www.sinerjipro.net

SinerjiProWide
Reklam

Taekvondo üzrə dünya çempionu, ATF-nin yığmalar üzrə vitse-prezidenti, Niyaməddin Paşayev Yeniçağ.az-a müsahibə verib. O, federasiyadan qalmaqalla ayrılan, qadınlardan ibarət yığmanın keçmiş baş məşqçisi Sun Mi Parkdan da danışıb.

– Niyaməddin müəllim, niyə ölkə birinciliyində kişilərdən ibarət yığmamızın aparıcı üzvləri iştirak etmirdi?

– Həmin idmançılarımız yarışdan təzə çıxıblar. Dekabr ayında Bakıda “Qran-pri”nin final mərhələsi və Dünya Kuboku keçirildi. Kişilərdən ibarət yığmanın aparıcı üzvlərindən altı nəfəri Dünya Kubokunda çıxış etmişdi. Bu səbəbdən də taekvondoçuların növbəti yarışa qatılmasını məqsədəuyğun saymadıq. Həm də aralarında zədəli idmançılar da vardı.

– Bəs birinciliyi qalib olaraq bitirmiş idmançılardan neçəsi üçün şans yaranıb?

– Şanslar var. Yarışı qalib bitirmiş idmançılar arasında seçim gedir. Belə ki, kişilərin yarışında 8 çəki dərəcəsində qalib olmuş taekvondoçular yığmaya cəlb edilir. Məqsədimiz də fevralın əvvəllərində Antaliyada keçiriləcək klublararası Avropa çempionatında və Ankaradakı “Turkish Open” turnirində onları sınamaqdır.

– İslam Həmrəylik Oyunlarına komandada neçə idmançıya yer veriləcək?

– İslam Həmrəyliyi Oyunlarına qatılacaq heyəti bu 16 taekvondoçu arasından seçəcəyik. Qarşıdakı beynəlxalq turnirlərdə yaxşı nəticə verən idmançılar yığmanın əsas üzvləri seçiləcəklər. Bundan sonra da biz Bakıdakı məsul yarışda ən güclülərə şans verəcəyik. Onu da bildirim ki, həmin yarışlar taekvondonun yeni qaydalarıyla keçiriləcək.

– Nəyə görə, qadın taekvondoçularımız azdır? Bu sahədə hansısa işlər görüləcək?

– Təbii ki, görüləcək. Azlığın olmasının da müəyyən səbəbləri var. Belə ki, Azərbaycanda qadın idmançılar karyeralarını erkən başa vururlar. Bəziləri 17-18 yaşında ali təhsil almağa üstünlük verərək, idmandan uzaqlaşırlar. Bir qismi isə ailə həyatı qurduqdan sonra taekvondodan ayrılır. Buna görə də bu idman növündə qadınlar azdır. Həm də biz axı heç kimi məcbur saxlaya bilmərik.

– Gənclər komandasında vəziyyət necədir?

– Bildiyiniz kimi bu yaxınlarda, Gənclər arasındakı birincilik baş tutdu. Yarış 3 gün davam etdi. Əvvəllər hər çəkidə 2-3 güclü taekvondoçu olurdusa, bu dəfə 5-6 iddialı idmançı diqqətimizi cəlb etdi. Yəni artım var. Bizi ən çox sevindirən bölgələrdən daha çox taekvondoçuların olması, uğura imza atmalarıdır. Yəni bölgələrdə də bu idman növünə marağın yarandığını görürük.

– Sonda Sun Mi Parkın gedişi ilə bağlı məsələyə aydınlıq gətirməyinizi istərdik.

– İlin sonunda Sun Mi Parkla müqavilə müddəti başa çatdı. Rza Mehmadustla müqaviləni artırdıq. Amma Mi Parkla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Onun gedişindən sonra federasiyanın İdarə Heyətinin iclasında bu məsələni müzakirə etdik və qərara gəldik ki, baş məşqçi postuna Elnur Amanov gətirilsin. Bundan sonra da kişilərdən ibarət yığmanı Rza Mehmandust, qadınları isə Elnur Amanov hazırlayacaq.

 

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.