!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qərənfili qara rəngə boyayanda ürəyim qan ağlayır”... - Reportaj + FOTOLAR

!Reklam – Yazi

Bu il Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 27 illiyi qeyd edilir. 20 Yanvar faciəsinin 27-ci ildönümünə cəmi iki gün qalıb. Hər il olduğu kimi, bu il də faciə qurbanlarının uyuduğu Şəhidlər Xiyabanında hazırlıqlar gedir. Boynubükük qərənfillərə bürünən Şəhidlər Xiyabanı üçün paytaxtımızın məşhur gül salonlarında da müxtəlif gül çələngləri hazırlanır.

Həmin çələnglərin necə hazırlandığını görmək üçün biz də salonlardan birinə yollandıq. İçəri daxil olanda kənarda səliqə ilə hazır düzülmüş qərənfilləri gördük. Sanki, güllər də matəm üçün hazırlandıqlarını bilirdilər. İşçilərin üzündə isə qəribə kədər və susqunluq var idi.

Ətrafa göz gəzdirib, satıcılardan birinə yaxınlaşdıq. O, başını aşağı salıb, gül buketi yığırdı. Məmməd adlı satıcını bir neçə dəqiqəlik işindən etməli olduq. Satıcı əvvəlcə müştəri olduğumuzu zənn etdi:

– Salam. Hazırladığınız buket sifarişdir, yoxsa…

– Salam, xoş gəlmisiniz. Xeyr, sifariş deyil. Əgər xoşunuza gəlirsə ala bilərsiniz.

– Yox, sadəcə maraqlanıram.

– Hə. Belə buketləri yığıb hazır edirik ki, alıcılar gələndə tələsən olsa, bəyənib alsın.

– Qiyməti?

– 30-40-50 manat arası…

– Ən ucuz və bahalı gülün adını deyə bilərsiniz?

– Ən bahalı gül zanbaq (arxideya) və penelopadır. Ucuzlu güllərimiz çəmən çiçəkləri və qərənfildir. Güllərimizin qiyməti münasibdir.

Söhbət zamanı müştərilərdən biri onun yığdığı buketi almaq üçün maraqlandı. Məmməd ona gül haqqında məlumat verdi. Alıcı isə digər hazır buketlərə baxmalı oldu. Biz də söhbətimizə davam etdik:

– Neçə ildir burada işləyirsiniz?

– Artıq 5 ildir.

– Daha çox sifariş olur, yoxsa?

– Baxır da… Ancaq hər gün müştərilərimiz olur.

– Salonunuzda yerli güllər var?

– Xeyr, hamısı xaricdən gəlir.

– Hansı ölkələrdən?

– Hollandiyadan, Ekvadordan…

Salon çox qarmaqarışıq idi. Nə gələn bilinirdi, nə gedən… Satıcılara rəhbərlik edən şəxs də ara-sıra gəlib, onları tələsdirirdi. Satıcıların hərəsi bir tərəfdə idi. Biri buket bəzəyirdi, çələng yığırdı. O biri işçilər isə stolun üstündə dağılan gülləri səliqəyə salır, yerə tökülən artıq ləçəkləri, yarpaqları yığışdırırdı. Həm ətrafa göz gəzdiririk, həm də söhbətimizdən geri qalmırdıq…

– Əvvəllər yerli güllər də olurdu?

– Biz yalnız xaici gülləri satırıq. Bizdə yerli güllər olmayıb.

– Xarici gülləri nə qədər müddət saxlamaq olur?

– 10-15 gün qalır. Sərin yerdə qoyur, daha çox qulluq edirik. Həm də hər gün satış olur deyə, elə də çox saxlamırıq.

– Yəqin bayram günləri satış çox olar?

– Fərqi yoxdur, elə eyni qaydadadır.

– Artıq 20 yanvar yaxınlaşır… Sizin salonda hazırlıq görülür?

– Hazırda elə şəhidlərimizin əziz xatirəsi üçün çələnglər yığacağıq. Əlbəttə ki, salonumuz adından da çələng yerləşdirəcəyik. Nazirliklərdən də sifarişlərimiz var.

Səs-küy bütün salonu bürümüşdü. İşçilərin bir neçəsi hissələrə bölünüb 20 Yanvar üçün sifariş verilən çələngləri hazırlayırdı, digərləri isə ad günü və ya hədiyyə etmək üçün buketləri yığırdı.

– Salonun girişində xeyli sayda qərənfil dəstələri gördüm…

– Bəli… Həmin qərənfillərin hamısı Şəhidlər Xiyabanına aparılacaq.

– Ancaq qərənfillərin rəngi qırmızı deyil, qara rəngə çalırdı.

– O qərənfilləri özümüz boyamışıq. Bilirsiniz, bu haqda danışmaq mənə çox çətindir. Hər dönüb qərənfilə baxanda içim sızlayır, pis oluram.

– Şəhidlərimizi ziyarət etməyə gedəcəksiniz?

– Əlbəttə. Bəyəm, getməmək olar. Hər birimizin borcudur. Bizim üçün canlarından keçən şəhidlərimizi yad etməmək olmaz.

Salonda hər kəs sanki, harasa tələsirdi. Səs-küy də bir tərəfdən söhbətimizə mane olurdu. Bir neçə işçinin Şəhidlərin xatirəsinə hazırladıqları gül çələnglərini kənardan seyr etdik. Torpaq altında uyuyan şəhidlərimizi bir anlıq hüznlə yad edib, sakitcə məkanı tərk etdik.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv