!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qərb”ə əlvida

!Reklam – Yazi

15592274_840931706050134_290555648_nTrampın ABŞ prezidenti seçilməsi ilə “Qərb” anlayışının sonu gəlməkdədir. Avropa, strateji baxımdan ABŞ-a vəkalət vermək üçün çox zəif və bölünmüş vəziyyətdədir, bundan başqa ABŞ liderliyi olmadan Qərb ayaqda dura bilməz.

“Qərb”anlayışı XX əsrdə II Dünya müharibəsi ilə birlikdə meydana gələn, 40 il davam edən Soyuq müharibədə beynəlxalq nizamı yenidən təmin edən və bu günə qədər yer kürəsinə hakim olan bir dünya quruluşunu ifadə edir.

“Qərb” anlayışı, coğrafi cəhət bildirən qərb kəlməsi ilə qarışdırılmamalıdır. “Qərb”in mədəniyyəti, normaları və dini baxışları əsasən “qərbli” olsa da, zaman keçdikcə bu anlayış dəyişməyə başladı. Qərb xarakteri hər nə qədər Alp dağlarının şimalındakı Avropa torpaqlarında inkişaf etsə də, “Qərb” XX əsrdə yaranmış bir anlayışdır.
I Dünya Müharibəsi başlayanda əvvəlcə Üçlər ittifaqı və Antanta (İngiltərə-Fransa-Rusiya birliyi) arasında cərəyan edən lokal Avropa münaqişəsi idi. Bu savaş, yalnız 1917-ci ildə ABŞ-ın müdaxilə etməsi ilə həqiqi mənada Dünya müharibəsinə çevrildi. Bizim bu gün “Qərb” dediyimiz anlayış məhz həmin vaxtdan formalaşmağa başladı.
Qərb əsasən, Amerikanın Antantanı müdafiə etməsi üzərində inşa edilib. ABŞ bu həyati əhəmiyyətli rolu oynamazsa, Qərbin diktə etdiyi nizam mövcud ola bilməz. Məhz Tramp idarəsi altında rəsmi Vaşinqton bu roldan əl çəkə bilər. Buna görə də Qərbin gələcəyi təhlükə altındadır.
Qərb anlayışının II Dünya Müharibəsindən sonra tam formalaşdığını söyləmək olar. 1941-ci ilin iyun ayında nasist Almaniyası SSRİ-yə hücum etdi. Beləcə, Böyük Vətən Müharibəsi başladı. Avqust ayında isə İngiltərənin baş naziri Uinston Çörçil və Amerika prezidenti Ruzvelt, Şimali Amerikanın şərq sahilində Kanadaya aid olan bir adada, hərbi gəmidə görüşərək müqavilə imzaladılar.
Bu müqavilə, daha sonra NATO-ya çevrildi və 40 il boyunca ortaq dəyərlər və bazar iqtisadiyyatı ilə Sovet təhdidinə qarşı mübarizə apararaq müstəqil demokratik ölkələri öz damı altında birləşdirdi.

Tramp faktoru

Heç kim Trampın seçilməsinin Amerika demokratiyası üçün hansı anlam daşıyacağından və onun vəzifə başına keçdikdən sonra nə edəcəyindən əmin ola bilməz. Ancaq indidən iki məntiqi nəticə mövcuddur. Birincisi, Trampın prezidentliyi Amerikanın daxili və xarici siyasəti üçün xeyli çətinlik törədəcək.

Tramp Amerika siyasətinin yazılı olmayan bütün qanunlarını boşa çıxararaq, seçkidə qalib gəldi. O, təkcə Hillari Klintonu yox, eyni zamanda öz partiyasından da onu dəstəkləməyən böyük hissəni də məğlub etdi. Buna görə də yanvar ayının 20-də prezidentlik postuna gələndə onun bu uğurlu strategiyasından əl çəkəcəyini söyləmək olmaz. Digər tərəfdən, Trampın “Amerikanı yenidən yüksəltmək” vədinə də sadiq qalacağına əmin ola bilərik. Hər nə bahasına olursa-olsun, bu, onun siyasətinin təməli olacaqdır.

Sabiq prezidentlərdən Reyqan da bu sözü vermişdi, ancaq o, bunu Soyuq müharibənin davam etdiyi və ABŞ-ın imperialist siyasət yürütdüyü bir dövrdə etmişdi. Onun siyasəti nəhayət, SSRİ-nin çökməsinə gətirib çıxartdı. Həmçinin o, başqa ölkələrə borc verməklə, Amerika iqtisadiyyatının yüksəlişinə səbəb oldu.

Trampın imperialist siyasət yürütmək kimi bir şansı yoxdur. Əksinə, o, seçki kampaniyası dövründə Amerikanın Orta Şərqdə alovlandırdığı mənasız müharibələri tənqid atəşinə tutub. Elə onu dəstəkləyənlər də ABŞ-ın qlobal liderlikdən əlini çəkməsini istəyirlər.

Abstrakt millliyyətçiliyə doğru gedən ABŞ, böyük fərqlə dünyanın ən güclü ölkəsi olaraq qala bilər, ancaq o, Qərb ölkələrinin təhlükəsizliyinə təminat verməyəcək, sərbəst ticarətə və qloballaşmaya söykənən beynəlxalq nizamı müdafiə etməyəcək.

Amerika siyasətinin nə dərəcədə sürətlə dəyişəcəyi və bu dəyişikliklərin nə dərəcədə radikal olacağı hamı üçün maraqlıdır. Tramp 12 üzvlü Transsakit Okean Ortaqlığını rədd etməyə söz verib. Görəsən, Tramp bunun Çin üçün bir lütf olduğunu başa düşürmü? Həmçinin o, Cənubi Çin dənizində amerikan donanmasını azaldarsa, bu, Çin üçün göydəndüşmə olacaq. Çin qısa müddət sonra sərbəst ticarətin yeni təminatçısı, bəlkə də yeni qlobal lider ola bilər.

Əmin olun ki, Çin Amerikanın yerini doldurmaq üçün hazırlıq görür. Avropada isə milliyyətçiliyin tabutunun qapağı açılıb və vaxtı gələndə bu “xortdamışlar” qitəyə, eyni zamanda dünyaya yayılacaq.

Suriya müharibəsinə gəldikdə isə Tramp bu yerlə-yeksan olmuş ölkəni Rusiya prezidenti Putinin və İranın qucağına ata bilər. Bu baş verərsə, Orta Şərqdə güc balansı dəyişəcək.

Əxlaqi baxımdan bu, Suriya müxalifətinə qarşı insafsız bir xəyanət və Suriya prezidenti Bəşər Əsədə isə ehsan olacaq.
Tramp, Orta Şərqi Putinə həvalə edərsə, bundan sonra Ukrayna, Şərqi Avropa və Qafqazda nə edəcək?
Trampın ABŞ üçün planlaşdırdığı yeni siyasət indidən müəyyən qədər bəllidir. Demək olar ki, hər şey Trampın Amerika Konqresində qarşılaşacağı reaksiyadan asılıdır.

Ancaq hansısa başqa xülyaya düşməməliyik. Bütün bu səbəblərə görə, hamının tanıdığı Qərb dünyası, böyük ehtimalla gözümüzün qabağında son nəfəsini verəcək.

Aytək Yusifsoy
Yenicağ.az

www.yenicag.az

697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv