!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəhbər vəzifəyə təyin olunan Olimpiya çempionu: "İdmançılarla aramızdakı səmimiyyət itməyib"

!Reklam – Yazi

Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəhbəri Fərid Mansurov Yeniçağ.az-a müsahibə verib. O, həm yığma komandalarımızın durumundan, həm də sahib olduğu vəzifəsindən danışıb.

– Sizcə 2017-ci ilə hansı idman növü daha uğurlu start verib?

– İl yeni başlayıb. Hələ Avropa çempionatları, beynəlxalq yarışlar qarşıdadır. Əsas da idmançılarımızı İslam Həmrəylik oyunları gözləyir. Düzdür, yığmalarımız bu günə qədər müxtəlif beynəlxalq turnirlərdə iştirak ediblər. Nəticələr də qənaətbəxşdir. Beynəlxalq turnirlərdə verilən nəticələrdən görürük ki, komandalarımız yaxşı çıxış edir və İslamiadaya hazırlıq mərhələsi qənaətbəxşdir.

– Bildiyimiz kimi güləş üzrə milli komandamız heyətdə gəncləşdirmə siyasəti apardı. Sizcə bu qərar uğurlu alınır?

– Bu proses mütləq olmalıdır. “Rezerv” idmançılar hazırlanmalıdır. Bütün federasiyalarda bununla bağlı işlər getməlidir. Yəni gənc idmançı “qoca” idmançını rəqabətdə sıxışdırıb, çıxartmağı bacarmalıdır. İdmançı durduğu yerdə idmandan getmir. Əgər onun gücü varsa yarışlara qatılacaq. Yaşlı idmançıdan daha güclüsü gəlməlidir ki, idman dili ilə desək – onu yola sala bilsin. Hazırda bu siyasət ləng getsə də davam edir.

– Rəqabət necədir?

– Təbii ki, hər bir idman növü üzrə Respublika çempionatları keçirilir. O çempionatlarda gənclərimiz də öz gücünü sınayır. Həmin yarışların qalibləri də beynəlxalq turnirlərdə yoxlanılır. Təkcə Respublika çempionatların nəticələri götürülmür. Çünki buradakı uğurlar təsadüfi də ola bilər. Ona görə də beynəlxalq yarışlara daha güclü idmançı göndərilir və oradakı hünərləri nəzərdən keçirilir.

– “Qoca” idmançılar dediniz. Bunlar içərisində keçmiş komanda yoldaşınız Rövşən Bayramov da var.

– Ümumiyyətlə, güləşməyi yaşla ölçmək istəməzdim. Əgər onun təpəri varsa niyə də güləşməsin. Əgər ona rəqib çıxmırsa, niyə də yarışlara qatılmasın? Bir az öncə də dediyim kimi, özündən yaşlı idmançını rəqabətdə sıxışdırıb çıxarmağı bacarmalıdırlar. Onun qarşısında duran rəqib yoxdursa, o, niyə güləşməsin?!

– Fərid bəy, bir müddətdir ki, GİN-nin İdman şöbəsinin rəhbəri postundasız. Bu vəzifəni tutduğunuz vaxtdan bu günə qədər hansısa problemlə bağlı sizə müraciət edən idmançı olub?

– Biz işdə hər kəsi qəbul edirik. Təbii ki, problemlə yaxınlaşanlar olur. Ciddi problemləri nazirlik səviyyəsində həll edirik. Amma elə probıem də var ki, sırf federasiyalarla bağlı olur. Mən bunu nazirlik işçisi kimi yox, idmançı kimi deyirəm. Buna görə də üzvü olduqları federasiyalara yaxınlaşmalıdırlar.

– Yeni vəzifəyə keçəndən sonra istər idmançılar, istərsə də mətbuatla öz aranıza məsafə qoyduz? Yəni əvvəlki səmimiyyət qorunur, ya rəsmiyyət var?

– Məncə qorunur. Ona görə sizin suallara da səmimi cavab verirəm, səmimi danışıram (gülür).
Özüm idmandan gəlmişəm. İdmançının da nə çəkdiyini yaxşı bilirəm. Bilirəm ki, bu idmanın və ya idmançının həqiqətən də problemi var. Və bu problemləri də nazirlik səviyyəsində həll etmək lazımdır. Ümumiyyətlə, bacardığım qədər hamısına kömək etməyə çalışıram.

– Güləş Federasiyasında olanda məşqlərə qatılırdız. İndi də davam edirsiz?

– İndi də arada bir zalda olanda çalışıram məşq edim. İdman bizim ayrılmaz bir hissəmiz, həyat tərzimiz olub. Buna görə də ondan tam ayrılmaq olmur.

Aygün İlqarqızı
FOTOLAR: Cəmalə Əlizadə

www.yenicag.az

826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv