REAL-dan Sərdar Cəlaloğluna reallaşması mümkünsüz cavab

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

serdarcelalogluesasNatiq Cəfərli: “İnşallah Sərdar Cəlaloğlu Nobel mükafatı alar, o zaman da biz onun fikirlərinə ciddi-ciddi cavab verərik”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mətbuata REAL hərəkatının hazırda həbsdə olan lideri İlqar Məmmədovla bağlı verdiyi açıqlamasında  bildirib ki, o, Azərbaycan siyasətində tutulmadan əvvəl də parlaq liderlik keyfiyyətlərini ortaya qoymayıb.

“Uzun müddət Etibar Məmmədovun katiblərindən biri olub. O qədər də tanınmış katib olmayıb. Siyasətdən uzaqlaşıb Amerika səfirliyinə işə gedəndən sonra yenidən deputatlığa namizəd kimi siyasətə qayıdıb. Səfirliyin yardımı ilə Amerikada təhsil alan tələbələrdən ibarət REAL təşkilatını yaradıb”.

Bu baxımdan da ADP sədrinin fikrincə, İlqar Məmmədovun təşkilatçı olması, lider olması ilə bağlı fikirlər mifdən başqa bir şey deyil: “Bizim heç birimizin haqqında belə fikirlər deyilməyib. İlqar Məmmədovun ümumiyyətlə bizim başa düşdüyümüz kimi liderlik etməyə nə əqli potensialı var, nə də onun xarakteri imkanı var ki, belə bir liderlik etsin. Müəyyən bir qrupun, belə deyək ki, Amerika Səfirliyinin nəzarəti altında olan bir qrupun lideri ola bilər. Çünki o gənclərin çoxu Amerikada təhsil alıb, müəyyən bir Qərb dəyərlərini, Amerikanın dəyərlərini mənimsəmiş adamlardır. Diqqətlə fikir versək onlar da artmır, elə bir qeyri-adi dərəcədə gücləri, potensialları da yoxdur”.

Məsələ ilə bağlı REAL Hərəkatının funksionerlərindən olan Natiq Cəfərli Yenicag.az-a açıqlamasında S. Cəlaloğluna indi yox, o Nobel mükafatına sahib olanda cavab verəcəklərini söylədi: “Sərdar Cəlaloğlunun fikirləri həmişə cəmiyyətdə qeyri-ciddi qarşılanıb. REAL isə çox ciddi təşkilatdır. Ona görə də qeyri-ciddi fikirlərə nə mənim, nə də REAL-ın ciddi cavab verməsi məncə məntiqsizlik olardı. İnşallah Sərdar Cəlaloğlu nə vaxtsa Nobel mükafatı alar, o zaman da biz onun fikirlərinə ciddi-ciddi cavab verərik”.

Elçin/Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır