Qəlbimizdə bir kərə ucalan və o zirvədən enməyən adam: Rəsulzadə

Müəllif: Baş Redaktor

Baş Redaktor

9fa6d46a93fd9a9f8624df6550439325Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümüdür.

M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

1902-ci ildə on yeddi yaşında olan M. Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Rəsulzadə 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:

“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb edib.

M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır