunun yalan olduğunu deyib.

Bundan sonra zərərçəkmiş Meyxanım Hüseynova ifadə verərək hadisə barədə danışıb: “Həmin gün gündüz saat 3-də Vəsilə ilə Fədail torpaq məsələsinə görə mübahisə etdi. Axşam Vəsilənin telefonuna zəng gəldi, cavab vermədi. Sonra mənə zəng gəldi, məni də telefonu açmağa qoymadı. Dedi sən çıx balkona hava al, özüm danışacağam. Mən Natella ilə balkona çıxanda gördüm bu divara sıxılıb dayanıb. Dedim bala burda neynirsən, məni itələyib içəri keçdi. Bu vaxt mən özümdən getdim, ayılanda gördüm nəvəm İsmayıl qışqırır ki, atamı vurdular. İsmayıl atası ilə aşağıda tort kəsirdi. Özümə gələndən sonra nəvəm Fidan dedi ki, Fədail atamla anamı vurdu”.

M.Hüseynova qızının və özünün F.Hüseynova ilə münasibətlərindən danışıb:

“Fədail evin adamı idi deyə o biri evin evin açarları onda olurdu. O mənə ana, mən ona oğul deyirdim, anası ölsün. Mən bunu kişiliyinə görə çox istəyirdim, nə bilərdim oğraş imiş. Qızımla münasibətləri həmişə yaxşı olub, sonra günlər bir az pis idi. Amma heç bir başqa söhbət olmayıb, ancaq torpaq məsələsinə görə”.

Zərərçəkmiş Araz İsmayılov ifadə verərək F.Hüseynovun bir dəstə adamla onun ailə üzvlərinə hücum edərək döydünü deyib: “Hər şeyi yazmışam, danışa bilmirəm. Arvadları başına yığıb həyətimizə gəlmişdi, 1-2 oğlan da var idi. Bizi döyməyə, evimizi dağıtmağa gəlmişdilər. Dava vaxtı mən evdə yatmışdım, həyətə düşəndə bunu gördüm, itələdim. Məni yerə yıxıb təpiklədi, sürüdü”.

A.İsmayılov deyib ki, F.Hüseynov bunları Nigar adlı qadının tapşırığı ilə edib: “Nigar qızımın qayınanası olub. Bu adam uşağımın həyatının dağılmasına birbaşa iştirak edib, özü də zor gücü ilə. Qızımın qanuni nikahını pozdurub. Cənab hakim, qızımın yoldaşı Anarın dayısının kim olduğunu bilirsiniz. Daha adını demirəm, onun qəbulunda olduq. O da dedi ki, nikahları filan hər şey qaydasındadı, niyə boşanırlar. Oğlan narkoman idi, dispanserdə də yatmışdı. Mən də buna görə bu evliliyə razı deyildim. Amma mənə bir şey maraqlıdır ki, bu adam niyə belə edib?”

A.İsmayılovun həyat yoldaşı Gülnarə İsmayılova da zərərçəkmiş şəxs kimi ifadə verərək həmin dava zamanı döyüldüklərini deyib.

Mərhum Vəfadar Həsənovun atası Əbilhəsənov Sultan ifadə verərək hadisə zamanı evdə yatdığını deyib: “Nəvələrim gəlib oyadıb dedilər. Çölə çıxanda Vəsiləni gördüm, başını kəsmişdi. Əlimə bıçaq götürüb çıxdım. Gördüm qızım qonşuları çağırır. Bu işin arxasında başqaları dayanıb. Mən o uşağı soğan-çörəklə böyütmüşdüm. Desin görüm, mənim balamı niyə öldürdü.

Vəfadar Həsənovun bacısı Natella Mirzəyeva ifadə verərək hadisənin necə baş verdiyini danışıb: “Mən bir ildi yaşamıram, hadisə hər gün gözümün önündədi. Hadisə günü Vəsilə təzə aldığı evə baxıb gəlmişdi. Ona tez-tez zəng gəlirdi, nəsə narahat idi. Anasına dedi gəl gedək yataq. Səhəri günü Vəsilənin ad günü idi. O ərəfədə qardaşımla o küsülü idi. Vəfadara dedim gül al, saat 12 tamamda Vəsiləyə ver, barışın. O da gedib alıb maşına qoymuşdu. Vəsiləyə nə qədər dediksə aşağı düşsün, düşmədi. Biz də tortla gülü götürüb yuxarı çıxdıq, təbrik etdik. Sonra Vəsilə dedi daha oturmayın, durun yatın, sabah mən işə gedəcəyəm. Mən otağımda uzanmışdım, gördüm Meexanım xala zalda pəncərələrin qırağı ilə gəzişir, ora-bura baxır. Sonra mənim otağımın qapısını örtüb balkonun dəmir qapısını açmağa başladı. Mənim də otağım balaca idi deyə boğulurdum, dedim mən də çıxım hava alım. Balkona çıxanda elə gördüm ağ köynəkli kimsə var. Mən qaranlıqda görə bilmirəm, elə bildim Vəfadardı. Bu sakitcə məni itələyib içəri keçdi. Dedim yəqin Vəfadardı Vəsiləyə görə əsəbiləşib. Otağıma keçib uzandım, bir az sonra kimsə başını salıb otağım baxdı. Soruşdum kimdi, cavab vermədi. Sonra eşitdim ki, xala məni çağırır. Çölə çıxanda gördüm yıxılıb, Vəfadar da aşağıdan yuxarı mərtəbəyə qalxırdı. Biz qardaşımla xalanı yerdən qaldıranda həmin ağ köynəkli adam bizə yaxınlaşdı, Vəfadar ayağa qalxan kimi onun sinəsindən bıçaqla vurub qaçdı. Atam yatan otağa keçib dedim qardaşımı bıçaqladılar. Sonra fikirləşdim ki, bu qədər şey olub, görəsən Vəsilə niyə aşağı düşmür. Onun otağına getdim, gördüm Vəsilə oturub yerdə divara söykənib, boğazı da sarıqlı idi. Dedim Vəsilə o adam kim idi, əlini boğazından çəkdi, barmaqlarının arasından qan gəldi. Aşağı qaçıb qonşuları çağırdım, heç kim qapısını açmadı. Evə qayıdanda gördüm mənim oğlum qardaşımın başı üstündə dayanıb, Vəfadar da yerdə qanın içində idi. Vəsiləyə görə yuxarı qaçanda gördüm Meyxanım xanım əlində telefon oturub nəsə edir. Fidan dedi ki, sildi, sildi. Sonradan bildik ki, bu adam zəng edib, xalaya balkona çıxmasını deyib. O da həmin danışığı silirmiş. Bu adam otağa girəndə Fidan orda olub, Vəsilə uşağı tutub otaqdan çölə atıb, deyib ki, uşağın yanında eləmə. Fidan sonra bizə dedi ki, bu adam zəng edəndə Vəsilə anasına deyib ki, balkonun qapısını açma, o da deyib yaxşı, açmayacağam. Mən gözüm zəif gördüyü üçün evdə olanda Fədailin üzünü görmədim, tanımırdım da. Birinci dəfə burda gördüm”.

Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 8-də Saray bələdiyyə sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin başını kəsib, ərini isə odlu silahla ürəyindən qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin torpaq üstündə olduğu bildirilib.

35 yaşlı Fədai Hüseynov Vəsilə Həsənovanın sürücüsü olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."