!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-Dövlət münasibətlərində çatışmayan cəhətlər…

!Reklam – Yazi

qh1

Vüqar Bayramov: “QHT-lər dövlətdən daha çox dəstək gözləyir”

Şahin Rəcəb: ” Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə yanaşı, başqa yerli donorları da formalaşdırmaq lazımdır ki…”

Fərasət Qurbanov: ” QHT-lər layihə hazırlayarkən, dövlət qurumları ilə əməkdaşlığa cəhd göstərmir”

Azərbaycanda da çoxsaylı qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Demək olar ki, hər bir sahə üzrə QHT-lər vardır. Bu qurumlar ölkədə mövcud olan bir çox problemlərin həllində mühüm komponentlərdir.  Son illər Azərbaycan dövləti QHT-lərin inkişafına hesablanmış bir sıra addımlar atıb. Bununla belə QHT dövlət münasibətlərində hələ də bir çox çatışmayan məqamlar var. Bu çatışmayan məqamların nədən ibarət olduğunu aydınlaşdırmaq üçün  Yenicag.az saytı olaraq ekspertlərə müraciət etdik.

Uzun müddətdir bu sahədə fəaliyyət göstərən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, QHT dövlət münasibətlərində çatışmayan başlıca məqam ikincinin birinciyə dəstəyinin hələlik az olması ilə bağlıdır: “Azərbaycanda da qeyri-hökumət təşkilatlarının fəaliyyəti olduqca vacibdir, bu birmənalıdır. Son 20 ildə ölkəmizdə vətəndaş cəmiyyəti kifayət qədər inkişaf yolu keçib.  Amma bu gün də QHT-lə dövlətin münasibətində bir sıra çətinliklər var. Bəzi hallarda ölkəmizdəki QHT-lər siyasi partiyaların həyata keçirməli olduğu funksiyaları icra edir. Bu da vətəndaş cəmiyyəti ilə siyasi arena arasında sərhədlərin itməsilə bağlıdır. Əslində, QHT-in xüsusiyyəti hökuməti daha yaxşı işləməyə məcbur etməkdir. Onlar fəaliyyəti öz araşdırmaları, layihələri, təklifləri ilə hökumətin iqtisadi, sosial və digər tədbirlərinə təsir göstərməkdən ibarətdir.  Vətəndaş cəmiyyətinin digər mühüm xüsusiyyəti cəmiyyətin maarifləndirilməsinə, dövlət qurumlarının imkanlarının artırılmasına nail olmaqdan ibarətdir. Ölkəmizdə son illər bəzi QHT-in siyasi partiyalar yanında yer alması təbii ki, onlarla dövlət arasındakı münasibətlərə ciddi təsir göstərib.  Bu da dövlət qurumları ilə münasibətlərin liberallaşması və sivil müstəviyə keçməsinə maneə olurdu. Eyni zamanda, QHT-lər dövlətdən daha çox dəstək gözləyir. Dövlətin bu sektora ayırdığı vəsaitin artırılmasına ehtiyac vardır. Dövlət çalışmalıdır ki, QHT-in maliyyə vəsaitlərinə olan tələbatı daha çox dövlət vəsaiti hesabına ödənilsin. Büdcəmiz də buna imkan verir. Daxili maliyyə mənbələrinin payı artırılmalıdır”.

QHT üzrə mütəxəssis Şahin Rəcəb isə bildirdi ki, QHT dövlət münasibətlərində səmimiyyət  prinsipləri çatışmır: “QHT dövlət münasibətlərinin formalaşmasını 3 mərhələyə bölmək olar. Birinci mərhələ 1999-cu ilə qədər olan dövrdür ki, həmin ana qədər Azərbaycanda QHT sektoru tam inkişaf etməmişdi. Həmin illərdə QHT-in fəaliyyəti əks fəaliyyət kimi başa düşülürdü. Sonrakı dövrdə isə QHT-in inkişafı üçün müəyyən şərait yaradıldı, qanunvericilik aktları qəbul edildi, QHT Forumu , Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. 2005-ci ildən başlayan 3-cü mərhələdə isə QHT-in daha müasir səviyyəyə uyğunlaşdırılması, müxtəlif dövlət strukturları nəzdində ictimai şuraların yaradılması kimi mövzular ortaya gəldi. QHT-in müvafiq layihələrinin proqramının icrasına Prezident Adminstrasiyası da aktiv dəstək verir. QHT dövlət münasibətlərində çatışmayan, daha doğrusu arzu olunan cəhətlərə gəldikdə, birinci növbədə “İctimai iştirakçılıq haqqında” qanunvericilik artıq reallığa çevrilməlidir. Bəzi nazirliklərdə olduğu kimi, bütün nazirliklərdə ictimai nəzarət strukturları formalaşmalı, QHT nümayəndələri nazirliklərin müxtəlif proqramların icrasında yaxından iştirak etməlidir. Müxtəlif proqramların həlli üçün QHT-lərə dövlət sifarişləri olmalıdır, bu istiqamətdə QHT mütəxəssislərinin əməyindən maksimum faydalanmaq istiqamətində cəhdlər artırılmalıdır. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə yanaşı, başqa yerli donorları da formalaşdırmaq lazımdır ki, vətəndaş cəmiyyətləri üçün yeni maliyyə mənbələri formalaşsın. QHT-in təşkilatı inkişafına da xüsusi önəm verilməlidir. QHT-in qeydiyyatdan keçməsi sadəcə, bildiriş və xəbərdarlıq formasında daha da sadələşdirilməlidir.  Ümumiyyətlə, QHT dövlət münasibətləri səmimi prinsiplər əsasında qurulmalıdır. Dövlət də bu qurumların inkişafında maraqlı olmalıdır ki, onlar digər dövlətlərin deyil,  ancaq milli maraqlarımıza, dövlət və cəmiyyətimizə xidmət etsinlər”.

QHT-lərə Dövlət Dəstəyi Şurasınln icraçı direktoru Fərasət Qurbanov isə YENİCAG.AZ-a müsahibəsində problemi QHT-in dövlətlə əməkdaşlığa qısqanclıqla yanaşmasında görür: “Hesab edirəm ki, QHT dövlət münasibətlərində çatışmayan cəhətlər dedikdə, burada ilk növbədə qarşılıqlı kommunikasiya və əməkdaşlıqdan söhbət gedə bilər. Məhz bu sahədə olan boşluqları aradan qaldırmaq üçün ilk addımı da dövlət atıb. 2007-ci ildə “QHT-lərə Dövlət Dəstəyi konsepsiyası” qəbul olundu  və Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla da dövlət QHT-in inkişafı ilə bağlı siyasətini ortaya qoydu.  Sadəcə olaraq, QHT-lər dövlətin bu dəstəyindən düzgün istifadə etməli, mövcud problemlərin həllində fəal olmalı, dövlətlə əməkdaşlığa can atmalıdır. Dövlətimiz ayrı-ayrı dövlət qurumları, mərkəzi icra hakimiyyəti orqanlarının QHT-lə əməkdaşlığına da üstünlük verir.  “İctimai iştirakçılıq haqqında” qanun Milli Məclisdə qəbul olunub, o imzalanaraq icra prosesinə yönəlib.  Bu qanunla mərkəzi icra aparatı orqanları nəzdində ictimai şuralar yaradılacaq ki, onun da tərkibi vətəndaş cəmiyyəti nümayəndələrindən  ibarət olmalıdır. Görüdüyünüz kimi, dövlət QHT-lə işləməyə böyük önəm verir. Bu yaxınlarda QHT Şurası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə memorandum imzaladı. Burada sosial sahədə göstərilən xidmətlərin məhz QHT-lər vasitəsilə həyata keçirilməsini nazirlik açıq çəkildə bildirdi. Cümə günü isə Şura ilə Milli Məclis arasında memorandum imzalanıb. Burada da qanunların qəbul olunmamışdan öncə ictimai müzakirəsi, qanun yaradıcılığında vətəndaş cəmiyyətilə əməkdaşlıq ehtiva olundu. Deməli, dövlət QHT-lə əməkdaşlıqda bütün mümkün addımları atır. Amma QHT-lər bu əməkdaşlığa hazırdırmı? Bu sahədə problem var.  Onlar dövlət qurumları, bələdiyyələr, KİV-lə əməkdaşlıqda açıq olmalıdır. Praktikada isə bəzən  bunu müşahidə etmirik. Böyük layihələr həyata keçirən QHT-lər KİV-lə əməkdaşlığa can atmır, layihələr, illik fəaliyyətləri barədə hesabatları mətbuata ötürmür. Layihələr hazırlanarkən, müvafiq dövlət qurumları ilə əməkdaşlığa cəhd göstərmirlər.  Onların niyyəti xoşdursa, layihənin yerli icra strukturlarından gizli saxlanılması hansı məntiqə sığır. Bu məsələləri analiz etdikdə, bir daha əmin oluruq ki, əməkdaşlıq sahəsində dövlət bütün zəruri addımları atır, QHT isə elementar layihədə belə, dövlətlə əməkdaşlığa qısqanclıqla yanaşır. Problem bundadır”.

Rüfət/Yenicag.az

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv