!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qismətinə dodagında gülüş, gözlərində kədər yaşatmaq yazılan şair

!Reklam – Yazi

esmira_00893031_nEsmira FUAD 

Filologiya üzrə Fəlsəfə doktoru

Həyatda heç nə axtarmayan və özünü evinin pərvanəsi-

məhbusu edən Nurəngiz Gün…

Və… Açılıb uzanan hər sap düzümü ömür deyilmiş… demək ki…

Əziz oxucum, gəlişi gözəl sözlər işlətmək naminə, çəkicilik xatirinə yazmadım bu başlığı… Bu başlıq azad ruhunu, mərdanə xarakterini, fərqliliyini çox sevdiyim, hər yerdə və hər məqamda yalnız özü olan, sadəliyini, səmimiliyini heç nəyin dəyişə bilmədiyi Nurəngiz Günün 1978-ci ildə qələmə aldığı “Döydüm qapını” şeirini bir daha oxuduqdan sonra doğuldu:

Şəngülümsüz, Şüngülümsüz bir Məngülüm var,

bir bəmbəyaz gülüm var, qürbətdən gətirdim. 

Döydüm qapını, utana-utana.
Oxudum mahnımı, mən yana-yana:
 
– Məngülüm! Aç qapını, mən gəlim.
Döşümdə ağrı gətirmişəm,
başımda təzyiq…
Buynuzlarım ki, yoxdur?
 
Olsaydı, ot yox, At gətirərdim, həyat gətirərdim,
At ucalıqdır, həyat – qanadlı bir nağıl!..
At gətirərdim, həyat gətirərdim.

10466

Atı ucalıq, həyatı qanadlı bir nağıl sayan xanım şairin at gətirmək, həyat gətirmək arzuları gerçəkləşməyincə, ürəyində ağrı yuva saldı və təbii, o, “bəmbəyaz gül” bu ağrıların ağırlığından, öləsiyə etkisindən saralıb-soldu… Nəhayət, bu ağrılar və “başındakı məğlub eşqi” “sevgi toxunuşlu”, eşq qoxulu bu qadını “ev pərvanəsinə, ev məhbusuna” çevirdi… Halbuki vaxt vardı, bomboz boşluqları, bütün yaramazlıqları, onun üçün darıxdırıcı olan içi boş adamları qamçılamaq keçirdi könlündən:

Bomboş bir səssizlik, bomboş…
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
 
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
 
bu boşluğu!

Elbrus Ərudun Lent.az-a müsahibəsində də Nurəngiz xanımın ömrünün əllinci illərindən etibarən başlayan bu guşənişinliyinin apaçıq cavabı var: “Mən həmişə beyni yüklü, qayğılı yaşamışam. 1937-ci ildə tayfam darmadağın olub. Babam, Mirzə Ələkbər Hacızadə Əfəndini itirmişik. O, məşhur həkim olub və insanlara təmənnasız xidmət edib. Yaxınlarımın itkisi mənim üçün ağırdır. Sonra atam, anam və qardaşımı itirmişəm. İndi evdə tək yaşayıram. Oturub fikirləşəndə onlarsız hansı qüssələri keçirdiyimi ancaq özüm bilirəm. Ona görə də ayda-ildə bir dəfə tədbirlərə gedirəm. Getdiyim yerdə də heç kimə heç nə hiss elətdirmirəm. Haqqım yoxdur kimisə yükləməyə. Evin içinə çox bağlıyam. Elə bil ki, ev pərvanəsiyəm. Ev məhbusuyam. Özüm-özümü belə eləmişəm…”

Beləcə, itirdiyi əzizlərinin portretini evinin divarlarına düzərək onlarla həsb-hal edir, dərdləşirmiş və keçmiş günlərinə, quş kimi ötən çağlarına qayıdarmış və layiq olduğu, arzuladığı həyatı “qanadlı bir nağıl” kimi yaşaya bilməməsindən dolayı qüssələnərmiş tez-tez. Müsahibələrindən birində o, beləcə də deyib: “Gözəlliyimin qədri bilinmədi, heyf oldu getdi. Gözəlliyimə yaraşan həyatım olmadı. Bir dəfə qardaşım mənə baxıb dedi ki, ay bacı, sən indi şahın süfrəsində oturmalısan. O, məni çox gözəl duyurdu və görürdü ki, kimlər xoşbəxtlik tacını başına qoyub gəzir… Mən indi başa düşürəm hər şeyi. Şəkillərimə baxanda deyirəm ki, İlahi, bu qızdakı nə gözəllik olub belə? Yəqin belə olacaqmış… Bir də mən o vaxt heç nəyi axtarmırdım axı…”

Təkcə o vaxtmı? Əsla, o, bütün yaşamı boyunca heç nəyi axtarmayıb, heç nəyin ardınca düşməyib, gözləyib ki, xoşbəxtlik özü gəlib günlərin birində tapacaq onu… Axı, bilirdi, yaxşıca dərk edirdi ki, hər cür xoşbəxtliyə layiq idi, lap elə şahın süfrəsində oturmağa belə… Amma qüruru, vüqarı həmişə, hər yerdə onunla olub və yersiz addımlar atmağa qoymayıb dodagına gülüş, gözlərinə kədər qonmuş bu xanımı… Səssizcə öz yolunu tutub və adını iftixarla daşıdığı üzü Günəşə doğru addım-addım yol gedib “yol olanadək”…

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Yaləm və titrəyişim
Yol gedirəm, yol olanadək.

Həmişə bu fikirdə olmuşam ki, insanların adında onun xarakteri və əməlləri ilə bağlı hansısa gizlinlər yatır. Adında Nur, işıq, ədəbi təxəllüsündə isə Gün-Günəş daşıyan bu gözəl-göyçək xanımın da ömür səhifələrini vərəqlədikdə fikrimin həqiqət olduğuna bir daha əmin oldum… Nurəngiz Gün səhər erkəndən, hamıdan tez oyanmağı, Günəşi qarşılamağı hər şeydən çox sevirmiş. Gün çıxmayanda, hava tutqun olanda canı sıxılır, darıxırmış. Qəribədir, Günəşə qara sevdası, onun ilkinliyinə olan inamı şeirlərinə o qədər dərindən sirayət edib ki, oxucu şairin xarakter cəhətinə çevrilmiş bu adətini təsdiqləməyə bilmir:

 

Bu torpağın öncə Günəşi doğulub,
Bu torpaq sarı tellərdən yoğrulub.
Bu torpağın ulu nənəsi Gün xanım olub.
Gün xanım, Günəş xanım!
Andım, Tanrım, imanım!

Əlbəttə, yalnız Günəşi dəlicəsinə sevən, onun işığına tapınan şair-Tanrı bilən türksoylu yazar xanım yeri, göyü, anamız təbiəti, onun nemətlərini də bu qədər sevə bilər və onun bəzəyi olan quşları ovlayan ovçulara nifrət edər. Quşlara həyatım deyər. Çiçəklərin dərilməsinə üzülər, 8 Mart Qadınlar bayramını çiçəklərin ölümü günü kimi mənalandırar, həmin gün telefonun dəstəyini belə qaldırmaz ki, birdən kimsə onun bayramını təbrik üçün çiçək dərmək fikrinə düşər…

Ilk qələm təcrübəsinə “Tanrı” adı verən Nurəngiz Günün sonrakı əsərlərinin toplandığı kitablarının adları da, şeirlərinin ehtiva etdiyi mənaların da üzü məhz dərgaha – Günəş Tanrısına yönəlikdir, “Xocalı simfoniyası”ndan başqa…

“Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua” və “Yol gedirəm” kitablarındakı anlaşılması həm asan, həm də çətin şeirlərdən dünyamıza səmimiyyət, ümid, kədər və məhəbbət, özgürlük duyğuları ələyən, zamanın qürbətində itkin düşən sevgiləri xatırladan Nurəngiz Günün öz bənzərsiz obrazı boylanır. Oxucuları bu orijinal şeirlərin diqtəsilə onun bənzərsiz müəllifini daha yaxından tanıyır və sevirdilər…

Əlbəttə, o, bənzərsiz idi, başqalarından seçilən bir fərqliliyə sahibdi, bulaq suyu qədər saf və şəffafdı, azad düşüncələrini dilə gətirməkdən çəkinməz, qorxmazdı, rola girməyi, maskalanmağı bacarmazdı, gözü tutan, ruh birliyi duyduğu kəslərlə son dərəcə səmimi söhbət etməyi, ünsiyyət qurmağı sevər, sevgisindən yüksədəydi. İllər boyu tanıyıb şeirlərini oxusam da, efirdən cəsarətli fikirlərini eşitdikdə bəzən təəccüblənsəm də, onunla ilk görüşümüz böyük Məmməd Arazın yas mərasimində olmuşdu… Ustad şairin yasına gələn xanımlar yemək masasının arxasında öz işlərində idilər… O isə bütün bunların ona dəxli yoxmuş kimi, foyedəki pəncərənin qarşısında durub binanın həyətinə baxır, bəlkə də rəhmətliklə həsb-hal edirdi… O zaman mənə qəribə gəlmişdi, yasa gələn bir xanımın içəri keçmədən foyedəcə xeyli dayanması və dərin düşüncələr içində geri dönməsi… İkinci görüşümüz Güneydən gəlmiş niskilli şairimiz Balaş Azəroğlunun Təzə Pir məscidində keçirilən vida mərasiminə təsadüf etmişdi… Bu dəfə bir çox məsələlər barədə xeyli söhbət etmişdik… Balaş müəllimin yasında iştirak edənlərin sayının azlığından şikayətlənmiş, bunu sayğısızlıq saymışdı. Sonuncu görüş qismətimizsə böyük Cavad Heyətin 40-ı gününə yazılmışdı, ikinci Fəxri Xiyabanda… Amma bu dəfə söhbətləşmək iqtidarında deyildi, səhhətində ciddi problemlər yaşadığı, artıq həyatın yükünü daşımaqdan yorulduğu və əbədi yola çıxmaq ərəfəsində olduğu açıq-aşkar hiss olunurdu… Hər hərəkəti, üzgünlüyü, dodaqaltı söylədikləri Günəş kimi qüruba endiyini bəlirləyirdi…

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid və qürur,

İçimdə ağlamaq ehtiyacı…

Yol gedirəm, yorulanadək…

Qısa bir haşiyə:1938-ci ildə Bakı şəhərində dünyaya gələn Nurəngiz Gün öncə 1 saylı Bakı Tibb Məktəbində oxuyub, amma tibb sahəsi onu heç özünə çəkməyib, ruhundakı təlatüm, susmayan əbədi sənət sevdası onu Azərbaycan Dövlət İncəsənət Universitetinə gətirib. Sonra isə söz sənətinin, kültürümüzün qara sevdalısı sənət dünyasına qucaq açan, ən yüksək səviyyədə bu dünyanın təbliğini həyata keçirən Az.TV-də  diktor vəzifəsində çalışmağa başlayıb… İllər sonra onu hətta uzaqdan görmək üçün televiziyanın qarşısına toplanan fanatlarını, sevənlərini yormamaq, təsəvvürlərində olduğu kimi – gənc, gözəl və çəkici qalmaq üçün… (bəlkə də xəbər oxumaqdan yorulduğu üçün) müəllimlik etmək qərarına gəlib və sənət yoluna qədəm qoyacaq gənclərə səhnə danışığı və nitq mədəniyyətini öyrətmək üçün Mədəniyyət və İncəsənət Universitetində işləyib.

O, bütün yaradıcılığı boyu ruhən azad olub, sərbəst düşüncələrini səmimi şəkildə ifadə eləyib, yalana, riyakarlığa, saxtakarlıq və yaltaqlığa meydan verməyib, süni pafosdan uzaq olub, yalnız əlahəzrət həqiqəti, gerçəkləri yazıb. Cəmiyyətdə baş verən naqisliklər, çatışmamazlıqlar, mənəvi aşınmalar, Qarabağ dərdi, unutqanlıq, hər hansı bir sahədə ana dilimizə qarşı göstərilən etinasızlıq heç vaxt nəzərindən qaçmayıb… Belə məqamlarda təbiətin yaratdığı saf, tərtəmiz varlıqlara üzünü tutaraq sözünü deyib, mesajlarını yollayıb… “Yalqız qumrum! Susqun yavrum! Arı pətəyim-İşıldaquşum!” epietlərilə oxşadığı Qumru quşundan bu pislikləri yaradanların – “xeyrə şər qatan” özbəöz soydaşlarının “pisləri əzizləyib, yaxşıları” dışlayanların yerinə hətta üzr də diləyib:

Açılıb uzanan hər sap düzümü ömür deyilmiş,
ömrün hər dözümü ömür deyilmiş!
Bağışla!
Aldandıq, aldatdıq, nələrdən döndük,
nələrdə yanıban, nələrdə söndük.
Bilməzdim bu qədər üzü dönükdük!
Bağışla!
Pisi əzizləyib, yaxşını atdıq,
Olub ki, bəzən də  xeyrə şər qatdıq,
Beləcə  sivişib ömür uçdu ki!
Ömür quşdu ki!
Sevdalı yolları unutmuşuq ki!
Bir kövrək çiçəyi qurutmuşuq ki!
Bağışla!
Bağışla!

Modernlik sanki ən başdan öz həqiqətini yaratmaqdadır. O da modern şeirlər yazırdı və inamla, cəsarətlə öz həqiqətini yaradırdı… Modern şairsə, az qala özünün yazdığı şeirlərə də heyrətlə baxar. Bizlər, Nurəngiz Günün oxucuları onun modern üslublu şeirlərinə beləcə heyrətlə baxırdıq… “Mən ədəbiyyat üzünə, oxucu üzünə utanmadan gəlmişəm. Hər sətiri yazanda bir Allah bilir ki, ürəyimdən nələr süzülürdü… Mən hamını, ən çox da Vətənimi xoşbəxt görmək istəyirəm”, sözlərindəki gerçəklər və yanğı “Xocalı simfoniyası” əsərindən ruhumuza dolur. Düşünürəm ki, “Xocalı simfoniyası” bütün dünyada mövcud olan zülmlərə qarşı yumruq kimi birləşərək bir cəbhədə mübarizə aparan şüurlu bir əsərdir. Bəzi şeirlər bəşərin özəyi ilə yoğurulmuşdur ki, inqilab himninə çevrilmişdir.

Azərbaycan poeziyasının üfüqlərində Gün kimi doğan və “Əgər məndən humanizm əsirgəməmisənsə, buna görə sənə şükür edirəm, Allahım! Buna görə özümdə nikbinliyi öldürməməyə, yaşamağa dəyər…” deyən xanım şairə bu pozitivliyinə görə də tanıyanların sevgisi intəhasız idi… Ölümünün səhəri günü internetdə paylaşılan fikirlərdən bircə nümunəni verməklə bu sevgiylə yaşayıb ölməyə dəyər, demək istəyirəm sözardı olaraq…

“Səhəri Nurəngiz Günün vəfatı ilə açdıq. Çox üzüldüm. Qızlarını kişiləri bədbəxt eləmək üçün yetişdirən bir cəmiyyətdə həyatındakı kişiləri xoşbəxt eləmək qabiliyyətinə malik bir qadındı Nurəngiz Gün. Sevgi toxunuşlu qadındı. Təhminəmiz… Zaurun kim olduğunu bu günə qədər dəqiq öyrənə bilməsəm də, onun günümüzə qədər yaşamasından, onu tanımaqdan çox məmnunam. Nurəngiz xanımın o gözəl gözlərinin dərinliklərində həmişə dəhşətli bir qüssə sezmişəm. Və mənə həmişə elə gəlirdi ki, müasirlərinin bütün qara gözlərə həsr olunan mahnıları ona ithaf olunub. Məkanı uçmaq olsun!”

Uzat sarı tellərini,
Uzat, əllərim çatmır.
Uzat, uzat, sarıl mənə,
Sarıl mənə, apar məni,
Mənə soyuqdur, Günəş…
Çatarsam,
Odundan ovuc-ovuc udacağam…
Boğazımda qurşun qalacaq, Günəş!
Bir qurşuna möhtacam…
Eşidirsənmi, ulu nənəm, hey!
Gün xanım, Günəş xanım!

www.yenicag.az

741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv