!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qaynatam məni tuturdu ki, oğlu məni yaxşı…” – Reportaj + FOTOLAR

!Reklam – Yazi

siginacagHər bir insanın öz həyatı onun ömür kitabıdır. Bəzən insan ömür kitabını vərəqləyəndə onun acılı-şirinli xatirələrini təkrar xatırlayır. İnsan yaşadıqlarını yada saldıqca bəzilərinin peşmançılığını çəkir, bəzilərinə isə gecikdiyini dərk edir.

Eləcə də hər qadının həyatı onun xatirələrlə dolu bir kitabıdır: kimisi üçün xoş xatirə, kimisi üçünsə acı hekayə…

Beləcə, yenə də “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə getməyə qərar verdik. Bu dəfə sığınacaqda ab-hava tam başqa cür idi, orada hər şey dəyişmişdi, daha doğrusu tam fərqli idi. Hər kəsin başı bir işə qarışmışdı. Böyükdən-kiçiyə hamı qarşıdan gələn Yeni il bayramına hazırlıq görürdü. Otaqları şar və zərlərlə bəzəmişdilər, böyük eyvanda küknar ağacı qurmuşdular. Sığınacağın əməkdaşları ilə həmsöhbət olduq və bir neçə gün ərzində yeniliklərlə bağlı maraqlandıq. Sığınacaqda olan iki qadın özləri bizə yaxınlaşaraq, danışmaq istədiklərini söylədilər. Mənsə söhbətimi yekunlaşdırıb, sakit bir otağa çəkilib, öncə onlardan biri, 35 yaşlı Kəmalə adlı qadınla danışmağa başladım.

Kəmalə zahirən gözəl qadın idi: alagözlü, yumrusifət, ağbəniz bir xanım…

-Kəmalə, necə olub bura gəlmisən?

– Mən bakılıyam. Həyat yoldaşım Ramin əslən Quba rayonundandır. 11 il bundan əvvəl Raminlə tanış olmuşduq və evlənməyə qərar vermişdik. Bizim 3 övladımız var: 2 oğlan, 1 qız. Biz ailə qurduqdan sonra qaynanamla Bakıda yaşayırdıq. Ramindən başqa ikinci qaynım da evlidir, o, ayrı yaşayır. Avqust ayı idi mən öz anamgilə getmişdim. Qaynatamgil mənə zəng edib evə gəlməyimi tələb etdilər. Mən də anamgildən çıxıb öz evimə getdim. Evə girəndə gördüm ki, qaynım sərxoş və nəşəlidir. O, mənimlə səbəbsiz yerə dava eləməyə başladı, mən ona fikir vermədim. Evdə qaynım, qaynatam və uşaqlarım idi, qaynanam isə o biri otqada idi. Heç vecinə də deyildi oğlunun mənimlə səbəbsiz yerə dalaşması…

Dava çox çəkmədi, qaynım qaynatamın yanında mənə bıçaqla hücum çəkib, 8 dəfə zərbə endirdi. Həmin hadisəni uşaqlarım da görmüşdü. Məni xəstəxanaya çatdırdılar. Bir neçə gün orda qaldım. Çıxandan sonra getməyə yerim olmadı.

– Sən xəstəxanada yatdığın müddətdə yoldaşın yanına gəlməmişdi?

– Yox. O heç bu gün də mənimlə maraqlanmır. Xəstəxanada bir qadın vardı, o, məni bu sığınacağa yönləndirdi. Mən də gəldim. Sağ olsun Mehriban xanm da məni qəbul etdi və baş verən hadisə ilə ətraflı maraqlandı.

– Qaynın səni heç bir səbəb göstərmədən, heç nədən bıçaqladı?

– Qaynımın heç ağlı öz başında idi ki, nəsə səbəb də desin? O bundan əvvəl də iki dəfə həbs olunub. İndi də məhkəmələrdə mənə deyirdi ki, “bilməmişəm, bir səhvdi eləmişəm, məni bağışla”.

– Həyat yoldaşınız bəs harda idi?

– İşdə idi…

– Deyirsiniz ki, qaynatanız evdə olub. Bəs o, müdaxilə etmədi oğlu sizi vuranda?

– Yox… Qaynatam məni tuturdu ki, oğlu məni yaxşı vursun.

– Ramin bu məsələni biləndə nə dedi?

– Ramini indi də dindirəndə deyir ki, mən işdə olmuşam və heç nədən xəbərim yoxdu. Heç nə deyə bilmərəm. Məni də qəbul etmir. Boşanma ərizəsi yazmışam məhkəməyə, yanvarın 19-u məhkəmə olacaq. Anası imkan vermir bir yerdə yaşayaq. Qaynım mənə görə tutulub deyə, qaynanam da bunun heyifini çıxır məndən.

– Uşaqlarınız kiminlə qalır?

– Ataları ilə. Mənə vermirlər. Zəng edirəm, oğlanlarım danışmaqdan yaxın gəlmir, qızımsa danışır, deyir ki, “gəl, məni apar” (qızından danışanda ağlayır-red).

– Uşaqlarınızın neçə yaşı var?

– Böyük oğlumun 12, o birinin 10, qızımın isə 3 yaşı var.

– Oğlanlarınız artıq böyükdür. Bəs əmilərinin sizi bıçaqla vurmasına onlar bir söz demir?

– İkinci oğlum əvvəl-əvvəl deyirdi ki, “əmim türmədən çıxsın, mən onu özüm doğrayacam. Qaynanam indi uşaqların beynini “yeyib”, oğlanlarım məndən imtina edirlər. Onlar nənələrinə çox inanır.

– Ramini bir kənara qoyuram. Bəs sizin ailəniz nə deyir bu məsələyə, sığınacaqda qalmağınızı bilirlər?

– Atam rəhmətə gedib, anam sağdır, qardaşımla qalır. Bacılarımın da hərəsi öz evində. Qardaşım deyir ki, qaynın səni bıçaqlayıb, mən səni qəbul edə bilmərəm. Gəlib, bizimlə yaşasan da evdən çölə çıxmayacaqsan, “ev dustağı” olacaqsan. Qardaşım mənə sahib çıxmır.

Kəmalə söhbət edə-edə boynunu büküb üzümə elə baxır ki, sanki mən onun sonuncu ümidiyəm. Mənim ona kömək edə biləcəyimə ümid edir.

-Ramin sizi qəbul etmir, bacılarınız qarışmır, qaynana tamamilə imtina edib, balalar istəmir, ana və qardaş da sahib çıxmır, sığınacaqdan nə zamansa çıxmalısınız. Nə düşünürsünüz, nə edəcəksiniz ?

– Onların heç birisini mənim harda qalacağım maraqlandırmır. Dəfələrlə qardaşımla danışdım, ancaq üstümə qışqırır. Ramin telefonu açmır, qaynanam uşaqlarla danışmağıma imkan vermir. Heç bilmirəm nə edim. Az qalıram özümü öldürüm, bezmişəm bu həyatdan. Dörd aydır ailəmdən, balalarımdan ayrılıb gəlmişəm kimsəsiz kimi küncə sıxılıb öz dərdimi “çalxalayıram”. Dörd ayım dörd il kimi keçir burda… Bir qadının ailəsindən uzaq olması çox çətindir. Bilmirəm balalarım nə yeyir, nə geyinir, necə məktəbə gedir. Əsas da qızımdan ötrü darıxıram, o körpədi, üçyaşlı uşağa ana qayğısı lazımdır. Balalarım ana nəvazişindən dörd aydır məhrum olunublar ( əlini üzünə sıxıb hönkürtü ilə ağlayır- red).

Sakitləşir və davam edir:

– Bayaq qaynanama zəng eləmişəm ki, uşaqlarnan danışım, yalandan deyir ki, burda deyillər. Sonra da qayıdıb mənə deyir ki, Ramin deyir ”məni yığmasın, nə sözü var məhkəmədə deyər”. Ramin uşaqların bura gəlməsinə də imkan vermir ki, heç olmasa burda görüşüm. Vəkilim qaynanama deyir ki, sənin o biri oğlun da ailəlidir. Ancaq gücün bu oğluna çatır. Vəkilimə deyir ki, o biri gəlini qovuram da getmir, həyasızdı, üzünə salıb oturur. O, evinə, balasına sahib çıxmağı bacarır. Sonra da qayıdıb deyir ki, “mən öz uşaqlarımı istəmirəm. Onlar məni o qədər gözüyaşlı qoyublar, mən də heyifimi belə alıram”. Qaynanamın bu danışığından sonra başımı itirmişəm. Burdan çıxıb hara gedəcəm, nə edəcəm, heç bilmirəm. Gücüm yoxdu, əlacsızam, ümidim üzülüb. Qaynım evimi yıxdı, balalarımdan ayrı düşdüm. Ramin əvvəlki Ramin deyil. Ramindən əsər-əlamət qalmayıb, qaynanam onu məndən döndərib. Hətta razıyam ki, Ramin başqa yerdə ev tutsun balalarımı mənə versin, mən özüm də işləyərəm. Ancaq balalarım yanımda olsun. Qızımı çox istəyirəm (gözlərini yumub səssizcə gözündən yaş axıdır- red).

Kəmalə qızından danışarkən halı pisləşir, söhbəti yarımçıq saxlayıb, onu sakitləşdirməyə çalışıram. Sığınacaqda olan qadınlar onun yanına yığışır, dərman verib yardım göstərirlər. O, bir az özünə gəldikdən sonra mən 46 yaşlı Gülnarə adlı qadınla söhbət edirəm.

Gülnarənin taleyi Kəmalənin taleyindən daha çox acınacaqlıdır. Özü kimi bəxti də qaradır…

-Nə qədər müddətdir sığınacaqdasınız?

– Bir ay 5 gündür. Çöldə qaldığım üçün bura üz tutmuşam. Qubalıyam, ordan gəlmişəm bura.

– Həyat yoldaşınız yoxdur ki, “çöldə qalmışam” deyirsiniz?

– Var… 29 il idi ailəli idim. Övladım olmurdu. Xeyli müalicələr etdirdik, 27 ildən sonra Allah mənə bir qız övladı nəsib etdi. Ancaq yoldaşım yaman içəndir. Nə evim var, nə də normal ərim. Payıma düşən bir körpəmdir, o da xəstə (gözləri dolur-red).

– Bilir burdasınız?

– Yox, xəbəri yoxdur. Amma mən axırıncı dəfə evdən çıxanda onu polisə verib çıxmışdım. Polis hələ də axtarır, tapa bilmir. Artıq bezmişdim; 29 ildir bu adam içir, gəlir evə, qırğın salıb məni döyür. İnsan da hər gün döyülərmi? 29 il ərzində bu adam il yarım içmədi, sonra yenə başladı… İçməyəndə adam balası kimi adamdı.

– Bəs niyə daha əvvəl polisə şikayət etmədiniz?

– Dəfələrlə şikayət etmişdim, heç bir xeyri də yox idi. Mən hər dəfə şikayət etdikcə, o, gəlib məni qayışla gömgöy edirdi. Hətta 8 ildir ki, mən onunla rəsmi olaraq boşanmışdım, ancaq bir yerdə qalırdıq. Əvvəllər deyirdim cəhənnəm, gedəsi yerim yoxdu, daha bu yaşdan sonra mənə yaraşmaz açıq edib getmək. Son vaxtlar daha da pisləşmişdi. Axırda dözə bilmədim. Artıq qızıma görə qorxurdum ki, içib məni döyən uşağa nə baxır. Uşağımı da vurar, yazıq balam ölər. Mən 29 ildə öyrəşmişdim onun işgəncələrinə. Elə evdən çıxmağım da qızıma görə oldu.

– Qubadan sığınacağa necə gəldiniz?

– Bir veriliş vardı, o verilişə çıxmışdım və oranın vasitəsi ilə bura gəldim.

– Yoldaşınız tərəfdən kiməsə demisiniz onun hərəkətlərini?

– Qaynım bilir, o da yaşlı adamdır bacarmır yoldaşımla. İçəndə onu da söyür. Yazıq qaynım neçə dəfə məni döyəndə gəlib görüb. Əlindən almaq istəyib, gücü çatmayıb. O, içəndə məni elə döyürdü, təsəvvür edin ki, elə bil adam çubuqla palaz çırpırdı. Yəni o vəziyyətdə məni döyürdü, mən onun əlində bir əşya idim, top kimi bu küncdən o küncə, o küncdən də bu küncə vururdu. İçəndə zalımın oğlu şirə dönürdü. Məni o vəziyyətdə döyən adam, uşağa nə baxır. Uşağı bir dəfə alıb başına, çırpsaydı yerə, onunla da mən məhv olardım, özüm-özümü öldürərdim (qızının üzünə baxır danışdıqca- red)

– Əgər yoldaşınız səhvini anlasa və söz versə ki, bir daha içməyəcək onunla barışarsınız?

– O sözlərdən çox olub. Yox, bu dəfə onu heç vaxt bağışlamaram. Çünki o, məni axırıncı dəfə döyməyi cəhənnəm, evin içində saçımdan tutub o qədər sürümüşdü ki, üzümün dərisi getmişdi. Elə adamı bağışlamaq olar?… Onun cəzaları hələ də canımda qalıb, bədənim sız-sız sızıldayır. İstəmirəm, qızımdan və məndən uzaq olsun onun heç nəyi bizə lazım deyil.

– Burdan çıxıb hara gedəcəksiniz?

– İş axtarıram… İş tapıb, qızımı baxçaya qoyub, özüm də işləyəcəm.

Gülnarə xanımla söhbət zamanı sığınacağa bir qadınla qızın gəldiyini gördüm. Sığınacağın əməkdaşları biz həmsöhbət olduğumuz otaqda ona yer ayırıb, sorğu-sual etdilər. Mən də söhbətimi yekunlaşdırıb, sığınacaqdan ayrıldım.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

5599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv