Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı – Fərman

Müəllif: Redaktor

Editor

ilham_eliyev_esasPrezident İlham Əliyev “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təşkilini bu fərmanla təsdiq edilən Qaydalara uyğunlaşdırmalıdırlar.

Dövlət başçısının digər fərmanı ilə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli fərmanının IV hissəsi aşağıdakı redaksiyada verilir:

“IV. Rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. Rabitə şəbəkələrində aparılan əməliyyat-axtarış tədbirləri üzrə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin rabitə şəbəkələrinə qoşulması Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.”.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır