“Qumarda qızını uduzan atalar da var” – Ombudsman

Müəllif: Redaktor

Editor

161926_467829“Ailə institunun zəifləməsinin əsas səbəbi məişət zorakılığı, erkən nikahlar, valideyn məsuliyyətsizliyi, boşanmalar və bundan qaynaqlanan aliment problemidir”.

Bu fikirləri İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bu gün Milli Məclisdə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Ombudsmanın sözlərinə görə, ölkədə boşanmaların sayı durmadan artır: “Əvvəllər kiminsə övladı boşananda hadisə olurdu, ancaq indi yeni ailə quran gənclər çox asan şəkildə evliliklərini bitirirlər. Təhlillər göstərir ki, bunun əsas səbəbi erkən və məcburi nikahlardır”.

Ombudsman bildirib ki, Azərbaycanda qeydiyyata alınmayan nikahların da sayı çoxdur: “Bu da əsasən kəndlərdə və rayonlarda olur. İnsanların intellektual və psixoloji baxımdan uyğunsuzluğu boşanmalara gətirib çıxaran əsas amillərdəndir. Kimisə zorla ərə verirlər və nəticədə ümumi fikrə gələ bilmirlər. Ailələrin dağılmasına digər səbəblərdən biri də narkomaniyadır. Eyni zamanda, qumar oyunları da bu qəbildən olan problemlərdəndir. Bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar olur. Cinsi zorakılıqlar və bu yolla yoluxan xəstəliklər də bu sıradadır”.

E.Süleymanovanın sözlərinə görə, Azərbaycanda əxlaqsız yuvaları baş alıb gedir: “Ailə institutunun dağılmasında bunun da xüsusi rolu var. Qızlara ailədə ayrı-seçkilik qoyulur. Nə qədər bunu inkar etsək də, reallıq belədir. Ana bətnində olanda dölün cinsini müəyyən etmək mümkündür. Ailə övladın qız olduğunu biləndə onu tələf etdirir. Statistik rəqəmlərə nəzər yetirdikdə görərik ki, dünyaya gələn körpələr arasında qızların göstəricisi 46, oğlanların sayı isə 54 faiz təşkil edir. Bu da böyük demoqrafik dəyişikliklərə səbəb olur”.(APA)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır