Ads by Google

hightechnic
Ads by Google

15778620_847252375418067_529224043_o“İnsanlar mənə xəyanət edib, ancaq tarımdan xəyanət görməmişəm”

Müsahibim fərqli bir insandır. Hər bir dövrün özünəməxsus sənətçiləri, musiqi ifaçıları, mahir ifaları ilə seçilən tarzənləri olub və yenə də var. Söhbət adını tar ifaçılığı sənətinin ən yüksək zirvəsinə yazmış və bu zirvəni öz varlığı ilə zənginləşdirən Xalq artisti, tarzən Ramiz Quliyevdən gedir.

Tar alətinin adı çəkiləndə insanların təsəvvüründə daim Ramiz adı canlanır. Xalq artisti, Şöhrət ordenli, sənətkar, professor, ustad tarzən Ramiz Quliyevlə uzun illər fəaliyyət göstərdiyi və çoxlu sayda tarzən yetişdirdiyi Bakı Musiqi Akademiyasında görüşdük. Səhhətindən gileylənən Ramiz müəllim bizi qırmamaq üçün müsahibəyə xəstə-xəstə gəlmişdi.

Ustad tarzən Ramiz Quliyevlə müsahibəmizi Yeniçağ.az-ın oxucularına təqdim edirik:

– Ramiz bəy, xoş gördük sizi. Yaman narahatsınız…

– Xoş gördük. Sizin üçün yaxşıyam. Amma bilirsiniz də məni möhkəm soyuq tutub, neçə gündür üşütmə, qızdırmadan ayıla bilmirəm. Amma sizi qırmamaq üçün durub gəldim. Bəzən elə işlərim olur ki, onları çatdırmayanda məyus oluram, darıxıram. Əsas odur ki, ilimizin sonunu uğurla yola salacağıq.

– Necə oldu ki, tarzən oldunuz? Sizi bu sənətə çəkən nə oldu?

– Mən anadan olduğum Ağdam rayonunda gözümü açandan baxdım gördüm ki, hər yandan hər səsin müxtəlif və gözəl sədaları gəlir. Onlardan yadımda qalan qarmon, klarnet və bir neçə musiqi aləti vardı. Amma məni daha çox cəlb edən tar idi. Qonşuluqda o tarı görəndə baxdım ki, bizdə də o tardan var, ancaq adının tar olduğunu bilmirdim. Həmin tar bizim evdə divardan asılmışdı, heç mənim əlim də çatmırdı ona. Mən atamdan soruşdum ki, bu nədir, niyə mənə heç nə demirsən axı. Atama dedi ki, bu, tardır.

Yenə sual verdim ki, o tarı kimə saxlamısan. Dedi ki, bala bu, əminindir. Dedim bəs, əmimin tar çalmağını görməmişəm axı. Atam dedi ki, əmin getdi 1941-45-ci ilin maharibəsində qolundan və kürəyindən yaralandı, sonra çala bilmədi. Əmim Həbib Quliyev həvəskar tar çalan olub. Ancaq o hərbçi idi. Mən anama da, atama da dedim ki, verin mən də ifa edim o tarda. Həmin vaxtlar təxminən 5-6 yaşım olardı. Atamsa dedi ki, olmaz və gördüm ki, onun gözləri dolub. Anam da dedi ki, bala, o əminin yadıgarıdır atan üçün. Mən də uşaq idim də ağlım kəsmirdi, elə şeyləri bilmirdim. Nə yadigar axı, yadigar o dur ki, çalasan, tarın qəşəng səsini eşidəsən. Və nəhayət bir neçə müddət gösləməli oldum ki, əmim gəlsin. Əmim Novruz bayramı ərəfəsində gəldi. O, Kəlbəcərdə Hərbi Komissarlıqda işləyirdi, rütbəsi də mayor idi. Əmimi qucqlayıb dedim ki, gəl, sənə bir şey göstərəcəyəm. Apardım tarı göstərib və soruşdum ki, o nədir? Dedi, tar. Dedim, kimindir? Dedi, sənin. Həmin an elə bildim ki, dünyanı mənə verdilər. Tarı toz basmışdı. Götürdüm elə istəyirdim ki, çalım. əmim dedi bunu kökləmək lazımdır. Düşdük aşağı, aşağıda tarın kökdən düşmüş aşıqlarını köklədik. Ondan sonra mənim tara sevgim artdı. Hər musiqi alətinin öz gözəllikləri var, ancaq tarın özünəməxsus ahəngi, mizrabları vurmağı və ələlxsusda sarı simi var. Tardan başqa heç bir musiqi alətində sarı sim yoxdur. Sarı sim çox kövrəkdir. Tarı qucağıma alıb çalanda özümü ən güclü və hünərli bir adam bilirəm.

– Ramiz bəy, söhbət əsnasında yalnız tarın sarı simindən və onun kövrək olmasından danışarkən kövrəldiniz. Nədir sizi kövrəldən?

– O illər müharibə vaxtı və çox ağır dövran idi. O vaxt tarı kökləmək, o simləri tapmaq çox çətin idi. Mən tarı yavaş-yavaş öyrənəndən sonra gördüm ki, sarı simin xüsusi sehri var. O, adamın qəlbinin daxilində səslənir. Və sarı simi bu minvalla çala-çala həmişə onu qoruyurdum. Hətta bir dəfə bir qonşumuz vardı, onun adı Mütəllim idi, onun İsmayıl adlı oğlu tar çalırdı. Amma o böyük idi, bir az yaxşı çalırdı. Mən o küçədən məktəbə gedib-gələndə çəpərin yanında eşitdim ki, İsmayıl tar çalır və mən ayaq saxladım. O, simlərə vurduqca, atası deyirdi ki, “İsmayıl, sənin məzhəbin yansın, sarı simə də vur dana” (deyir və gülür- red). O sözdən sonra sarı simə lap çox vuruldum.

– Həbib əminizlə bağlı mövzuya qayıtmaq istəyirəm. Bayaq dediniz ki, o, tarı mənə verəndə elə bildim ki, dünya mənimdir. Nə zamansa tardan ayrı qalmısınızmı? Və ya ayrı qalanda necə, yenə “dünya mənimdir” fikrində olmusunuz?

– Mən demək olar ki, bu günə qədər heç vaxt tarsız olmamışam. Əmim o tarı verəndən sonra, atam özü mənə bir tar aldı. Əmimin tarını yadigar kimi saxladım ki, birdən nəsə olar ona. O vaxt vəziyyət çox çətin idi. Üç yeşik arımız vardı, atam onları satıb mənə tar aldı. Mənim də 10-12 yaşlarım olardı. O vaxtdan bu vaxta heç vaxt tarsız olmamışam. Uşaq vaxtlarımda hətta tarı özümlə yatızdırırdım. (öskürür möhkəm və bir neçə dəqiqə dayanır-red).

– Əminizin tarını hələ də saxlayırsınız?

– Bəli… Ağdamda bizim çox gözəl şəraitimiz var idi, saray kimi ev tikdirmişdim. Tarı da o evdə saxlayıdrım. Qarabağ işğal olunanda heç vaxt inanmırdım Ağdam da işğal olunar (üzünü pəncərəyə tutub gözü yol çəkir- red). Həmin tarı da saxladım və sonrandan cürbəcr tarlar aldım. Çünki o tarnan daha çala bilməzdim, onun imkanları məhdud idi.

– Ramiz bəy, hiss edirəm ki, tara çox bağlısınız. Yəqin ən yaxın sirdaşınız və hömsöhbətiniz də tar olar…

– Elə tardır… Həmişə sıxılanda, ürəyim bir balaca rayonumuzdan (Ağdam-red) ötürü darıxan kimi gecə də olsa tarı götürüb ifa edirəm. Mənim tarsız heç vaxt bir günüm də olmayıb. İndi bundan sonra nə qədər çala biləcəyimi bilmirəm.

– Həbib əminin tarını özünüzdən sonra kiməsə əmanət edəcəksiniz?

– Yox, o yadigardır. O tarı heç kəsə əmanət etmərəm. İstərdim ki, nəsilbənəsil qalsın, nə deyim. O, elə də gözəl tar deyil, ancaq ilk dəfə o mizrabı vuranda mən kövrək səsi onda eşitmişəm.

– Tarınızın kövrəkliyi və nazı-qəmzəsi heç sizi usandırıb?

-Yox… Nə tarım məni xəcalətli qoyub, nə mən onu. Hər gün 8-10 saat tarda ifa edən adam hər şeyə nail ola bilir. Hazırda əyləşdiyimiz 406-cı otağa 1964-cü ildən gəlirəm. Xarci səfərlərdə olanda konsertlərdə o səsi duymaq üçün üzümü Azərbaycana, Azərbaycanda isə Qarabağa tutmuşam.

– “O səsi duymaq üçün” dediniz. İfa edəndə nədənsə gözlərinizi yumursunuz, sanki bu dünyadan ayrılıb, öz dünyanızda olursunuz. Həmin an nə düşünürsünüz?

– O hər adamda olmur. Adam var yalandan kirpiklərini döyüb süniilik edir. Mən həmin an içimdən hansı anları keçirdiyimi hiss etmirəm. Həmin an elə bilirəm ki, mən yuxarılara, Allahın yanına yaxınlaşıram.

-Tarla adınız birgə səslənir. Ramiz müəllimi tarsız, tarı da sizsiz təsəvvür etmək çətindir. İllərdir yoldaşlıq etdiyiniz tarın xəyanəti olub mu?

– İnsanların bəziləri mənə xəyanət edib, ancaq tarım yox. Tar mənim sirdaşımdır. Bikef olan kimi onu götürüb şegahdan, şurdan ifa edəndə sakitləşirəm.

– İlk dəfə peşəkar səhnəyə çıxdığınız tarix sizin üçün unudulmaz olar…

– 1957-ci ildə Bakıda “Respublika festivalı” keçirilirdi. Mən Ağdamdan müəllimimlə gəldim. Festival “Azdrama” adlı yerdə keçirilirdi. İlk çıxdığım peşəkar səhnə idi. Heç vaxt unutmaram. Onu da deyim ki, əslində mən heç kimdən küsməmişəm. Yüzlərlə tar çalan, xalq artistləri var, onlar hamısı öz güclərinə çalır, ondan artıq yox. Çox güman ki, bizim əksər tarzənlər muğam, toy və nəyisə öyrənib çalırlar.

– Əksəriyyəti dedikdə, kimləri nəzərdə tutursunuz?

– Mən curətlə sizə deyəcəyəm ki, tarda özümə rəqib heç kimi görmürəm və yoxdur da. Dost da, düşmən də bilir ki, kimin gücü nə qədərdir. Onların hamısı mənim yanımda olublar. Mən kafedra müdiri indi “Xalq artisti”, “Əməkdar artist” adları alanalardan imtahan götürmüşəm. İstəmirəm qalmaqal olsun, onların adlarını çəkən deyiləm.

– Kifayət qədər tələbələriniz olub və yenə də var. Özünüzdən sonra davamçınız olaraq kimi görürsünüz?

– Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, birinci prorektor Malik Quliyev, Muğam Kafedrasının rəhbəri Rafiq Əzizov və belə tələbələrim çox olub. Allah eləsin olsun. Ortabab çalanlar çoxdur, amma Azərbaycandan heç ifaçısı indiyə qədər heç bir ölkədə solo-konset verməyib. Bu da məni narahat edir. Nə qədər tələbələr yetirmişik, gərək onlar bunu bacarsınlar. Mən gedirəm xarici ölkələrə 2-3 saat simfonik orkestrlə solo-konsertlər verirəm. Mən istəyərdim ki, onlar solo-konsertlər versin, ancaq əksinədir, onların meylləri ən çox toyadır. Bu dəqiqə pul yarışı gedir. İndi də əsasən çalışırlar ki, var-dövlət yığsınlar. Kimin nə qədər var-dövləti, pulu var. Bilirsiniz, sənətə gərək, vurğun olasan, sevəsən. Mən cavanlıqda 25-30 yaşlarında olanda bəzi toylarda oldum, sonra isə artıq gördüm ki, yox, toy mənlik deyil və toylara getməyi yığışdırdım. Mən xalqa, mədəniyyətə, incəsənətə və tara qulluq edirəm. Mənim ən böyük amalım budur.

– Xarici ölkələrdə tez-tez olmusunuz. Olduğunuz ölkələrdən təkrarən dəvət almısınız?

– Əlbəttə, o qədər olub ki. Mən 70-dən artıq ölkədə olmuşam. Elə ölkə var ki, orada 2-3 dəfə olmuşam. Bundan sonra da kifayət qədər ifa edəcəyim və qastrollara gedəcəyim ölkələr var.

– Tarla bağlı ən maraqlı xatirənizdən bölüşə bilərsiniz?

– Heyf, kefsiz vaxtıma düşdünüz, yoxsa sizə o qədər xatirələrdən danışardım ki. Keçi can hayında, qəssab piy hayında (gülür-red). Amma birini danışaram, xatirələrim çoxdur (düşünür-red). Bir dəfə ölməz sənətkarımız Rəşid Behbudovla 1987-ci ildə getmişdik İsveçrəyə. İsveçrə füsünkar gözəlliyə malik olan bir ölkədir. Biz orada çıxış etdik. Ondan sonra Cenevrə, Luqana, Lozana şəhərlərində çıxışlarımız vardı. Rəşid müəllim də mənə demişdi ki, öncə bir muğam, sonra isə bir klassik əsər ifa edərsən. Mən çətin, texniki muğam ifa etdim, sonra isə klassik əsəri. Konsert yekunlaşdıqdan sonra səfir bizə yaxınlaşdı dedi ki, bir nəfər sizinlə danışmaq istəyir. Gəldi, məndə Rəşid müəllimlə dayanmışdım, söhbət edirdik. Həmin xarici vətəndaş bizə yaxınlaşıb sual verdi ki, “ifa etdiyiniz tarın notu var?”. Dedim ki, yox, muğamın notu olmur. Dedi ki, bir az yenidən ifa et və mən qısaca tarda çaldım, çalandan sonra orta marın əvvəlini çalanda dedi ki, “no, no” (no- yox-red). Ona bir neçə əsər çaldım, o baxdı, gördü ki, tar alətinin necə zəngin səs tempri var və necə cingildəyir. Həmin xarici vətəndaş sonda dedi ki, “bu cür tarın səsi və belə əsərləri çalan xalq, xoşbəxt xalqdır”. Bu, onun ürək sözü idi. Mən ən yadda qalan və qürurla fəxr etdiyim xatirələrdən biridir.

– Muğamı hətta xarici ölkələrdə də sevdirmisiniz. Siz özünüz tarda hansı muğamı müşaiyət edəndə Ağdamı düşünürsünüz?

– Ağdamı mənə ən çox xatırladan bir segahdır, bir də “Qarabağ şikəstəsidir” (kövrəlir və gözlərini silir- red).

Sonda sizə təşəkkürümüzü bildiririk ki, səhhətinizin narahat halında bizi qırmayıb dəvətimizi qəbul etdiniz. Əlavəniz varsa buyurun.

– Böyük vətənin içərisində kiçik bir vətənimiz var. Allah mənə qismət eləsin mənim Ağdamda həmin səs-küylü məhəllədə “Qarabağ şikəstəsi”ni ifa edim.

Bir gün də olsa gedə bilim. Amma inanmıram, çətin məslədir…

 

 

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 253
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."