www.sinerjipro.net

SinerjiProWide
Reklam

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci ilin sonuna qədər latın qrafikası əsasında qazax əlifbası layihəsinin hazırlanmasını tapşırıb.

Yeniçağ.Ru-nun məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin latın əlifbasına keçidlə bağlı təşəbbüsünü şərh edən politoloq Yerlan Karin bildirib ki, dövlət başçısı əlifba islahatı ilə bağlı dəqiq plan təklif edib:

“Prezident özünün “İstiqamət – mənəvi dirçəlişə doğru” məqaləsində yenidən latın əlifbasına keçid ideyasına toxunub və bu dəfə ideyanın həyata keçməsi üçün dəqiq plan irəli sürüb. Burada söhbət ilk mərhələdə filoloqlar, dilçilər, müxtəlif profilli ekspertlərin iştirakı ilə keçirilən müzakirələrin nəticəsinə uyğun olaraq, ilin sonuna kimi əlifba layihəsinin hazırlanmasından gedir. Gələn ildən etibarən isə tədris-metodik vəsaitlərin və mütəxəssislərin hazırlanması nəzərdə tutulur”.

Politoloqun sözlərinə görə, prezident bu məsələdə dəqiq plan göstərir və konkret müddət müəyyənləşdirir:

“Latin əlifbasına keçid sadəcə əlifbanın dəyişdirilməsi deyil. Bu, bizim üçün sivil bir seçim olaraq, açıq dünyanın bir hissəsi olmaq cəhdimizin, tərəqqiyə can atmağımızın təsdiqidir. Bütün bunlar Qazaxıstan təhsil sisteminin modernləşdirilməsinə yönələn ideyalara tam uyğundur”.

Qazaxıstanda latın əlifbasına keçidlə bağlı prezident Nazarbayevin təşəbbüsünü Yeniçağ.Az-a şərh edən keçmiş təhsil naziri Firudin Ağasıoğlu bu addımı alqışlayıb:

“Yadınıza salım ki, Türk dövlətlərinin təhsil nazirləri 1992-ci ildə İstanbulda toplaşaraq, ortaq əlifba məsələsini müzakirə edib ortaq qərara gəldi. Azərbaycanda indi istifadə olunan əlifba məhz həmin ortaq əlifbadır. Ancaq təəssüf ki, digər Türk dövlətlərində bu proses ya getmədi, ya da xeyli gecikdi. Məsələn: bizdən iki il sonra Tatarıstan da latın əlifbasına keçdi. Ancaq Putin hakimiyyətə gələndən sonra latın əlifbasını ləğv etdi. Bununla belə, Tatarıstan ictimaiyyəti yenidən latın əlifbasına keçid üçün artıq hərəkətə keçib. Qazaxıstanda latın əlifbasına keçid prosesi 25 il ləngisə də, Nazarbayevin bu təşəbbüsü alqışlanmalıdır. Çox arzu edirəm ki, Qazaxıstanda latın əlifbasının tətbiqi prosesi sürətlə getsin. Hesab edirəm ki, bu addım ümumtürk coğrafiyasında vahid əlifbanın tətbiqinə təkan verəcək”.

Qeyd edək ki, Qazaxıstanın rəsmi mediasında prezident Nursultan Nazarbayevin “İstiqamət – mənəvi dirçəlişə doğru” adlı proqram xarakterli məqaləsi dərc olunub. Məqalədə qazaxların şüurunda keyfiyyət dəyişikliyi və modernləşmənin zəruriliyi əks olunub.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."